Azərbaycan regionun aparıcı dövlətlərindən olmaqla, transmilli layihələrin fəal iştirakçısıdır
Prezident İlham Əliyev oktyabrın 5-də Sənayeçilərvə Sahibkarlar Beynəlxalq Konqresinin işgüzar konfransının iştirakçılarına məktub ünvanlayıb. İştirakçıları konfransın işə başlaması münasibətilə təbrik edən dövlətimizin başçısı qeyd edib ki, 1992-ci ildə yaradılmış Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi bu gün müəssisələrin iqtisadi və sənaye potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərən təşkilata çevrilib.
Məktubda vurğulanır: "İşgüzar konfransın keçirildiyi bu günlərdə Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü geniş qeyd olunur. Müstəqillik illərində siyasi və iqtisadi islahatları uğurla həyata keçirən Azərbaycan regionun aparıcı dövlətlərindən olmaqla, transmilli layihələrin fəal iştirakçısıdır.
Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri də sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılmasıdır. Bu istiqamətdə qəbul edilmiş müxtəlif dövlət proqramları uğurla icra olunmaqdadır. Təsadüfi deyildir ki, hazırda ölkədə ümumi daxili məhsulun 80 faizinin çoxu özəl bölmənin payına düşür və qarşıda duran bir çox vəzifələrin həyata keçirilməsində sahibkarların rolu artmaqdadır". Sahibkarlığın inkişafında iş adamlarının beynəlxalq əlaqələrinin genişləndirilməsinin, onların birlikləri arasında əməkdaşlığın dərinləşdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Prezident İlham Əliyev Bakıda keçirilən işgüzar konfransın bu məsələlərin müzakirəsi üçün gözəl fürsət və gələcək fəaliyyətə möhkəm zəmin yaradacağına əminliyini bildirib. Dövlətimizin başçısı konfransın işinə uğurlar arzulayıb.