PDF Oxu

Siyasət

  • 6

Son 15 ildə Azərbaycana 100 milyard dollar investisiya qoyulub

Son 15 ildə Azərbaycana 100 milyard dollar investisiya qoyulub

Oktyabrın 3-də Bakının mərkəzində yerləşən "Hilton Baku" otel kompleksinin açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu. Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, son illər Azərbaycana turist axınının sürətli artımı müşahidə olunmaqdadır. 2011-ci ilin ölkəmizdə "Turizm ili" elan olunması bu sahənin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açıb. Müasirləşən ölkəmizdə yüksək səviyyəli xidməti ilə seçilən mehmanxana komplekslərinin inşası geniş vüsət alıb. "Hilton" otellər şəbəkəsi və onun sahibi "Hilton Worldwide" şirkəti 92 ildir biznes və istirahət məqsədilə səyahətə çıxan şəxslərə ən gözəl mehmanxanalar, xidmətlər, istirahət zonaları təklif edir. Özünün qlobal brendləri vasitəsilə qonaqlar yüksək xidmət ənənəsini davam etdirən "Hilton Worldwide" şirkətinin brendləri 84 ölkədə 3750 mehmanxanadan və 615 min otaqdan ibarətdir. Azərbaycanın paytaxtında inşa olunan "Hilton Baku" oteli də şirkətin xidmət sahəsində daha bir nailiyyətidir. Heydər Əliyev Beynəlxalq Aeroportundan 24 kilometr məsafədə yerləşən "Hilton Baku" otel kompleksi müasir dizaynı ilə seçilir. Otelin inşasında beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə ərazi ilə tanış oldular. Dövlətimizin başçısı burada "Şəkər-Lanç" və 200 nəfərlik "Silantro" restoranları ilə tanış oldu. Qeyd edildi ki, restoranlarda müştərilərə milli və dünyanın tanınmış mətbəxlərinin ləziz yeməkləri təqdim olunacaq.

Otelin 25-ci mərtəbəsindəki şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada bir saat ərzində 360 dərəcə fırlanan dairəvi istirahət yeri yaradılıb. Burada qonaqlara müxtəlif iaşə xidmətləri göstəriləcək. İlin isti aylarında qonaqların açıq havada istirahəti üçün lazımi şərait yaradılmış kompleksin ən yuxarı mərtəbəsindən Bakının mənzərəsini seyr etmək mümkündür. Xəzər dənizinə açılan mənzərə isə xüsusilə diqqəti cəlb edir. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, otelin 24-cü mərtəbəsində "Skay-Qrill" restoranı fəaliyyət göstərəcək. Bildirildi ki, otel kompleksində 2,5 min kvadratmetr sahəsi olan SPA və Fitnes Mərkəzində örtülü hovuz, masaj hovuzu, türk hamamı, 8 müalicə otağı, VİP SPA otağı yaradılıb. İdman mərkəzindəki bütün avadanlıqlar ABŞ-dan gətirilib.

Müasirliyi ilə diqqəti cəlb edən mərkəzdə ən yüksək şərait yaradılıb. "Hilton Baku" otel kompleksinin SPA və Fitnes Mərkəzi buraya müraciət edəcək hər bir kəsdə zəngin təəssürat doğuracaq, onlara mənalı istirahət bəxş edəcək. Otel simsiz internet şəbəkəsi ilə təmin edilmiş, fərdi kondisioner sistemi, fərdi seyflər və birbaşa çıxışlı telefon şəbəkəsi qurulub.. Prezident İlham Əliyev otelin kollektivi ilə görüşdü, onları salamlayaraq bildirdi ki, "Hilton" otellər şəbəkəsinin Azərbaycanda fəaliyyətə başlaması da çox əlamətdar bir hadisədir və onu göstərir ki, ölkəmiz sürətlə inkişaf edir, ölkəmizin xidmət sektoru da inkişaf edir: "Sizi "Hilton" otelinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Çox şadam ki, şəhərin mərkəzində çox gözəl, müasir otel tikilib istifadəyə verilib. "Hilton" otellər şəbəkəsinin Azərbaycanda fəaliyyətə başlaması da çox əlamətdar bir hadisədir və onu göstərir ki, ölkəmiz sürətlə inkişaf edir, ölkəmizin xidmət sektoru da inkişaf edir. Belə məşhur otellər şəbəkəsinin Azərbaycanda fəaliyyətə başlaması özlüyündə bir göstəricidir.

