Oktyabrın 17-də "Buta" sarayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib. Salona toplaşanlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar. Azərbaycanın dövlət himni səslənib. Dövlətimizin başçısı rəsmi qəbulda nitq söyləyib. Prezident İlham Əliyev nitqində bütün Azərbaycan xalqını dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə ürəkdən təbrik edib. Prezident bildirib ki, iyirmi il ərzində müstəqil Azərbaycan böyük və uğurlu yol keçib:
"Biz müstəqilliyimizin ilk illərini də yaxşı xatırlayırıq. Yaxşı xatırlayırıq ki, Sovet İttifaqının dağılması nəticəsində bütün başqa sovet respublikaları ilə bərabər Azərbaycan da müstəqilliyə qovuşdu. Bizim müstəqillik təcrübəmiz XX əsrin əvvəlində də olmuşdur. O vaxt rus imperiyasının dağılması nəticəsində Azərbaycan müstəqillik əldə etdi, Azərbaycan Demokratik Respublikası yaradıldı. Ancaq bu respublikanın ömrü uzun olmadı, iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Demək olar ki, XX əsrin sonunda da buna oxşar proseslər baş vermişdir. Müstəqilliyimizin ilk illərində ölkədə xoşagəlməz meyillərin mövcud olduğu, anarxiya, xaos, özbaşınalığın hökm sürdüyü bir dövrdə müstəqilliyimiz yenə də təhlükə altına düşmüşdü. Biz o illəri yaxşı xatırlayırıq və demək olar ki, 1991-1993-cü illərdə ölkə idarəolunmaz vəziyyətdə idi. Total böhran hökm sürürdü - həm iqtisadi sahədə, həm siyasi böhran, hərbi böhran. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımız əldən gedirdi. 1992-ci ilin mayında Şuşa və Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı nəticəsində demək olar ki, Dağlıq Qarabağ ilə Ermənistan arasında bir bağlantı əldə edilmişdir. Yəni gənc ölkə üçün çox təhlükəli illər, təhlükəli anlar, çox böyük sınaq idi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində biz bu sınaqlardan şərəflə çıxa bilməmişdik. Belə bir vəziyyətdə - 1993-cü ildə ölkədə vəziyyət dözülməz həddə çatandan sonra Azərbaycan xalqı Heydər Əliyevə müraciət etmişdir. Azərbaycan xalqı öz xilasını, öz gələcəyini ancaq Heydər Əliyevdə görürdü və bu münasibətin, bu fikirlərin əlbəttə ki, çox böyük əsasları vardı. Çünki 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanda yaşanan inkişaf Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycan üçün həlledici anlarda məhz onun qətiyyəti, onun sözü həlledici rol oynamışdır. Heydər Əliyev Sovet İttifaqının dağılmasının ərəfəsində də böyük siyasi cəsarət göstərərək daim öz xalqının yanında idi. Azərbaycanlılara qarşı təcavüzdən - Qanlı 20 Yanvar faciəsindən dərhal sonra o, öz səsini ucaltmışdır.
Sovet İttifaqı Kommunist Partiyasını, onun siyasi rəhbərliyini bu vəhşilikdə ittiham etmişdir. Özü də rəsmən. Ondan sonra uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsində də Heydər Əliyevin müstəsna xidməti olmuşdur və o vaxt "Sovet Sosialist" sözləri muxtar respublikanın adından çıxarılmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1990-cı ilin noyabr ayında Naxçıvanda rəsmi dövlət bayrağı kimi Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi elan edilsin. 1991-ci ilin mart ayında Azərbaycanda Sovet İttifaqının saxlanılması haqqında referendum keçirildiyi zaman Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Yəni bütün bu hadisələr və addımlar Azərbaycan xalqının qəlbində idi, Azərbaycan xalqının qəlbində çox böyük əks-səda vermişdir. Təsadüfi deyil ki, Azərbaycan xalqı ən çətin anlarda Heydər Əliyevə müraciət edərək öz seçimini etmişdir. 1993-cü ildən başlayaraq Azərbaycanda böyük inkişaf və quruculuq işləri aparılmağa başlamışdır. İlk növbədə sabitlik bərpa olundu, qanunsuz silahlı birləşmələr tərksilah edildi. İqtisadi sahədə çox dəyərli təşəbbüslər irəli sürülmüşdür və ən önəmlisi ölkənin strateji inkişafı haqqında düzgün seçim edilmişdir. Azərbaycan müasir, dünyəvi, dünya birliyinə inteqrasiya edən, bazar iqtisadiyyatı prinsiplərinə, demokratik əsaslara sadiq ölkə kimi inkişaf etməli idi. O strateji seçimi Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildə etmişdir və o ildən bu günə qədər Azərbaycan inkişaf yolu ilə uğurla gedir.
