BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasına Şərqi Avropadan yeni qeyri-daimi üzv seçkisi, nəhayət, başa çatdı. Səsvermənin nəticəsinə görə, Azərbaycan tarixində ilk dəfə quruma üzv seçildi. Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Səsvermənin axırıncı mərhələsindən əvvəl Sloveniyanın xarici işlər naziri Samuel Zboqar öz ölkəsinin namizədliyini geri götürdüyünü bildirib. Bundan əvvəl baş tutan səsvermə mərhələsində Azərbaycan 116, Sloveniya isə ancaq 77 səs toplayıb.
Axırıncı mərhələdə Azərbaycanın lehinə 155 ölkə səs verib, 24 ölkə bitərəf qalıb və daha 13 ölkə yenə də Sloveniyaya səs verib. Bundan daha əvvəl keçirilən altı səsvermə mərhələsinin hər birində Azərbaycan Sloveniyadan çox səs toplamışdı, lakin seçilmək üçün tələb olunan 129 səsi yığa bilməmişdi.
Azərbaycanın BMT TŞ-yə üzv seçilməsi Azərbaycan diplomatiyasının uğurudur
Dünən Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında Şərqi Avropa qrupundan Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə seçkilər davam edib. Azərbaycan Sloveniya ilə birgə Avropa ölkələrindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə bir yer üzrə öz namizədliyini irəli sürüb.
İlin sonunadək Bosniya və Hersoqovinanın tutduğu yerə Şərqi Avropa dövlətləri qrupundan üç ölkə- Azərbaycan, Macarıstan və Sloveniya iddia edib. Ötən həftənin cümə günü keçirilən seçkilərin ilk günü Şərqi Avropa qrupundan üçüncü namizəd ölkə olan Macarıstan az sayda səs toplayaraq, mübarizəni davam etdirə bilməyib.
Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında 2012-2013-cü illər üçün təşkilatın Təhlükəsizlik Şurasının Şərqi Avropa ölkələrindən yeni qeyri-daimi üzvlüyünə Azərbaycan və ya Sloveniyanın seçilməsi üzrə səsvermənin bir neçə raundu nəticəsiz qalıb.
Ölkələrdən heç biri, BMT Nizamnaməsində göstərildiyi kimi, səslərin üçdə ikisini toplaya bilməyib. Seçkilərdə Azərbaycana qələbə üçün cəmi 14 səs çatmayıb. Nəticədə səsvermənin oktyabrın 24-də keçirilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, BMT TŞ 5 daimi üzvdən- Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və Çindən və iki ildən bir seçilən 10 qeyri-daimi üzvdən ibarətdir. "Böyük beşlik"dən fərqli olaraq onlar veto hüququna malik deyillər.
BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, Baş Assambleya Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvünü seçərkən, ilk növbədə, həmin ölkələrin beynəlxalq sülhün və təhlükəsizliyin saxlanması və təşkilatın digər məqsədlərinə nail olunmasında iştirak dərəcəsinə diqqət ayırır.
"Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi böyük qələbədir"
Prezident İlham Əliyevin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanat verib. Bəyanatda deyilir:
- Əziz dostlar, hörmətli xanımlar və cənablar! Bir neçə saat bundan əvvəl ölkəmizin həyatında çox əlamətdar və tarixi hadisə baş vermişdir. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilmişdir. Bu böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, həqiqətən də, böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür.
155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək bizi bu mötəbər təşkilata üzv seçdi. Mən fürsətdən istifadə edərək bizə inanan, bizə güvənən, bizə böyük hörmət göstərmiş bütün ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Demək istəyirəm ki, Azərbaycan bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət edəcəkdir.
Bizim dünyadakı dostlarımızın sayı artmaqdadır. Mən dəfələrlə bu məsələ ilə bağlı Azərbaycan ictimaiyyətinə fikirlərimi bildirmişdim. Əgər əvvəlki dövrlərdə belə bəyanatlar konkret nəticələrlə təsdiqlənmirdisə, bu səsvermə verilən bütün bu bəyanatların əyani sübutudur. Dünya miqyasında 155 ölkə Azərbaycana inanır, Azərbaycana hörmət edir, Azərbaycana rəğbətlə yanaşır və Azərbaycanı dəstəkləyir.
Müstəqilliyimiz dövründə- 20 il ərzində belə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib.
Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir".
"BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi Azərbaycanın siyasətinə verilən qiymətdir"
Azərbaycanın gənc bir dövlət olaraq dünyanın ən mötəbər təşkilatı sayılan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin həyata keçirdiyi siyasətə dünyada verilən qiymətin bariz ifadəsidir. Yeni Azərbaycan Partiyasının Sədr müavini, millət vəkili Əli Əhmədov bildirib ki, bu, Azərbaycanın dünya siyasətində, beynəlxalq aləmdə mövqeyinin əhəmiyyətli dərəcədə yüksəlməsini bir daha ortaya qoydu.
"Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi ölkənin beynəlxalq aləmdə oynadığı rolun xeyli dərəcədə fəallaşmasına, artmasına gətirib çıxaracaq. İnanmaq istəyirəm ki, bu, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aparılan diplomatik səylərin əhəmiyyətini artıracaq",- millət vəkili deyib.
YAP rəsmisinin sözlərinə görə, Azərbaycan terrora məruz qalmış ölkə kimi beynəlxalq aləmdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi terrorizmə qarşı mübarizənin daha səmərəli aparılmasına da öz böyük töhfəsini verəcək.
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ölkənin son illər ərzində regional və qlobal səviyyədə həyata keçirdiyi diplomatiyanın uğurudur. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Azərbaycan Gənclərinin VI Forumuna qatılan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
"Bu, Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik səylərinin, fəaliyyətinin aparılmasının və uğurla nəticələnməsinin bariz nümunəsidir. Azərbaycan artıq bölgədə lider dövlətdir. Qlobal müstəvidə öz sözünü deyən dövlətdir. BMT Təhlükəsizlik Şurasında Azərbaycanın təmsil olunması, haqq səsinin dünya birliyinə çatdırılması, Dağlıq Qarabağ məsələsi və digər mühüm məsələlərin qaldırılmasında bizə məkan və zəmin yaradacaq"- PA rəsmisi bildirib.
Azərbaycanın BMT TŞ-yə üzv seçilməsi beynəlxalq aləmdə geniş əks-səda doğurub
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq mediada geniş əks-səda doğurub. CNN telekanalının BMT-dəki səsverməyə dair reportajında vurğulanıb ki, Azərbaycan üzvlük uğrunda Sloveniya ilə çox gərgin mübarizə aparıb. Lakin səsvermənini 16-cı raundunda Azərbaycan açıq-aşkar favorit olandan sonra Sloveniya namizədliyini geri götürüb.
"Azərbaycan 2012-ci ildən başlayaraq BMT Təhlükəsizlik Şurasında Şərqi Avropanı təmsil edəcəkdir", - bunu isə "Amerikanın səsi" radiosu reportajında qeyd edib. Reportajda bildirilib ki, 193 səsdən 155-nə yiyələnən Azərbaycan 17-ci turda qələbəni təmin edib.
Digər nüfuzlu media orqanı- "Assoşieyted Press" agentliyi isə vurğulayıb ki, BMT-dəki səsvermədə Azərbaycana göstərilən dəstək rəqib Sloveniyanı namizədliyini geri götürməyə vadar edib. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyün üstünlüklərini də şərh edən agentlik yazıb: "BMT Təhlükəsizlik Şurasında üzvlük ona görə çox arzu olunan vəzifədir ki, bu yer beynəlxalq sülh və təhlükəsizlik məsələlərində ölkələrə güclü səs hüququ verir".
Türkiyənin kütləvi informasiya vasitələrində də Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin sessiyasında Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi xəbərləri geniş yer alıb.
Rusiya və Avropa mətbuatı da ölkəmizin BMT TŞ-yə seçilməsini gözlənilən adlandırıb. Qeyd olunur ki, son illər Azərbaycan dünyada fəal siyasət yürüdür və diplomatik üstünlüyü ələ alıb.
Rusiya XİN-in rəsmi məlumatında deyilir: "Beş ölkənin Təhlükəsizlik Şurasına (TŞ) üzv seçilməsi onların beynəlxalq işlərdə aktiv mövqeyə və BMT-nin üzv dövlətləri arasında yüksək nüfuza malik olmalarını sübut etdi. Ümid edirik ki, BMT-nin əsas orqanlarından birinin fəaliyyətində iştirak etməklə, bu ölkələr təşkilatın dünya məsələlərində mərkəzi rolunun möhkəmləndirilməsinə, gündəmdəki qlobal məsələlərin həyata keçirilməsində onun effektivliyinin və nüfuzunun yüksəldilməsinə, həmçinin, məsələlərin geniş spektri üzrə təhlükələr və çağırışlara dövlətlərin kollektiv cavab axtarmasına fəal şəkildə kömək edəcəklər. Öz tərəfimizdən TŞ-nin yeni seçilmiş üzvləri ilə konstruktiv əməkdaşlığa hazırıq", - məlumatda deyilir.
Ümumiyətlə, qeyd etmək lazımdır ki, dünyanın ən nüfuzlu qurumu olan BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilmək Azərbaycanın 20 illik müstəqillik tarixində ən böyük siyasi uğur sayıla bilər. 155 ölkənin Azərbaycanı dəstəkləməsi ölkəmizin dünyada hansı çəkiyə sahib olduğunu əyani göstərdi.
Elçin Bayramlı