Mən çox şadam ki, Bakının mərkəzində yerləşən bu oteldə bütün şərait yaradılıbdır. Buna heç şübhəm də yox idi, çünki "Hilton" dünya şöhrətli bir brenddir və təbii ki, bu hoteldə ən yüksək səviyyə tətbiq olunur. Otel çox böyük zövqlə tikilibdir. Həm istirahət etmək, qalmaq, eyni zamanda, müxtəlif tədbirlər keçirmək üçün bütün şərait vardır. Bu otelin yaradılması əlbəttə ki, Azərbaycanın inkişafına investorların inamının təzahürüdür. İndi Azərbaycanda müxtəlif sahələrə böyük investisiyalar qoyulur, sənayenin inkişafı sürətlə gedir. Mən çox şadam ki, xidmət sektoruna da böyük həcmdə investisiyalar qoyulur. Otellərin yaradılması, eyni zamanda, onu göstərir ki, Azərbaycana xaricdən gələn turistlərin marağı, ölkəmizin tarixi, mədəniyyəti ilə tanış olmaq üçün gələnlərin sayı artır və qonaqları yaxşı qəbul etmək üçün indi bütün imkanlarımız vardır.

Son dövrlərdə bütövlükdə Azərbaycanda - Bakıda və bölgələrdə yeni gözəl otellərin tikintisi baş verir. Təkcə Bakı şəhərində bu il və gələn il beşulduzlu 6 otel fəaliyyətə başlayır və onların içində ikinci otel "Hilton"dur. Bundan sonra hələ 4 otel də açılacaq və əlbəttə bu, Prezident kimi məni çox sevindirir. Ancaq bu, otellər arasında rəqabətin güclənməsinə və nəticə etibarilə burada qalan turistlər, qonaqlar üçün daha da yaxşı şəraitin yaradılmasına gətirib çıxaracaqdır. Çünki hər bir ölkənin inkişafı üçün bütün sahələrdə sağlam rəqabət çox vacib rol oynayır.

Azərbaycana investisiyaların cəlb edilməsi işində dövlətimiz son illər ərzində çox böyük işlər görübdür. Təkcə keçən il ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Son 15 il ərzində isə Azərbaycana 100 milyard dollar investisiya qoyulmuşdur və son illər ərzində daxili investisiyalar xarici investisiyaları üstələyir. Xüsusi əhəmiyyət kəsb edən odur ki, təkcə neft-qaz sektoruna deyil, qeyri neft-qaz sektoruna - xidmət sektoruna investisiyalar qoyulur və "Hilton" otelinin fəaliyyətə başlaması dediyim sözlərin təsdiqidir. Mən ümid edirəm ki, gələcəkdə Azərbaycanda - həm Bakıda, həm bölgələrdə inkişafla bağlı konkret layihələr icra ediləcək, öz həllini tapacaqdır." "İSR Holdinq" şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi inkişafın mühüm nəticələr verdiyini vurğuladı. Son illərdə ölkəmizdə beşulduzlu mehmanxanaların istifadəyə verilməsinin Azərbaycanda qeyri-neft sektorunun inkişafını göstərən mühüm amil olduğunu bildirən İsgəndər Xəlilov bildirdi ki, "Hilton Baku" oteli möhtərəm Prezidentimiz cənab İlham Əliyevin irəli sürdüyü iqtisadi siyasətin, islahatların həyata keçirilməsi nəticəsində ərsəyə gəlib. Sonda xatirə şəkli çəkdirildi. Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, bir daha kollektivə uğurlar arzuladı.

Digər xəbərlər