Bizim üçün ən ağır olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli işində, əfsuslar olsun ki, heç bir irəliləyiş yoxdur. Mən bu məsələ ilə bağlı ictimaiyyətə kifayət qədər geniş məlumatlar çatdırmışam. Demək istəyirəm ki, Azərbaycanın prinsipial mövqeyi var, bu mövqe həm tarixi həqiqətə, həm beynəlxalq hüquq normalarına əsaslanır. Biz bu mövqedən kənara bir addım atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və olmayacaqdır. Çalışacağıq ki, bütün imkanlardan istifadə edib ərazi bütövlüyümüzü bərpa edək- Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə belə deyib.
Dövlət başçısı hökumətin müşavirəsində sülh danışıqlarına toxunaraq deyib: "Nəticə olmasa da son aylar ərzində beynəlxalq vasitəçilər tərəfindən səslənən fikirlər müəyyən ümidlər verir, xüsusilə, status-kvonun qəbul edilməməsi ilə bağlı. Yəni, status-kvo qəbul edilə bilməz, dəyişdirilməlidir, münaqişə dondurulmuş münaqişə deyil və status-kvonun dəyişdirilməsi, təbii ki, işğal edilmiş torpaqlardan işğalçı qüvvələrin çıxarılmasını tələb edir və münaqişənin həlli yolları məhz bundan keçir. İşğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır.
Beynəlxalq hüquq normaları hər bir məsələnin həlli üçün əsas olmalıdır, xüsusilə, münaqişələrlə bağlı olan məsələlərdə. Biz çalışacağıq ki, bütün imkanlardan istifadə edib bu məsələni tezliklə, ədalətli, öz xeyirimizə - yəni beynəlxalq hüquq normaları əsasında həll edək. Bununla bərabər, təbii ki, bu gün dediyim bütün bu rəqəmlər - iqtisadi inkişaf, iqtisadi potensial, demoqrafik durum və əlbəttə, hərbi potensial məsələnin tezliklə ədalətli həll edilməsi üçün öz rolunu oynayır və oynayacaqdır".
Ölkə rəhbərinin sözlərinə görə, bu istiqamətdə də çox böyük tədbirlər görülmüşdür, dəqiq siyasət aparılır. "Həm bu ilin, həm əvvəlki illərin iqtisadi göstəriciləri, həm hərbi imkanlarımız göstərir ki, Ermənistanla Azərbaycan arasındakı fərq böyüyür. Bu iki ölkə müqayisəedilməzdir, bizim aramızda yerlə göy qədər fərq vardır. Bunu hamı bilir - həm beynəlxalq ictimaiyyət, həm bu məsələ ilə birbaşa məşğul olan tərəflər və qurumlar. Çox güman ki, status-kvo ilə bağlı, yəni status-kvonun dəyişdirilməsi ilə bağlı son bəyanatların təməlində də məhz bu reallıq dayanır. Çünki həm biz bilirik, həm hər bir qərəzsiz müşahidəçi bilir ki, Azərbaycan güclənir, Ermənistan zəifləyir, Azərbaycanın əhalisi artır, Ermənistanın əhalisi azalır.
O ki qaldı hərbi məsələlərə, iqtisadi sahədə bütün statistik göstəricilər əyani şəkildə kimin kim olduğunu göstərir. Sadəcə olaraq, şəhərlərə, necə deyərlər, qərəzsiz baxışlar zamanı reallığı hər kəs görə bilir ki, Azərbaycan nə qədər böyük yol keçmişdir və ölkəmiz gündən-günə güclənir. O ki qaldı hərbi balansa, deyə bilərəm ki, bu sahədə son vaxtlara qədər bəlkə də erməni təbliğatı nəticəsində bu fərq, - yəni bizim xeyirimizə olan fərq, - beynəlxalq qurumlar və müşahidəçilər tərəfindən o qədər də dərk edilmirdi.
Ancaq son müddətdə həm Azərbaycanda, həm Ermənistanda keçirilən hərbi paradlar kimin kim olduğunu əyani şəkildə göstərdi. Mən hesab edirəm ki, Ermənistanda hərbi paradın keçirilməsi onların böyük səhvi idi. Çünki əgər o vaxta qədər onlar, həmişə olduğu kimi, mifologiya hesabına, yaxud da ki, fantaziyalar hesabına kimi isə inandırmağa çalışırdılar ki, ən döyüşkən ordu Ermənistan ordusudur. Onların keçirdiyi dırnaqarası "hərbi parad"dan sonra hamı bildi ki, Ermənistan ordusu necə vəziyyətdədir, hansı acınacaqlı vəziyyətdədir.
Mən, yəqin ki, siz də, bütün ictimaiyyət də, ilk dəfə görmüşük ki, hərbi texnika özü yeriyə bilmir, onları qoşqular, yük maşınları üzərində paraddan keçirib nümayiş etdirirdilər. Bunun bir neçə səbəbi ola bilər. Ya o texnika işləmir, nasaz vəziyyətdədir, ya orada yanacaq yoxdur, ya da ki, hər ikisi. Çox güman ki, hər iki amil burada rol oynamışdır. Bu parad bir daha onu göstərdi ki, Ermənistan müstəqil ölkə deyil, forpostdur. Əgər bu barədə əvvəlki dövrdə də kifayət qədər yüksək rütbəli, vəzifəli şəxslər bəyanatlar vermişdilərsə, bu paradda gördüyümüz mənzərə bunu bir daha təsdiq edir ki, Ermənistan forpost olaraq qalır.
