Prezident İlham Əliyev Azərbaycan Gənclərinin VI Forumunun iştirakçılarına təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir:
"Hörmətli Forum iştirakçıları! Əziz gənclər! Sizi - Azərbaycan Gənclərinin VI Forumunun iştirakçılarını və bütün gənclərimizi səmimi qəlbdən salamlayır, hər birinizə cansağlığı, xoşbəxtlik və ölkəmizin gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram. Hamımız üçün əlamətdar olan 2011-ci ildə Azərbaycan öz dövlət müstəqilliyinin bərpasının iyirmi illik yubileyini qeyd edir. Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir. Əminəm ki, siz həmin imkanları forumunuzda araşdıraraq qaldırılacaq məsələlər çərçivəsində qlobal dünyada insan kapitalının biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında əhəmiyyətini də müzakirə obyektinə çevirəcəksiniz. Bu ilin iyul ayında mənim Sərəncamımla "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilmişdir. Belə bir proqramın mövcudluğu dövlətin gənclərlə bağlı siyasətinin parlaq təzahürüdür. Proqramda əsas vəzifələr sırasında gənclərin ictimai həyatın ən müxtəlif sahələrində yaxından iştirakına, onların cəmiyyətimizdə layiqli yer tutması və beynəlxalq aləmdə tanınması məsələlərinə xüsusi diqqət yetirilir. Ümidvaram ki, bu forum proqramın uğurla həyata keçirilməsi və yeni-yeni çalarlarla zənginləşməsinə zəmin yaradacaqdır. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər əyani surətdə nümayiş etdirir ki, müasirlik və kreativlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. İnanıram ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində öz həllini tapacaqdır. Forumunuzun işinə uğurlar diləyir və hər birinizə niyyətlərinizin çin olmasını arzulayıram."
Prezident başsağlığı məktubları göndərib
Prezident İlham Əliyev Türkiyədə baş verən zəlzələ ilə bağlı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir:
"Hörmətli cənab Prezident, Əziz qardaşım, Ölkənizdə baş vermiş dəhşətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türk xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Allah rəhmət eləsin!"
* * *
Prezident İlham Əliyev Türkiyədə baş verən zəlzələ ilə bağlı həmçinin Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Baş nazir, Əziz qardaşım, Van vilayətində baş vermiş zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türk xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!"
Azərbaycan və Türkiyə Prezidentlərinin telefon danışığı olub
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng edib. Trend-in Prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı qardaş Türkiyədə baş vermiş faciə xəbərinin bütün Azərbaycanda dərin sarsıntı ilə qarşılandığını, xeyli sayda insanın həlak olması və yaralanmasının böyük kədər hissi doğurduğunu diqqətə çatdırıb, həlak olanların ailə üzvlərinə və yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verib. Prezident Abdullah Gül göstərilən diqqətə və başsağlığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında Sərəncam imzalayıb
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Bakı Beynəlxalq Humanitar Forumunun müvəffəqiyyətlə keçirilməsini və beynəlxalq miqyasda qaldırdığı problemlərin aktuallığını nəzərə alaraq onun ənənəvi olaraq təşkil edilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq qurumlarla, o cümlədən beynəlxalq təşkilatlarla birlikdə Bakı Beynəlxalq Humanitar Forumunun bəyannaməsində əksini tapmış müddəaların gerçəkləşdirilməsi istiqamətində lazımi tədbirlər həyata keçiriləcək. Sərəncama əsasən, Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Təşkilat Komitəsi yaradılacaq. Eyni zamanda, Təşkilat Komitəsinin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dörd ştat vahidi hesabına Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsinin İşçi Qrupu yaradılacaq. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.