PDF Oxu

Siyasət

  • 14

Azərbaycan bölgədə Avropa İttifaqı üçün strateji tərəfdaşa çevrilir

Azərbaycan bölgədə Avropa İttifaqı üçün strateji tərəfdaşa çevrilir
Prezident İlham Əliyev Varşavada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitində iştirak edib
Sentyabrın 30-da Polşanın paytaxtı Varşavada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak edib. Sammitin iştirakçıları birgə foto çəkdirdilər.
Avropa İttifaqı ölkələrinin, eləcə də "Şərq tərəfdaşlığı" proqramına üzv olan ölkələrin dövlət və hökumət başçılarının iştirak etdiyi sammiti hazırda təşkilata sədrlik edən Polşanın Baş naziri Donald Tusk giriş sözü ilə açaraq qonaqları salamladı, "Şərq tərəfdaşlığı" proqramının əhəmiyyəti haqqında danışdı.
Bildirildi ki, sammitin keçirilməsində əsas məqsəd "Şərq tərəfdaşlığı" ölkələrinin Avropaya inteqrasiyasının sürətləndirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsidir.
Bir çox vacib ikitərəfli görüşlərin keçirilməsi baxımından da
əhəmiyyətli olan sammitdə əməkdaşlığın siyasi və iqtisadi aspektləri, prioritet proqramlar, Avropanın maliyyə institutları ilə əməkdaşlıq, viza rejimi və digər məsələlər ətrafında müzakirələr aparıldı.
Sonra Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitində birgə bəyannamə qəbul edildi. İki ildən bir təşkil edilən "Şərq tərəfdaşlığı" sammiti ilk dəfə 2009-cu il mayın 7-də Çexiyanın paytaxtı Praqada keçirilmişdir. "Şərq tərəfdaşlığı" Proqramı da məhz həmin sammitdə qəbul edilmişdir. "Şərq tərəfdaşlığı" təşəbbüsü 2008-ci il mayın 26-da Avropa İttifaqının Ümumi Məsələlər və Xarici Əlaqələr Şurasında Polşa və İsveç tərəfindən irəli sürülmüşdür.
Prezident İlham Əliyev Maltanın Baş naziri Lourens Qonzi ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Varşavada Maltanın Baş naziri Lourens Qonzi ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.
Səfər başa çatdı
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşa Respublikasına işgüzar səfəri başa çatıb. Varşavanın "Şopen" Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Polşanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri yola saldılar.
X X X
Həmin gün Prezident İlham Əliyev Bakıya qayıtmışdır. Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

Digər xəbərlər