Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan dövlətinin başçısı Qurbanqulu Berdiməhəmmədovu ölkəsinin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edib. Məktubda deyilir: "Əminəm ki, Azərbaycan ilə Türkmənistan arasında dərin tarixi kökləri olan dostluq əlaqələrini, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq diləyirəm".
* * *
Prezident İlham Əliyev eyni zamanda Kristina Fernandes de Kirşneri yenidən Argentina Prezidenti seçilməsi münasibətilə təbrik edib. Təbrik məktubunda dövlətimizin başçısı Azərbaycan-Argentina dövlətlərarası münasibətlərinin, dostluq və əməkdaşlıq əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev argentinalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə ona fəaliyyətində uğurlar arzulayıb.
Prezident başsağlığı məktubu göndərib
Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə xanım Begum Nüsrət Bhuttonun vəfatı ilə əlaqədar başsağlığı məktubu göndərib. Dövlətimizin başçısı xəbəri kədər hissi ilə qarşıladığını bildirərək, bu ağır itki ilə əlaqədar pakistanlı həmkarına və onun ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev 2010-cu il dekabrın 10-da Moskva şəhərində imzalanmış "Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Müqaviləsi"nin təsdiq edilməsi barədə,
Elin Emin oğlu Süleymanovun Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi və Elin Emin oğlu Süleymanova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında, eyni zamanda Yaşar Teymur oğlu Əliyevin Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılması barədə Fərman və Sərəncamlar imzalayıb.