Ötən il Azərbaycanda bütövlükdə 50,7 mln. ton neft və 26 mlrd. kub m. qaz hasil olunub. Nəticədə, 1997-ci ilə nisbətən neft hasilatı 5,6 dəfə, 2004-cü ilə nisbətən qaz hasilatı 5,2 dəfə artıb. Ölkədə istehsal olunan təbii qazın həcmi sürətlə artmasından və yeni böyük yataqların kəşf olunmasından sonra qazın nəqli ilə bağlı müzakirələr daha da intensivləşib. Son vaxtlar region ölkələrinin gündəmində olan məsələlərdən biri də Xəzər qazının Avropaya hansı marşrutla nəql olunacağı ilə bağlıdır.
Son 7 il ərzində Azərbaycanda qaz hasilatının həcmi 5 dəfədən çox artıb
ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev Bakıda keçirilən 3-cü "Gas Infrastructure World Caspian" konfransında bildirib ki, yeni yataqların kəşf olunması ilə Azərbaycanın qaz potensialı artır: "Ötən il "Ümid" qaz-kondensat yatağı açılıb. Bu yaxınlarda isə Xəzərin Azərbaycan sektorunda "Abşeron" qaz-kondensat yatağının kəşf edildiyi elan edilib, həmçinin, "Naxçıvan" və "Babək" perspektivli strukturlarının (ehtimal olunan qaz ehtiyatları 400 milyard kubmetr, kondensat 80 milyon ton) işlənməsi ilə bağlı planlar mövcuddur.
R.Abdullayevin sözlərinə görə, Azərbaycanın iri qaz ölkəsinə çevrilməsində "Şahdəniz" yatağı mühüm rol oynayıb, onun qaz ehtiyatları 1,2 trilyon kubmetr, kondensat isə 240 milyon tondan artıqdır. R.Abdullayev bildirib ki, hazırda birinci mərhələ çərçivəsində yataqda sutkalıq qaz hasilatı 23 milyon kubmetr, kondensat isə 5 min ton təşkil edir. İkinci mərhələ çərçivəsində 16-17 milyard kubmetr qaz isə 2017-ci ildə əldə olunacaq.
ARDNŞ rəhbəri, həmçinin, ölkədə qaz hasilatının artım tendensiyasını qeyd edib. 2004-cü ildən 2010-cu ilədək qaz hasilatının həcmi 5 milyard kubmetrdən 26 milyard kubmetrədək artıb: ""Azəri-Çıraq-Günəşli" yataqları blokunda dərin qaz laylarının işlənməsi üzrə müqavilənin razılaşdırılması prosesi başa çatmaq üzrədir.
Proqnozlara görə, burada qaz ehtiyatları 300 milyard kubmetr həcmində qiymətləndirilir. Bununla əlaqədar Azərbaycanda qaz hasilatı 2017-18-ci illərədək 30 milyard kubmetr səviyyəsində, 2025-ci ilədək isə 50 milyard kubmetr səviyyəsində qiymətləndirilir".
ARDNŞ-dən "İki sahil"ə verilən məlumata görə, "Ümid" perspektiv dəniz strukturunun ehtiyatları 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat təşkil edir. "Babək" strukturu isə "Ümid"dən 2 dəfə böyükdür, burada qaz ehtiyatları 400 mlrd. kubmetr, kondensat isə 80 mln. tondur. Bu ilin sonunda "Babək"də 3D seysmik işlərinə başlanacaq. Həmçinin, hazırda "Abşeron"da axtarış quyusu qazılır, quyunun layihə dərinliyi 7 min metr təşkil edir.
"Şəfəq-Asiman" blokunda isə 2 kəşfiyyat quyusu qazılacaq, seysmik işlərə 2011-ci ilin sentyabr ayında başlanacaq. Quyunun layihə dərinliyi 7 min metrdir. Bu strukturun ehtiyatları 500 mlrd. kubmetr qaz və 65 mln. ton kondensat təşkil edir. "Naxçıvan" strukturunda 1 kəşfiyyat quyusu qazılacaq, dərinliyi 6500 metr olacaq. Buranın ehtiyatları 300 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat təşkil edir.
Yeni qaz yataqlarının istismarı nəticəsində ölkənin təbii qazla təminatı gücləndirilir
Hazırda Azərbaycanın zəngin qaz ehtiyatları müxtəlif yollarla dünya bazarlarına çatdırılır və ixrac həcmi getdikcə artır. Dövlət başçısı bu sahədə perspektiv planlara da toxunaraq deyib: "Biz elə etməliyik ki, zəngin qaz ehtiyatlarımızdan maksimum dərəcədə səmərəli şəkildə istifadə edək, yaxın gələcəkdə hasilatın həcmini artıraq.
Bunu etmək üçün, şübhəsiz, bizim üçün mövcud olan bazarlarda qazımızın həcmini artırmalıyıq və yeni bazarlara çıxmaq üçün çalışmalıyıq. Hazırda müxtəlif ölkələrlə ikitərəfli danışıqlar gedir və əlbəttə, Avropa Birliyi ilə Azərbaycan arasındakı əlaqələr, imzalanmış sənədlər bu məsələnin həlli üçün mühüm addım olacaqdır".
Ümumiyyətlə, Azərbaycanda mövcud qaz yataqları və yeni kəşf olunan yataqlardan böyük həcmdə mavi yanacaq əldə edilməsi gözlənilir. Bu da ölkəmizin bütün əhalisinin yaxın vaxtda təbii qazla təmin ediləcəyinə və Avropaya qaz ixracında böyük mənbəyə çevrilməyə imkan yaradacaq.
Təbii ki, qaz istehsalı yalnız ixrac üçün reallaşdırılmır. Yeni qaz yataqlarının istismarı və istehsalın artması nəticəsində ölkənin təbii qazla təminatı gücləndirilir. Hazırda bütün ölkədə qazlaşdırma prosesi gedir. Demək olar ki, hər həftə hansısa bir yeni kənd qazlaşdırılır. Bütün infrastruktur yenidən qurulur, gözlənilir ki, növbəti 2 il ərzində ölkədə qazlaşdırma ilə bağlı əsas məsələlər öz həllini tapacaq.
Elçin Bayramlı