Oktyabrın 12-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişeri və xanımı Margit Fişeri səmimiyyətlə qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Avstriya Respublikasının Federal Prezidentinə raport verdi. Avstriyanın və Azərbaycanın dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Avstriya Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Haynts Fişerə, Avstriya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer və xanımı Margit Fişer ilə birgə görüşü olub. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin təkbətək görüşü keçirilib.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.
Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə dedi:
-Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Sizi bir daha Azərbaycanda salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz bizim üçün, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün çox əhəmiyyətlidir. Əminəm ki, səfərin nəticələri çox uğurlu olacaqdır. Biz bir sıra mühüm sənədləri imzalamağı və bir sıra müxtəlif məsələləri ətraflı müzakirə etməyi planlaşdırırıq. İkitərəfli münasibətlərin gündəliyi kifayət qədər genişdir. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli də daxil olmaqla enerji əməkdaşlığı, iqtisadi fəaliyyət sahələrində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etməyə hazırıq. Biz sürətlə inkişaf edən ikitərəfli münasibətlərimizdə yeni mərhələyə qədəm qoyuruq. Mən bilirəm ki, iqtisadi sahədə qarşılıqlı maraqlar vardır. İşgüzar dairələr arasında görüşlər keçiriləcəkdir. Mədəniyyət sahəsində də bizim yaxşı nəticələrimiz vardır. Mən düşünürəm ki, əməkdaşlığımızın səviyyəsindən qane ola bilərik. Əlbəttə ki, Sizin səfəriniz bu əlaqələri daha da gücləndirir və əminəm ki, bu da çox yaxşı nəticələr verəcəkdir. Bir daha Azərbaycana xoş gəlmisiniz.
X X X
Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer səmimi qəbul üçün minnətdarlığını bildirib: "Çox sağ olun, cənab Prezident!
Mən Sizin atanızın 2000-ci ildə Avstriyaya səfərini xatırlayıram. O vaxtdan on bir il keçmişdir, bir çox dəyişikliklər baş vermişdir. Böyük inkişaf vardır. Ölkəniz inkişaf tempi baxımından böyük addımlar atmışdır. Bu, çox təqdirəlayiqdir. Bu münasibətlə təbriklərimi bildirirəm. Mənə və məni müşayiət edən nümayəndə heyətinə səfərə dəvətinizə görə minnətdarlığımı bildirirəm. Sizin dəvətinizi böyük məmnuniyyətlə qəbul etdim. Nümayəndə heyətimizin tərkibi təkcə siyasətçilər və diplomatlardan ibarət deyildir. Bura, həmçinin işgüzar dairələrdən, elm, turizm və digər sahələrdən nümayəndələr daxildir." Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Avstriya sənədlərinin imzalanması mərasimi olub. "Krems Tətbiqi Elmlər Universiteti və Azərbaycan Turizm İnstitutu arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov və Krems Tətbiqi Elmlər Universitetinin icraçı direktoru Hayns Boyer imzaladılar. "SOCAR və OMV şirkətləri arasında enerji layihələri üzrə Anlaşma Memorandumu"nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və OMV şirkətinin qaz və enerji məsələləri üzrə idarə heyətinin direktoru Gerhard Roiss imzaladılar. "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Avstriya Respublikasının Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyi arasında innovasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Avstriya Respublikasının Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyinin baş direktoru Andreas Rayxhardt imzaladılar. "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Avstriya Respublikasının Federal Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Avstriya Respublikasının federal maliyyə nazirinin müavini Andreas Şider imzaladılar.