PDF Oxu

Siyasət

  • 26

Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında acizdir

Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında acizdir

Sentyabrın 21-də işğalçı Ermənistanın müstəqilliyinin 20 illiyi münasibəti ilə Yerevanda keçirilən hərbi paradda bu ölkənin silahlı qüvvələrinin, eləcə də, hərbi texnikasının acınacaqlı vəziyyətdə olduğu bir daha əyani şəkildə sübut olundu. Əgər nəzərə alsaq ki, bu qondarma paradda istifadə olunan bütün texnikalar heç nəyə yaramır, ordunun "qüdrəti" heç bir müasir standartlara cavab vermir, eləcə də, bu dövlətin rəsmi tədbirlərində Ermənistanın deyil, Rusiyanın bayrağı dalğalanır, bu zaman həmin dövlətin bütövlükdə yararsız, vassal və gücsüz olduğu ifşa edilir.

Bu reallıq artıq bir aksiom kimi öz təsdiqini tapıb. Belə ki, qısa müddət ərzində digər bir fakt da öz sübutunu tapdı ki, bu da özüyeriyən hərbi texnikaların qoşqularla paraddan keçməsi idi. Daha dəqiq desək, bu paradı nasaz texnikaların paradı kimi də təqdim etmək mümkündür.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında bu mövzuya toxunarkən vurğulayıb ki, Ermənistan ordusu, həqiqətən də, cılız və paslanmış hərbi texnika tullantısından ibarətdir: "Onların keçirdiyi dırnaqarası "hərbi parad"dan sonra hamı bildi ki, Ermənistan ordusu necə vəziyyətdədir, hansı acınacaqlı vəziyyətdədir. Mən, yəqin ki, siz də, bütün ictimaiyyət də ilk dəfə görmüşük ki, hərbi texnika özü yeriyə bilmir, onları qoşqular, yük maşınları üzərində paraddan keçirib nümayiş etdirirdilər. Bunun bir neçə səbəbi ola bilər. Ya o texnika işləmir, nasaz vəziyyətdədir, ya orada yanacaq yoxdur, ya da ki, hər ikisi. Çox güman ki, hər iki amil burada rol oynayıb. Bu parad bir daha onu göstərdi ki, Ermənistan müstəqil ölkə deyil, forpostdur. Əgər bu barədə əvvəlki dövrdə də kifayət qədər yüksək rütbəli, vəzifəli şəxslər bəyanatlar vermişdilərsə, bu paradda gördüyümüz mənzərə bunu bir daha təsdiq edir ki, Ermənistan forpost olaraq qalır".

Başqa tərəfdən, nasaz hərbi texnika ilə yanaşı, işğalçı dövlətin canlı qüvvəsində də bir sıra ciddi problemlər mövcuddur. Həmin problemlərdən biri də hərbi nizam-intizamın olmaması məsələsidir. Xatırlatmaq yerinə düşərdi ki, qondarma paradda hərbi keçid edən Ermənistan əsgərcikləri bütün mənalarda peşəkarlıqdan nə qədər kənar olduqlarını öz nizamsız keçidləri ilə isbat etdilər. Adicə əsgəri yürüş zamanı addımların, eyni zamanda, atılmaması, ordu hissələrinin qarışıq vəziyyətdə keçid etməsi dünya ictimaiyyətinin, hərbi ekspertlərin gözlərindən yayınmadı. Bu, həm də orduda özbaşınalığın bariz nümunəsidir.

Eləcə də, hərbi məsələlərə heç bir aidiyyatı olmayan din xadimlərinin bu paradda "mötəbər yer" almaları beynəlxalq aləmdə də çaşqınlıq yaratdı. Və sübut olundu ki, bu ölkədə bütövlükdə demoqrafik vəziyyət acınacaqlıdır. Bu barədə də fikrini bildirən dövlət başçısı İlham Əliyev qeyd edib ki, orada din xadimlərinin iştirakı da, sadəcə olaraq, yumşaq desək, təəccüb doğurur: "Özü də əsgəri addımlarla addımlayan keşişlər - buna söz tapmaq çətindir. Biz başa düşürük ki, Ermənistan işğalçı siyasəti nəticəsində demoqrafik fəlakətlə üzləşib. Amma bu dərəcədə təsəvvür etmirdik ki, artıq din xadimləri də orada həqiqi hərbi xidmətə cəlb edilirlər. Bu, nə qədər gülməli səslənsə də, bir o qədər də faciəvidir. Hesab edirəm, onlar tezliklə dərk etməlidirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli onların maraqlarına xidmət edəcək".