Bir də Ermənistanda keçirilmiş bu tədbir yəqin ki, tarixdə yeniliklə yadda qalacaqdır. Orada din xadimlərinin iştirakı da, sadəcə olaraq, yumşaq desək, təəccüb doğurur. Özü də əsgər kimi addımlarla addımlayan keşişlər- buna söz tapmaq çətindir. Biz başa düşürük ki, Ermənistan işğalçı siyasəti nəticəsində demoqrafik fəlakətlə üzləşib. Amma bu dərəcədə təsəvvür etmirdik ki, artıq din xadimləri də orada həqiqi hərbi xidmətə cəlb edilirlər.
Bu, nə qədər gülməli səslənsə də, bir o qədər də faciəvidir. Hesab edirəm, onlar tezliklə dərk etməlidirlər ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli onların maraqlarına xidmət edəcəkdir".
Dövlət başçısı ölkəmizin BMT TŞ-yə qeyri-daimi üzvlüyü məsələsinə də toxunub: "Ölkəmizin imkanlarını, beynəlxalq müstəvidə artan nüfuzunu bu yaxınlarda BMT-də keçirilən səsvermə də əyani şəkildə təsdiqləyir. Bildiyiniz kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olmaq üçün müraciət etmişdir. Son aylar ərzində bu məqsədə çatmaq üçün diplomatiyamız böyük işlər görmüşdür. Bu səsvermənin tarixçəsi də maraqlıdır.
Bəlkə Azərbaycan ictimaiyyəti bunu bilmir. Deyə bilərəm ki, ilkin mərhələdə Ermənistan da öz namizədliyini bizimlə bərabər vermişdi. Ancaq bir neçə ay bundan əvvəl, yəqin ki, orada götür-qoy etdilər və anladılar ki, Azərbaycan ilə diplomatik sahədə də onlar rəqabət aparmaq iqtidarında deyillər və çox sakitcə, səs salmadan öz namizədliyini geri götürdülər. Yəni, bu, artıq özlüyündə göstərirdi ki, Azərbaycan qarşısında onlar acizdirlər və bunu etiraf edirlər.
Bilirlər ki, onların işğalçı siyasəti, Azərbaycana qarşı aparılan işğalçı siyasət, onların çirkin əməlləri, məkrli planları dünya ictimaiyyəti tərəfindən heç vaxt dəstəklənə bilməz. Əksinə, dünya ictimaiyyəti bunu pisləyir və pisləyəcəkdir. Bunun nəticəsidir ki, Ermənistan öz namizədliyini geri götürmüşdür və yenə də demək istəyirəm çox sakit şəkildə ki, bu rüsvayçılığı çox adam, çox ölkə bilməsin.
Ümid edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində də onlar eyni yanaşmanı göstərəcəklər, yenə də götür-qoy edəcəklər. Nəhayət, anlayacaqlar ki, Azərbaycanla heç bir sahədə onlar rəqabət apara bilmirlər və bilməyəcəklər. Nə qədər tez bunu anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır. Çünki onların BMT Təhlükəsizlik Şurasına seçkilərdə siyasi və diplomatik iflası, uğursuzluğu istisna edilmir ki, təkcə diplomatik meydanla məhdudlaşmayacaqdır. Azərbaycan güclü dövlətdir və güclü dövlətlərlə qonşular adətən dost olmaq istəyirlər".
Prezidentin çıxışından sonra həmin günün axşamı okeanın o tayından ölkəmizin BMT TŞ-yə qeyri-daimi üvz seçilməsi xəbəri gəldi. 155 ölkə Azərbaycanı dəstəklədi. Bu, tarixi nailiyyətdir. Bu, dünya ictimaiyyətinin Azərbaycana olan münasibətinin əlamətidir, ölkənin inkişafının təzahürüdür. Bu, onu göstərir ki, Azərbaycan etibarlı tərəfdaşdır.
Dövlət başçısının dediyi kimi, bu cümlədə çox böyük məna var: "Bəlkə indi bunu eşidən o qədər də, necə deyərlər, tam həcmdə təsəvvür edə bilmir ki, bu fikirdə nə qədər böyük məna vardır. Etibarlı tərəfdaş olmaq çox böyük məsuliyyətdir və böyük nailiyyətdir. Biz, doğrudan da, etibarlı tərəfdaşıq. Siyasətimiz kiminsə xoşuna gələ də, gəlməyə də bilər. Biz çalışmırıq ki, hamının xoşuna gələk. Biz siyasətimizi aparırıq.
Azərbaycan etibarlı tərəfdaşdır. Bizim sözümüzlə əməlimiz, arasında heç bir fərq yoxdur. Bizim sözümüzlə imzamız arasında heç bir fərq yoxdur. Bu etibarı qazanmaq asan məsələ deyildir, xüsusilə, gənc müstəqil dövlət üçün. Biz müstəqilliyimizin 20 illik yubileyini bu yaxınlarda qeyd etmişik, böyük uğurlar, gələcək planlar haqqında danışmışıq. Deyə bilərəm ki, 113 ölkənin Azərbaycana dəstək verməsi bu 20 ilin məntiqi nəticəsidir.
Bir sözlə, həm ölkə daxilindəki vəziyyətlə, daxildə aparılan islahatlarla, eyni zamanda, xarici siyasətimizin aparılması ilə bağlı, yenə də deyirəm, konkret proqramlarımız, planlarımız, siyasətimiz vardır. Bu siyasət imkan verir ki, ölkəmiz sürətlə, uğurla inkişaf etsin".
Ümumiyyətlə, Azərbaycan Prezidentinin müşavirədə verdiyi mesajlar dünyada və regionda yaranmış situasiyanı aydın dərk etməyə imkan verir. Dövlət başçısı Azərbaycanın getdikcə beynəlxalq mövqelərini möhkəmləndirdiyini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəldiyini bəyan edib.
Elçin Bayramlı