1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə həm dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycançılıq məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən qoyulan bu əsaslar bu gün Azərbaycan xalqına yol göstərir. Məhz o illərdə bazar iqtisadiyyatı prinsiplərinə müraciətimiz öz konkret nəticəsini verməyə başlamışdır. Bu gün Azərbaycan iqtisadiyyatı tam bazar iqtisadiyyatı prinsipləri əsasında idarə olunur. Ancaq 1993-cü ildə bu seçim o qədər də dəqiq deyildi. Yəni ki, bu seçimi etmək üçün heç bir əsas yox idi. Çünki o vaxt Azərbaycanda nə bazar iqtisadiyyatı meyilləri var idi, nə də ki, planlı iqtisadiyyatın qalıqları qalmışdı. Bütün iqtisadiyyat dağılmışdı, sənaye istehsalı iflic vəziyyətində idi. Neft istehsalı kəskin şəkildə aşağı düşmüşdü. Yəni yeni strateji seçimləri etmək üçün böyük peşəkarlığa, müdrikliyə, dünyagörüşünə malik olmaq lazım idi. Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, ölkəmiz üçün ən çətin, həlledici anlarda ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəlmiş və ölkəmizi bu ağır vəziyyətdən çıxara bilmişdir. Ulu öndərin ölkəmizin demokratik inkişafı ilə bağlı verdiyi qərarlar bu gün də aktuallığını itirmir. Senzuranın ləğvi, Azərbaycanın beynəlxalq təşkilatlara inteqrasiya siyasəti və bu səpkidə digər addımlar bu gün də bizim inkişafımızın əsas istiqamətlərini müəyyən edir."
Ölkə Prezidenti eyni zamanda diqqətə çatdırıb ki, indi keçmişə nəzər salaraq, tam əminliklə deyə bilərik ki, əgər o vaxt, o çətin anlarda, çətin illərdə "Əsrin müqaviləsi" bağlanmasaydı, bugünkü Azərbaycanın vəziyyəti tam başqa ola bilərdi: "Yəni heç təsəvvür etmək mümkün deyil ki, əgər o tarixi müqavilə bağlanmasaydı, ölkənin taleyi necə olardı? Yəni o, Azərbaycanı dünyaya tanıtdırdı. O, Azərbaycana investisiyalar gətirdi, iş yerlərinin açılmasına gətirib çıxardı. Eyni zamanda, Azərbaycanı dünya iqtisadiyyatının bir parçası kimi dünyaya təqdim etdi. Azərbaycan bu gün enerji siyasəti ilə nəinki öz maraqlarını, eyni zamanda, tərəfdaşlarımızın maraqlarını da təmin edir. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir və bu siyasətin əvvəli məhz "Əsrin kontraktı"nın bağlanması ilə əlaqədar idi. Bu, bizə imkan verdi ki, əldə edilən gəlirləri iqtisadiyyatın bütün sahələrinə yönəldək və beləliklə, iqtisadiyyatımızın şaxələndirilməsinə nail olaq. Əlbəttə ki, o vaxt enerji sahəsində atılan addımlar həlledici rol oynayırdı. Heydər Əliyevin neft strategiyası icra edilməyə başlamışdır, "Şahdəniz" qaz yatağı üzrə kontrakt bağlanmışdır ki, bu gün o, Azərbaycanın qaz resurslarının əsas hissəsini təşkil edən layihədir.
