PDF Oxu

Siyasət

  • 4

Azərbaycanda aparılan siyasi-iqtisadi islahatların əsas məqsədi vətəndaşların daha yaxşı yaşamasıdır

Azərbaycanda aparılan siyasi-iqtisadi islahatların əsas məqsədi vətəndaşların daha yaxşı yaşamasıdır

Oktyabrın 10-da Bakıda, "Gülüstan" sarayında "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Beynəlxalq Humanitar Forum öz işinə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində və birinci plenar iclasında iştirak ediblər.

Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Beynəlxalq Forumda iştirak etmək üçün dünyanın müxtəlif qitələrindən Bakıya gəlmiş ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərləri deyirlər ki, Forum son dərəcə maraqlı və məzmunlu olacaq.

Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən ikigünlük Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində plenar iclaslardan başqa yeddi paneldə "İnkişafın iqtisadi modellərinin humanitar aspektləri", "Dünyanı dəyişdirən müasir texnologiyalar", "Postmodernist mədəniyyətdə ənənəvi dəyər sistemləri", "Biotexnologiyalar və etika problemləri", "Multikulturalizm: nailiyyətlər və problemlər", "Sosial jurnalistika və yüksək texnologiyalar", "Elmlərin konvergensiyası" mövzularında diskussiyalar aparılacaqdır. Forum iştirakçıları müasir inkişaf mərhələsində bəşəriyyəti narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektlərini müzakirə edəcəklər.

Forumun işində 20-dən çox ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimai xadimlər iştirak edirlər.

Dövlətimizin başçısı Forumun açılışında çıxış etdi.

Prezident İlham Əliyev Forumun keçirilməsi ilə bağlı Azərbaycan və Rusiya ziyalılarının irəli sürdüyü təşəbbüsün iki ölkənin dövlət başçıları tərəfindən dəstəkləndiyini dedi. Dövlətimizin başçısı bu Forum çərçivəsində aparılacaq fikir mübadiləsinin humanitar sahədə əməkdaşlığın genişlənməsinə yeni töhfələr verəcəyini qeyd etdi.

"2008-ci ildə humanitar əməkdaşlıqla bağlı başlayan Bakı prosesi uğurla inkişaf edir və növbəti illərdə bu proses davamlı olacaq", - deyən Prezident İlham Əliyev 2009-cu ildə ölkəmizdə İslam Əməkdaşlığı Təşkilatının üzvü olan ölkələrin toplantısının, 2010-cu ildə Bakıda Dünya Dini Liderlərinin Zirvə Görüşünün keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, bu tədbirlər sivilizasiyalararası dialoqun möhkəmlənməsinə dəyərli töhfə vermişdir. Cari ilin aprelində Bakıda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də əlamətdar hadisə kimi tarixə düşmüşdür. Beynəlxalq Humanitar Forum isə bundan sonrakı arzuların reallığa çevrilməsində mühüm rol oynayacaqdır.

"Azərbaycanın coğrafi vəziyyəti ölkəmizin inkişafına da təsir edib və bizim gücümüz birliyimizdədir", - deyən dövlətimizin başçısı ölkəmizdə müstəqillik dövründə yaşanan sabitlik və dostluq ab-havasının Azərbaycanı daha da gücləndirdiyini dedi. Prezident İlham Əliyev bildirdi ki, ölkədə aparılan siyasi-iqtisadi islahatların məqsədi Azərbaycan vətəndaşlarının daha yaxşı yaşamasıdır. Azərbaycanda tərəqqinin humanitar sektorun da inkişafına təsir göstərdiyini deyən dövlətimizin başçısı bu sahədə təhsil sektorunda aparılan islahatların və "qara qızıl"ı insan kapitalına çevirmək ideyasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev vurğuladı ki, münaqişə nəticəsində ölkəmizə xeyli maddi-mənəvi zərbə vurulmuş, 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT-nin və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, bu qərarların həyata keçirilməsi hələ də mümkün olmamışdır. Qaçqınların sayına görə Azərbaycan dünyada birinci yerdədir. "Amma ölkəmizin əldə etdiyi uğurlar bizi daha da ruhlandırır", - deyən dövlətimizin başçısı Azərbaycanın dünyada olan siyasi və iqtisadi təşəbbüslərinin xalqımızın daha yaxşı yaşamasına xidmət etdiyini və qonşu ölkələrlə əlaqələrin güclənməsi məqsədi daşıdığını bildirdi.

