Polşada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Moldovanın Baş naziri Vladimir Filat ilə görüşüb. Görüşdə Varşavada keçirilən Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitinin əhəmiyyəti vurğulandı. Bu tədbirin, eyni zamanda, ikitərəfli əlaqələrin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirildi. Siyasi münasibətlərin yaxşı səviyyədə olduğunun qeyd edildiyi görüşdə iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulandı.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM çərçivəsində əməkdaşlığı ilə bağlı məsələlər, eləcə də nəqliyyat, təhlükəsizlik, enerji sahələrində əlaqələrin inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı. Bundan başqa, qarşılıqlı səfərlərin, iş adamları arasında görüşlərin təşkil edilməsinin önəmi qeyd edildi.
Prezident İlham Əliyev sentyabrın 29-da Varşavada ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Varşavada Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin görüşü olub. Görüşdə ölkələrimizin ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın müxtəlif sahələrdə bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu. Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton ilə də görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji və digər sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Sentyabrın 29-da Varşavada "Şərq tərəfdaşlığı" sammitində iştirak edən nümayəndə heyətlərinin rəhbərləri üçün işçi şam yeməyi verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.