neft və qaz kəmərləri tikilməsəydi, bu gün bölgədə, ümumiyyətlə, enerji təhlükəsizliyindən söhbət aparmaq mümkün olmazdı. Bu, bizə iqtisadi müstəqillik verdi. Eyni zamanda, iqtisadi müstəqillik siyasi müstəqilliyə gətirib çıxarmışdır. Nəyə görə bu gün Azərbaycan bölgədə və dünyada öz siyasətini inamla apara bilir? Azərbaycan bu gün özünə güvənir? Ona görə ki, güclü iqtisadi dayaqlarımız vardır. Güclü iqtisadi dayaqlar siyasi müstəqilliyə də təkan verir. Bu gün, sözün əsl mənasında, Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu siyasət xoşniyyətli siyasətdir. Bu siyasət heç kimə qarşı deyildir. Bu siyasət əməkdaşlığı, o cümlədən regional əməkdaşlığı gücləndirən bir siyasətdir.
Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir. Biz istənilən sahədə böyük irəliləyiş və nəticələr görürük. Əlbəttə ki, ölkə qarşısında duran problemlər hələ də vardır və bu da təbiidir. Ancaq bu problemlər həll olunur və ən önəmlisi, problemlərin həlli üçün bizdə düşünülmüş proqramlar vardır. Bu proqramlar bütün sahələri əhatə edir. Siyasi islahatlar, demokratikləşmə prosesi Azərbaycanda uğurla gedir. İqtisadi sahədə, regionların inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi üzrə konkret proqramlar vardır. Xarici siyasətlə bağlı konseptual yanaşmalar və bizim siyasətimiz göstərir ki, bu, çox uğurlu siyasətdir. Bəzən bunu çoxvektorlu, yaxud da ki, balanslaşdırılmış siyasət adlandırırlar. Mən hesab edirəm ki, bu, müstəqil siyasətdir, xoşniyyətli siyasətdir və Azərbaycanın maraqlarını müdafiə edən siyasətdir. Biz bu gün bütün sahələrdə fəaliyyətimizi konkret proqramlar əsasında qurmuşuq və beləliklə, ölkənin inkişafı çox uğurludur və sürətlidir.
Biz gələcəkdə də Azərbaycanda siyasi islahatların dərinləşməsinə çalışacağıq. Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, qanunun aliliyinin bərqərar olunması sahəsində böyük işlər görülübdür və bundan sonra da görüləcəkdir. Biz etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlara üzv olmuşuq və üzərimizə götürdüyümüz bütün öhdəlikləri vaxtında və ləyaqətlə yerinə yetiririk. Eyni zamanda, siyasi islahatların aparılması üçün güclü iqtisadi dayaqlar olmalıdır. Son 8 il ərzində Azərbaycan dünya miqyasında heç vaxt tarixdə bu günə qədər analoqu olmayan inkişaf templərini göstərir. Bunu bütün statistik göstəricilərdə də hər kəs görə bilər. Səkkiz il ərzində ölkə iqtisadiyyatı 300 faiz, sənaye istehsalı 300 faiz artmışdır, 950 min yeni iş yeri açılmışdır, yoxsulluq 5 dəfə - 500 faiz azalmışdır, büdcə xərcləri təxminən 20 dəfə artmışdır. Beləliklə, ölkənin uğurlu, dayanıqlı və sürətli inkişafı təmin edilmişdir. Əgər biz bu göstəricilərin 30 faizinə nail olsaydıq, bunu da böyük uğur kimi qəbul edəcəydik. Ancaq əldə edilmiş uğurlar göstərir ki, biz düzgün yoldayıq. "
Sonra 20 illik müstəqillik dövründə Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurları əks etdirən film nümayiş olundu. Rəsmi qəbul incəsənət ustalarının konsert proqramı ilə başa çatmışdır