Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin iştirakı ilə Azərbaycan-Avstriya biznes forumu keçirilib.
Forum iştirakçıları Azərbaycan və Avstriya prezidentlərini hərarətlə qarşıladılar Azərbaycan Prezidenti İlham Əliyev forumda çıxış edərək bilirib ki, bu günkü səfər Avstriya-Azərbaycan əlaqələrinin tarixində Avstriya Prezidentinin Azərbaycana birinci səfəridir və bu səfər tarixi xarakter daşıyır. Prezident bildirib ki, Avstriya-Azərbaycan əlaqələrində çox müsbət irəliləyiş vardır və bu əlaqələr hazırda ən yüksək səviyyədədir. Siyasi əməkdaşlıq və beynəlxalq təşkilatlarda əməkdaşlığımız, siyasi əlaqələrin güclü olması istər-istəməz bütün başqa sahələrə də müsbət təsir göstərir:
"Bu gün bütün başqa məsələlərlə bərabər, biz Sizinlə iqtisadi sahədə əməkdaşlıq haqqında geniş fikir mübadiləsi apardıq. Mən hesab edirəm ki, bu sahədə əldə edilmiş uğurlar və yaxşı nəticələr bizi ruhlandırır, gələcək əməkdaşlığa sövq edir. Avstriya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Ölkələrimiz arasında ticarət dövriyyəsi çox böyük olmasa da, Avstriya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərməsi çox müsbət bir haldır. Avstriya şirkətləri ölkəmiz üçün çox vacib olan infrastruktur və tikinti layihələrində çalışırlar. Onların fəaliyyəti təqdirəlayiqdir, onlar işləri yüksək keyfiyyətlə görürlər. Bütün kontrakt şərtlərinə əməl edilir və Azərbaycanda böyük quruculuq işlərinin aparılmasında Avstriya şirkətləri bizə dəstək olurlar. Eyni zamanda, Azərbaycan da xarici sərmayə üçün çox əlverişli bir yerdir. Bizdə çox gözəl investisiya mühiti hökm sürür. Xarici sərmayələr qoyulur və birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Deyə bilərəm ki, son 15 il ərzində ölkə iqtisadiyyatına 100 milyard dollar sərmayə qoyulmuşdur və onun böyük hissəsi daxili sərmayədir. Amma kifayət qədər böyük hissə də xarici sərmayələrdir.
Xarici sərmayələr Azərbaycanda lazımınca qorunur. Biz bütün kontraktlara böyük hörmətlə yanaşırıq və hesab edirik ki, etimadı qazanmaq üçün məhz əldə edilmiş razılaşmalara hörmətlə yanaşılmalıdır. Ölkəmizin hərtərəfli inkişafı üçün əlbəttə ki, xarici investisiyaların cəlb edilməsi vacibdir. Halbuki deyə bilərəm ki, indiki mərhələdə əvvəlki dövrdən fərqli olaraq, Azərbaycana qoyulan sərmayənin böyük hissəsi daxili mənbələr - həm dövlət, həm özəl sektor hesabına formalaşır. Azərbaycanda investisiya mühiti çox müsbətdir.
Hazırda ümumi daxili məhsulun 80 faizi özəl sektorda formalaşır, genişmiqyaslı özəlləşdirmə siyasəti aparılmışdır. Özəl sektorun inkişafı üçün dövlətimiz də çox böyük işlər görür, həm yardımlar edir, həm də ki, siyasi dəstək də yüksək səviyyədədir. Yəni, Azərbaycan iqtisadiyyatı bazar prinsipləri ilə tənzimlənir. Bu, azad iqtisadiyyatdır, dünyaya açıq iqtisadiyyatdır və deyə bilərəm ki, artıq güclü iqtisadiyyatdır. Hətta dünyanı bürümüş maliyyə və iqtisadi böhran Azərbaycana o qədər də böyük təsir göstərməmişdir. Ən çətin böhranlı illərdə - 2-3 il bundan əvvəl iqtisadiyyatımız artım templərini itirməmişdir. Biz indi iqtisadiyyatın qeyri-neft sektoruna daha çox üstünlük veririk. Bizim prioritetimiz bundan ibarətdir və ölkə iqtisadiyyatının enerji amilindən asılılığını azaltmaq üçün konkret tədbirlər görülür. Qeyri-neft sektorunun inkişafı üçün Avstriya şirkətləri Azərbaycanda bizimlə bərabər yaxşı işləyirlər və gələcəkdə də işləyə bilərlər. Ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı konkret tədbirlər görülür. Biz bu gün, eyni zamanda, enerji əməkdaşlığı haqqında geniş danışdıq. Enerji siyasəti Azərbaycan üçün çox önəmlidir. İndiki mərhələdə enerji siyasətimiz və strategiyamız təkcə Azərbaycan üçün deyil, bölgə üçün, Avropa üçün də əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə etibarlı tərəfdaş kimi özünü artıq göstəribdir. Bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi üzrə bəyannamə qəbul edilmişdir, işçi qrupu yaradılmışdır, işlər başlamışdır. Azərbaycan zəngin neft-qaz ehtiyatlarına malik olan ölkə kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz rolunu oynayır və əminəm ki, gələcəkdə daha da fəal rol oynayacaqdır." Avstriya Prezidenti Haynts Fişer biznes-forumda çıxış edərək bildirib ki, ölkəsi Azərbaycanla iqtisadi tərəfdaşlığı böyük önəm verir: "Siz, eləcə də bizim "Nabukko"ya aid mövqeyimizə açıqsınız. Zənnimcə, biz növbəti mərhələdə atacağımız addımlara daha çox aydınlıq gətirməliyik ki, hər iki tərəf üçün sərfəli vəziyyət yaransın, bunun həm Azərbaycana, həm Avstriyaya, həm də Avropaya xeyri olsun. Bunun uğurla həyata keçirilməsi üçün hansı addımların atılmasının lazım olması barədə biz bu gün danışıqlar aparmışıq. Azərbaycan bu gün Avstriyanın Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşıdır. Əlbəttə, burada qaz da çox böyük əhəmiyyət kəsb edir. Qaz enerji daşıyıcısıdır və bu, növbəti onilliklərdə Avropa üçün daha da əhəmiyyətli olacaqdır."