Digər bir amil- Rusiya ordusunun Gümrüdəki hərbi bazasında xidmət edən erməni hərbçilərin Rusiya bayrağı altında hərbi keçid etmələri Ermənistanın müstəqil olmadığını, forpost olduğunu açıq şəkildə göstərir. Əgər belə olmasa idi, rus bazasında xidmət edən erməni hərbçiləri öz ölkələrinin bayrağına hörmət edib, onun altından keçərdilər. Əlbəttə ki, bunu etmək istəsəydilər belə, Rusiya bu məsələdə onlarla razılaşmayacaqdı. Bu isə yuxarıda qeyd edilən forpost faktorunun sübutu kimi dəyərləndirilməkdədir. Məh bu amilə xüsusi olaraq toxunan Prezident İlham Əliyev bir daha xatırladıb ki, Ermənistan heç vaxt müstəqil dövlət olmayıb: Həm Azərbaycanda, həm Ermənistanda keçirilən hərbi paradlar kimin kim olduğunu əyani şəkildə göstərdi".

Prezidentin fikrincə, Ermənistanda hərbi paradın keçirilməsi onların böyük səhvi idi: "Çünki əgər o vaxta qədər onlar, həmişə olduğu kimi, mifologiya hesabına, yaxud da ki, fantaziyalar hesabına kimi isə inandırmağa çalışırdılar ki, ən döyüşkən ordu Ermənistan ordusudur.

Ermənistanin zəif və gücsüz ordusundan fərqli olaraq, Azərbaycan Ordusu daim yüksəlişə və qələbəyə doğru müasirləşir, davamlı olaraq inkişaf edir. Ali Baş Komandan İlham Əliyev bu sahəyə xüsusi diqqətin ayrıldığını söyləməklə, vurğulayır ki, Azərbaycan ordusu bütün cəhətlərdən Ermənistan ordusundan daha güclüdür və daha peşəkardır. Bu amil özünü iyunun 26-da keçirilmiş hərbi paradda da təsdiqlədi. Azərbaycan Silahlı Qüvvələrinin bütün növlətində gedən modernləşmə, canlı qüvvənin ən inkişaf etmiş silahlarla təmin olunması, zenit-raket komplekslərinin ən müasir hərbi standartlara cavab verməsi nəinki ölkəmizdə, eləcə də, xarici ölkələrdə heyranlıqla qarşılandı. Bu, Azərbaycanın gücü, qüdrəti və şərəfli ordusunun dünya tərəfindən tanınması idi.

Azərbaycan dövlətinin xüsusi tədbirlər həyata keçirdiyini qeyd edən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ötən illər ərzində ordumuzun xeyli gücləndiyini və müasir standartlara cavab verdiyini nəzərə çatdırıb. "Azərbaycan torpaqları işğal altındadır. Biz elə etməliyik ki, hərbi imkanlarımızı maksimum dərəcədə gücləndirək. Bunu etmək üçün çox böyük işlər, praktik tədbirlər görülür. Son illərdə Azərbaycanda ordu quruculuğu məsələləri uğurla həll olunur. Biz gündəlik həyatda elə etməliyik ki, hərbi potensialımızı daha da gücləndirək və Azərbaycan Ordusu ən yüksək standartlara cavab versin".

Həqiqətən də, son illərdə Azərbaycan dövləti tərəfindən orduya göstərilən qayğı və diqqət nəticəsində Azərbaycanın hərbi potensialı yüksəlmiş, müdafiə qabiliyyəti artmışdır. Bilavasitə, Prezident tərəfindən ordunun müasirləşdirilməsi və hərbi texnikanın yenilənməsi istiqamətində əməli addımlar atılmışdır. Bütün bunlar isə Azərbaycanın düşdüyü vəziyyətlə bağlıdır. Bu vəziyyət də işğala və düşmən hücumuna məruz qalmış Azərbaycanı öz müdafiə qabiliyyətini artırmağa sövq edir. Prezident İlham Əliyevin də dediyi kimi, müharibə hələ bitməmişdir, Azərbaycan müharibə şəraitindədir. Bunu nəzərə alaraq bütün zəruri addımlar atılmalıdır. "Müharibə bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır. Biz elə etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək".

Nəticədə, onu da vurğulamaq yerinə düşərdi ki, Ermənistan daim Azərbaycandan çəkinmiş, qorxmuş və bunu bütün rəsmi və qeyri-rəsmi görüşlərdə hərəkətləri ilə göstərmişdi. Hələ 2006-cı ildə Azərbaycan və Ermənistan prezidentlərinin Paris yaxınlığındakı Rambuye sarayında görüşü zamanı Robert Köçəryanın qorxaqlıq göstərərək, qeyri-etik və qeyri-diplomatik tərzdə görüşü tərk etməsi, elə həmin il beynəlxalq futbol yarışı zamanı "Pünik" komandasının "Neftçi" ilə oyundan qorxaraq, imtina etməsi ermənilərin nəinki hərbi, eləcə də, digər bütün səviyyələrdə ölkəmizlə qarşı-qarşıya gəlməkdən çəkindiyini açıq şəkildə isbatlayır. Və bu, o deməkdir ki, gec-tez Ermənistan dövləti Azərbaycan qarşısında aciz qalmasını əməli olaraq, yəni bunu etiraf edərək açıqlamağa məcbur qalacaq.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər