PDF Oxu

Siyasət

  • 10

Azərbaycan böyük qaz potensialına malikdir

Azərbaycan böyük qaz potensialına malikdir

Oktyabrın 12-də Azərbaycan-Avstriya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin mətbuat konfransı olub. Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər. Avstriyanın dövlət başçısını ölkəmizdə görməkdən bir daha məmnun olduğunu vurğulayan prezident İlham Əliyev deyib ki, Azərbaycan tərəfi bu səfərə böyük əhəmiyyət verir, çünki bu, Avstriya Federal Prezidentinin ölkəmizə ilk səfəridir.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avstriya dövlətinin başçısına məlumat verdiyini qeyd edən prezident İlham Əliyev deyib ki, BMT və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistan məsələnin həllində qeyri-konstruktivlik göstərməkdə davam edir.

Dövlət başçısı ümidvar olduğunu bildirib ki, yaxın vaxtlarda münaqişə həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək.

Prezident İlham Əliyev vurğulayıb ki, ölkələrimiz arasında iqtisadi münasibətlər inkişaf edir və hazırda Azərbaycanda Avstriyanın 40 şirkəti fəaliyyət göstərir. Dövlət başçısı bu ilin əvvəlində Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında "Cənub" qaz dəhlizi üzrə qəbul edilən bəyannamənin əhəmiyyətinə toxunaraq deyib ki, indi Azərbaycanın təsdiq edilən qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu da həmin sahədə Avropa İttifaqı ilə əməkdaşlığa öz töhfəsini verəcək.

Mədəniyyət sahəsində də əməkdaşlığı yüksək qiymətləndirən prezident İlham Əliyev bildirib ki, bu, xalqlar arasında münasibətlərə böyük töhfədir. Azərbaycana böyük heyətlə gəldiyini qeyd edən Avstriyanın Federal Prezidenti Haynts Fişer bunun ölkəsinin Azərbaycan ilə münasibətlərə verdiyi böyük əhəmiyyətinin göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə təbriklərini çatdıran Avstriya dövlətinin başçısı əmin olduğunu bildirib ki, Azərbaycana gələn hər bir kəs son illərdə burada əldə edilən uğurlardan məmnun olacaq.

"Avstriya Azərbaycan ilə diplomatik münasibətlər yaradan ilk ölkələrdəndir", - deyən Haynts Fişer ölkələrimizin enerji sahəsində əməkdaşlığına toxunub. Avstriya dövlətinin başçısı qeyd edib ki, Avropanın enerji təhlükəsizliyi etibarlı əllərdədir. Bu sahədə müxtəlif layihələrin həyata keçirilməsi gözəl bazadır və bugünkü danışıqlar bir daha onu göstərib ki, Azərbaycan bu sahədə münasibətlərə böyük töhfə verir. Ölkələrimizin bir çox sahələrdə iqtisadi əməkdaşlığının inkişaf etdiyini deyən Avstriyanın Federal Prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Sonda dövlət başçıları jurnalistlərin suallarını cavablandırıblar.


X X X

-Markus Müller-Şinvald (Avstriyanın ORF Teleradiosu): Cənab Prezident Əliyev, cənab Prezident Fişer. Danışıqlardan sonra bizə deyə bilərsinizmi ki, hansı üç konsorsium Azərbaycan qazının daşınması istiqamətində layihəni udacaq və hansı layihəyə üstünlük verilir?

Prezident İlham Əliyev: Qeyd etməliyəm ki, bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi üzrə bəyannamə qəbul edilmişdir. Bəyannaməni Avropa Komissiyasının sədri cənab Barrozu və mən Bakıda imzalamışıq. Bu bəyannamədə göstərilir ki, "Cənub" qaz dəhlizinin həyata keçirilməsi üçün hər iki tərəf öz səylərini göstərəcək. Eyni zamanda, Avropa Komissiyası və Azərbaycan Sənaye və Energetika Nazirliyi tərəfindən müştərək işçi qrupu yaradılmışdır. Bu işçi qrupunun fəaliyyəti artıq müsbət xarakter daşıyır. Bütün bu variantlar, bütün bu layihələr əlbəttə ki, təhlil edilməlidir. Bu yaxınlarda təkliflər irəli sürülmüşdür. Bu təkliflərə baxılacaqdır. Həm Azərbaycan, həm tərəfdaşlarımız, həm də əsas investorlar üçün ən məqbul variant seçiləcəkdir.

Azərbaycan böyük qaz potensialına malikdir. Bu barədə mən artıq söylədim və rəqəmləri gətirdim. Əlbəttə, biz maraqlıyıq ki, qaz potensialımızı maksimum dərəcədə realizə edə bilək. Hazırda "Şahdəniz" bizim əsas qaz layihəmiz kimi ön plandadır. Ancaq bununla bərabər, son müddət ərzində SOCAR tərəfindən aşkarlanmış "Ümid" yatağı da çox böyük ümidlər verir. Bu yaxınlarda "Total" və "Gaz de France" şirkətləri tərəfindən kəşf edilmiş "Abşeron" yatağında da böyük qaz ehtiyatları vardır. Deyə bilərəm ki, son bir il ərzində Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları təqribən 600 milyard kubmetr səviyyəsində artmışdır. Ona görə, həm kommersiya layihələrinin, üç layihənin kommersiya şərtləri, eyni zamanda, onların icra müddəti, texniki parametrləri əsas rol oynayacaqdır. Bu, elə bir qərar olmalıdır ki, həm vaxt itirməyək, eyni zamanda, Azərbaycan öz qaz resurslarını maksimum dərəcədə ixrac edə bilsin. Bu iki komponenti birləşdirmək üçün indi müzakirələr aparırıq. Yenə də deyirəm, bu qərarı biz birgə verməliyik. "Şahdəniz" layihəsinin ikinci fazasına nəzərdə tutulan investisiyaların həcmi təqribən 20 milyard dollar ətrafında gözlənilir. Əlbəttə ki, əsas investorların fikri də nəzərə alınmalıdır, Azərbaycanın maraqları da təmin edilməlidir.

Bu günə qədər enerji sahəsində əməkdaşlıq bu prinsiplər üzərində qurulmuşdur. Həm investorların, həm Azərbaycanın maraqları, hazırda deməli, Avropa ölkələrinin maraqları da bu məsələdə öz rolunu oynamalıdır. Çünki biz bu gün cənab Prezidentlə bu barədə geniş fikir mübadiləsi apardıq və cənab Prezident çox dəqiq dedi ki, hər tərəf qələbə qazanmalıdır - Azərbaycan resursların sahibi kimi, tranzit ölkələr və istehlakçılar. Bunu etmək mümkündür. Ona görə, hesab edirəm, yaxın zamanlarda düzgün qərar veriləcək, o qərar ki, bizim potensial müştərilərimizin hamısını təmin edə bilmiş olsun.

Prezident Haynts Fişer: Mən öz tərəfimdən deyə bilərəm, məlumatım ondan ibarətdir ki, konsorsiumlar təkliflərini veriblər, təklif ediblər. Bir neçə gün əvvəl onlar təkliflərini veriblər. Hazırda bu təkliflər araşdırma mərhələsindədir. Avstriyalılar və avropalılar elə bilirəm ki, "Nabukko" layihəsi ilə bağlı xüsusi, yaxşı bir mövqedədirlər. Biz xüsusi maraq göstəririk ki, bu layihə reallaşsın. Bu, Avstriya üçün xüsusilə yaxşı bir əməldir. Çünki bu layihə birbaşa Avstriyaya gətirib çıxarır. Bizdən də digər tədarükçülərə çıxmaq imkanı vardır və 100 milyon avropalı bizim ətrafımızda yaşayır, onların bu qazdan bəhrələnmək, faydalanmaq imkanı vardır. Bu, Almaniyadır, Sloveniyadır, Çexiyadır, Xorvatiyadır, eyni zamanda, Slovakiyadır. Bizim yaxınlığımızda olan qonşular, onların ətrafında olan qonşular. Bu təkcə bizim qonşular üçün yox, bütün Avropa üçün nəzərdə tutulacaqdır. Mənim fikrimcə, bu layihə Azərbaycan üçün də mühümdür. Bizim üçün əhəmiyyətlidir ki, planlaşmada əminlik əldə edə bilək. Təşəkkür edirəm.

Ceyhun Quliyev (Azərbaycan televiziyası): Mənim sualım Avstriya Prezidentinədir. Cənab Prezident, bildiyiniz kimi, Ermənistanın Azərbaycana qarşı təcavüzü 20 ildən artıqdır ki, davam edir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan təcavüzkar işğal siyasətinə isə son qoymur. Bu münaqişə regionda sülh və təhlükəsizliyə təhdid mənbəyidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Avstriyanın konkret mövqeyini bilmək istərdik. Çox sağ olun.

Prezident Haynts Fişer: Biz təkbətək söhbət edən zaman mən cənab Prezidentə bildirdim. Dağlıq Qarabağ münaqişəsi barədə ilkin olaraq fikir mübadiləsi apardıq. Autentik formada çalışdıq fikirlərimizi yaxınlaşdıraq. Münaqişənin həlli bizi də maraqlandırır. Mən başa düşürəm, yaxşı başa düşürəm. Bu, Azərbaycan üçün vacib məsələdir və Azərbaycan üçün fəlakətdir. Baş verən hadisələr və qaçqınlar var və onlar evlərinə qayıda bilmirlər. Münaqişə potensialı qalır. Bu nöqteyi-nəzərdəyəm ki, XXI əsrdə bu cür münaqişələr sülh yolu ilə həll olunmalıdır. Bu, Avstriyanın mövqeyidir. Avstriya heç bir halda, heç bir kontinentdə münaqişənin hərb yolu ilə həllinə tərəfdar deyildir. Çünki güc tətbiqi heç də həll variantı deyildir və sonra yenə güc tətbiqinə gətirib çıxarır. Avstriya da bu siyasətin tərəfdarıdır ki, bu münaqişənin həllinə sülh yolu, danışıqlar yolu ilə nail olunmalıdır. Bu ərazi münaqişəsi digər dövlətlərin köməyi cəlb olunmaqla, Minsk qrupu dövlətlərinin səyləri ilə həll olunmalıdır.

İvan Novak (Avstriyanın informasiya agentliyi (APA): Cənab Prezident Əliyev, iqtisadiyyatla bağlı Sizə sual vermək istəyirəm. Avstriyanın OMV şirkəti cəhd edir ki, Azərbaycanda qaz idxalı və qaz çıxarılması məsələsi ilə yaxından məşğul olsun. Fikirləşirlər ki, SOCAR "Nabukko" konsorsiumuna daxil olacaqdır. Bu imkanlara Siz necə baxırsınız? SOCAR "Nabukko" konsorsiumuna qoşula bilərmi?

