PDF Oxu

Siyasət

  • 10

Bakıda dahi bəstəkar Volfqanq Motsartın abidəsinin açılış mərasimi olub

Bakıda dahi bəstəkar Volfqanq Motsartın abidəsinin açılış mərasimi olub

Oktyabrın 12-də Bakının mərkəzində dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən olan Volfqanq Amadeus Motsartın xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer mərasimdə iştirak ediblər.

Məlumat verildi ki, müəllifləri Xalq Rəssamı, heykəltəraş Natiq Əliyev və Əməkdar İncəsənət Xadimi, memar-rəssam Çingiz Fərzəliyev olan abidənin ətrafı abadlaşdırılmış, 2 min 300 kvadratmetr ərazidə bağ salınmış, sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılmışdır. Avstriyanın dövlət başçısı Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşdü, onlarla söhbət etdi.

Prezident İlham Əliyev və Prezident Haynts Fişer abidənin üzərindəki örtüyü götürdülər, önünə gül dəstəsi qoydular.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib. Prezident İlham Əliyev bildirdi ki, bu gün Avstriya-Azərbaycan əlaqələrinin tarixində çox gözəl və unudulmaz bir gündür. Əlaqələrimizin tarixində birinci dəfədir ki, Avstriya Prezidenti Azərbaycana səfər edir və bu, əlbəttə, əlaqələrimizin tarixində xüsusi yerə malik olan bir hadisədir: "Bu gün, eyni zamanda, ona görə unudulmaz bir gün olacaq ki, biz dünya şöhrətli bəstəkar, dahi Avstriya bəstəkarı Volfqanq Amadeus Motsartın abidəsini bərabər açdıq. Şəhərimizin mərkəzində, bu gözəl parkda dahi Motsartın abidəsi ucaldılıbdır. Bu gözəl hadisə münasibətilə mən sizin hamınızı ürəkdən təbrik edirəm. Motsartın ölməz əsərləri bu gün yaşayır və əbədi yaşayacaqdır. Onun istedadını yəqin ki, sözlərlə ifadə etmək mümkün deyildir. Amma mən hesab edirəm ki, musiqi sənətinə o qədər də bələd olmayan və musiqidən uzaq olan insanlar da Motsartın əsərlərini sevirlər. Çünki başqa cür mümkün deyildir. Avstriya xalqı xoşbəxtdir ki, onun Motsart kimi dahi şəxsiyyəti vardır. Azərbaycanda musiqi sənəti çox dərin köklərə malikdir və Motsart Azərbaycanda çox sevilir.

Bu gün bu abidənin açılışı, eyni zamanda, Avstriya-Azərbaycan dostluğunun bir rəmzidir. Ancaq dost olan ölkələrdə başqa ölkənin görkəmli şəxsiyyətinə abidələr ucaldılır. Biz çox şadıq ki, bir müddət bundan əvvəl dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Vyanada abidəsi açılmışdır. Bu addımların çox böyük mənası vardır və ölkələrimizi, xalqlarımızı birləşdirən bir təşəbbüsdür. Üzeyir Hacıbəyli Azərbaycanın dövlət himninin müəllifidir və eyni zamanda, Azərbaycanın klassik musiqisinin banisidir. Mən çox şadam ki, onun əsəri Vyanada səhnəyə qoyulmuşdur. Bu gün dahi Motsartın abidəsinin Bakıda ucaldılması həm Azərbaycan xalqının dahi şəxsiyyətin xatirəsinə olan hörmətinin əlamətidir, eyni zamanda, Avstriya-Azərbaycan dostluğunun inkişafı üçün çox vacib bir hadisədir. Mən hesab edirəm ki, bu park Avstriyanın bir parçası kimi Bakı sakinləri tərəfindən də yüksək qiymətləndiriləcəkdir."

Avstriya Prezidenti Haynts Fişer çıxış edərək deyib ki, Motsart elə şəxsiyyətdir ki, ona bütün dünyada hörmət edirlər:

"Çox hömətli cənab Prezident! Çox hörmətli xanımlar və cənablar!

Əvvəlcə icazə verin cənab Prezidentə çox yüksək və dostluq ruhunda söylədiyi sözlərə görə təşəkkür edim. Eyni zamanda, bizim üçün çox sevindiricidir ki, belə bir tanınmış publikanın qarşısında toplaşmışıq, mənim səfərim və keçirdiyim görüşlər barədə fikir mübadiləsi aparırıq, Avstriya haqqında belə xoş sözlər səsləndirilir.

Əlbəttə, belə rəsmi səfərlərdə, xüsusilə dost ölkələrdən nümayəndə heyətləri dövlət səfərinə gələrkən siyasi və iqtisadi məzmunda mövzular gündəmdə ön planda dayanır. Eyni zamanda, mənim üçün çox sevindiricidir ki, mədəniyyətə ayrıca mövzu həsr olunub. Yəni, tanınmış şəxsiyyət Volfqanq Amadeus Motsartın şərəfinə Bakının mərkəzində belə bir abidə ucaldılmışdır. Siz çox haqlısınız ki, Motsart elə şəxsiyyətdir ki, ona bütün dünyada hörmət edirlər, avstriyaylılar xüsusilə fəxr edirlər. Siz çox haqlı olaraq qeyd etdiniz ki, bir müddət əvvəl Vyanada sizin dövlət himninin müəllifi dahi bəstəkar Hacıbəyliyə abidə ucaldılmışdır. Eyni zamanda, Avstriya üçün böyük xidmətləri olan dahi musiqiçi Motsarta Bakıda abidə ucaldılmışdır. Cənab Prezident, mən Sizi əmin etmək istəyirəm ki, bu gün heç vaxt mənim hafizəmdən silinməyəcəkdir. Bilirsiniz nəyə görə? Ona görə ki, bu abidənin açılışı müstəqilliyinizin 20 illiyindən bir neçə gün əvvəl baş vermişdir. Əgər mən nə vaxtsa tarixi dəyişik salaramsa bu gün nə vaxt olubdur, onda fikirləşəcəyəm ki, bu gün Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinin bərpasından bir neçə gün əvvəl olmuşdur. Beləcə tarix mənim yadıma düşəcəkdir. Cənab Prezident, Siz nəinki layiqli bir yer seçmisiniz, eyni zamanda, ideal bir tarix seçmisiniz. Bunlarının hər ikisinin üst-üstə düşməsi gözəl bir hadisədir. Təşəkkür edirəm."

Digər xəbərlər