Türkdilli ölkələrin və toplumların kütləvi informasiya vasitələri dövlətlərimizin və xalqlarımızın bir-biri ilə daha da yaxınlaşmasına, ortaq mədəni-mənəvi dəyərlərin təbliğinə, habelə müasir inkişafın müxtəlif aspektləri barədə dünyada çevik və dolğun məlumatların yayılması işinə böyük töhfələr verə bilərlər. AzərTAc xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun iştirakçılarına təbrik məktubunda əksini tapıb.
Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun keçirilməsi münasibətilə iştirakçıları təbrik edən dövlətimizin başçısı qeyd edib ki, müştərək mənafelərin təzahürü olaraq yaranmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY və digər təşkilatlar çərçivəsindəki fəaliyyət ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələri gücləndirməklə yanaşı, dövlətlərimizin beynəlxalq aləmdə yerinin möhkəmlənməsinə və nüfuzunun artmasına da mühüm təsir göstərib.
Məktubda vurğulanıb ki, xalqlarımız arasında münasibətlərin inkişafında rəsmi qurumlarla yanaşı, vətəndaş cəmiyyəti institutlarının, media orqanlarının, elm və mədəniyyət xadimlərinin rolu xüsusi əhəmiyyətə malikdir. İnteqrasiya meyillərinin getdikcə dərinləşdiyi müasir dünyada mətbuatın, informasiya istehsalı və ötürülməsi ilə məşğul olanigər qurumların lokal və dünya miqyasında cərəyan edən proseslərə təsiri durmadan artır.