Prezident İlham Əliyev: Hörmətli OMV prezidenti cənab Roiss ilə biz dəfələrlə görüşmüşük - həm Bakıda, həm başqa paytaxtlarda. Bu məsələ ilə bağlı çox səmimi fikir mübadiləsi aparmışıq. OMV ilə SOCAR arasında əlaqələr yüksək səviyyədədir və bu gün imzalanan sənəd bunun bariz nümunəsidir. Müxtəlif təkliflər ola bilər, vardır və onlar nəzərdən keçirilir. Əlbəttə ki, biz hər bir tərəf üçün ən məqbul olan variantı seçməliyik. Hesab edirəm, indiki mərhələdə vacib olan nailiyyətlərin arasında qeyd etməliyik ki, "Cənub" qaz layihəsinin reallaşdırılması üçün yaxşı imkanlar vardır. Onu da deyə bilərəm ki, qaza sahib olan dövlətlər arasında yeganə ölkə Azərbaycandır ki, "Cənub" qaz dəhlizini rəsmən dəstəkləyir və bu dəstək təkcə bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış sənədlə məhdudlaşmır. Hələ 2009-cu ildə Avropa İttifaqı Sammitində enerji ilə bağlı məsələlər müzakirə edilən zaman Azərbaycan buna oxşar sənədi imzalamışdır. Yəni, bu bizim şüurlu seçimimizdir və biz istəyirik ki, qaz resurslarımızı dünya bazarlarına müxtəlif yollarla çıxaraq və hazırda Azərbaycan qazı istehlakçılara müxtəlif istiqamətlər üzrə çatdırılır. Gələcəkdə, böyük qaz mənbəyi işə düşəndən sonra isə əlbəttə ki, bizə həm yeni bazarlar lazım olacaq, eyni zamanda, mövcud bazarlara da öz qazımızı daha da böyük həcmdə ixrac etmək fikrindəyik. Ona görə hər hansı bir layihənin iştirakçısı olmaq bir tərəfdən böyük məsuliyyətdir, digər tərəfdən böyük üstünlükdür. Bu məsuliyyəti və üstünlüyü götür-qoy edərək biz düzgün qərar verməliyik. Əgər Azərbaycan və investorlar tərəfindən "Nabukko" layihəsinə üstünlük verilərsə, o zaman əlbəttə ki, "Nabukko"da iştirakçı olmaq üçün konkret təkliflərə baxılacaqdır. Həmin təkliflər təhlil ediləcəkdir ki, maliyyə öhdəliyimiz nədən ibarət olacaqdır?! SOCAR bu layihənin investoru olmaq istəyəcəkmi, yoxsa yox?! Yoxsa sadəcə olaraq öz qazını o layihəyə təqdim edəcək. Yəni, bütün bu məsələlər gərək müzakirə edilsin. Əlbəttə ki, ilk növbədə kommersiya şərtləri çox dəqiq təhlil edilməlidir və biz kommersiya cəhətdən ən əlverişli varianta gəlməliyik.

Albina Atlıxanova (Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc): Mənim sualım Avstriya Prezidentinədir. Cənab Prezident, Avstriya ilə Azərbaycan arasında qarşılıqlı investisiya imkanlarını necə qiymətləndirirsiniz? Çox sağ olun.

Prezident Haynts Fişer: Son illərdə sübut etdik ki, biz aşağı səviyyədən başlayaraq yuxarıya doğru hərəkət edirik və iqtisadi-ticari münasibətlərimizi və investisiya münasibətlərimizi dərinləşdiririk. Elə bilirəm ki, bu, hər iki tərəf üçün faydalıdır və biz bu yolu davam etdirəcəyik. Bu mübadilə siyasəti və ölkələrimizin böyüklüyünə görə coğrafi baxımdan, əhali baxımından eyni ölçülərə malikik və biz bir-birimizi gözəl başa düşürük. Cənab Prezident də buna işarə etdi ki, Avstriya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Azərbaycan tərəfi bilir ki, onlar necə uğurla fəaliyyət göstərirlər, otellər tikirlər, burada baş verən hadisələrlə yaşayırlar. Bunun üçün özləri ilə işçi qüvvəsi gətirirlər və bu otellərin inşası əsasında təcrübə mübadiləsi davam edir. Biz hətta bu barədə əməkdaşlıq memorandumu da imzalamışıq. Cənab Prezident Avstriyaya gələrsə, - mən onu bu fürsətdən istifadə edərək ölkəmə dəvət edirəm, - yerindəcə ölkəmizdə məlumat verə bilərik ki, bizdə bu investisiyalar üçün, bu ixrac-idxal sahəsində, həm də qaz ilə bağlı hansı imkanlar vardır. Arzu edirəm ki, Siz səfərə "Nabukko" ilə bağlı xoş xəbərlə gələsiniz.

Digər xəbərlər