Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazaxıstan Respublikasına rəsmi səfərə yola düşüb. Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
Almatının Beynəlxalq hava limanında qarşılanma
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazaxıstan Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Almatının Beynəlxalq hava limanında Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısını Qazaxıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Milli geyimli qız Azərbaycan Prezidenti İlham Əliyevə gül dəstəsi təqdim edib.