"Bundan sonra çalışaq ki, xalqlararası münasibətlər daha da güclənsin, bu, zərurətdir", - deyən Prezident İlham Əliyev bildirdi ki, cəmiyyətdən gələn sifariş onu diktə edir ki, bu sahədə daha çox işləmək lazımdır. Dövlətimizin başçısı multikulturalizm ənənələrinin cəmiyyətdə daha dərin kök salmasının vacibliyini diqqətə çatdırdı.

Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Forumun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq etdi. Bakı Forumunun dünya elitasının diqqət mərkəzində olduğunu deyən Sergey Narışkin Forumun plenar iclaslarında və panellərdə müzakirə ediləcək mövzuların aktuallığına toxundu. Sergey Narışkin Rusiya Prezidenti Dmitri Medvedevin Forum iştirakçılarına təbrik məktubunu oxudu. Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl dedi ki, dünyada baş verən bir çox hadisələr insan həyatına təsirsiz ötüşmür və odur ki, humanitar məsələlərlə bağlı bütün təşəbbüslər təqdirəlayiqdir. Bakı kimi gözəl şəhərdə yenidən olmaqdan məmnunluğunu ifadə edən Süleyman Dəmirəl dövlət müstəqilliyimizin bərpa edilməsinin 20-ci ildönümü ərəfəsində Bakıya gəlməkdən şad olduğunu bildirdi. Ötən illər ərzində Azərbaycanın inkişaf etdiyini və güclü icmanın üzvünə çevrildiyini deyən Türkiyənin IX Prezidenti bütün bunların xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətləri sayəsində mümkün olduğunu, "iki dövlət, bir millət" ideyasının son 20 ildə Türkiyə-Azərbaycan əməkdaşlığında mühüm əhəmiyyət daşıdığını bildirdi.

Birləşmiş Ştatların Azərbaycandakı səfiri Mətyu Brayzə ABŞ-ın sabiq Prezidenti Bill Klintonun Forum iştirakçılarına təbrik məktubunu oxudu. Bill Klinton məktubunda Prezident İlham Əliyevə və Dmitri Medvedevə bu təşəbbüsə verdikləri dəstəyə görə minnətdarlıq etmişdir.

Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu isə diqqəti ən böyük humanitar çağırış kimi birgə yaşayışa çəkdi. Bildirdi ki, mədəniyyətlərarası dialoqun təşviqi indi dünyada ən çox ehtiyac duyulan prinsiplərdən biridir və bununla bağlı planların həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.

UNESCO-nun baş direktorunun kommunikasiya və informasiya məsələləri üzrə müavini Yanes Karklins Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun təşkilinə görə təşkilatın baş direktoru İrina Bokovanın təşəkkürlərini Prezident İlham Əliyevə çatdırdı.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri isə Bakıda tez-tez beynəlxalq tədbirlərin keçirilməsini Azərbaycanın və Prezident İlham Əliyevin dünyadakı nüfuzlu mövqeləri ilə əsaslandırdı. Bildirdi ki, bu, həm də Azərbaycanda demokratiyanın inkişafına və insan hüquqlarına olan hörmətin təzahürüdür. Çıxışlardan sonra Forumda iştirak edən nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər bu cür mötəbər prosesə verdiyi dəstəyə görə bir daha Prezident İlham Əliyevə minnətdarlıqlarını çatdırdılar. Sonda xatirə şəkli çəkdirildi.

Digər xəbərlər