"Bu ilin doqquz ayında biz bütün sahələr üzrə işimizi sistemli şəkildə qurmuşuq. Bu, artıq gözəl ənənədir. Hər bir sahə üzrə konkret proqramlar vardır. Azərbaycanda məqsədyönlü proqramların sayı təqribən 50-yə yaxındır və onların hamısının konkret maliyyə mənbəyi, icra mexanizmi, icra müddəti göstərilmişdir. Bizim bütün işlərimiz konkret xarakter daşıyır və uğurlarımızın da səbəbi məhz bundan ibarətdir- Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bəyan edib.
9 ayda kənd təsərrüfatı istehsalı 7,6 faiz artıb
Aqrar sektorda əldə olunan inkişaf tempinə xüsusi önəm verən dövlət başçısı çıxışında bu sahədə görülən işlərin və qarşıda duran vəzifələrin icrasına geniş yer ayırıb: "Doqquz ayda kənd təsərrüfatı istehsalı artmışdır. Bu da çox müsbət haldır. Çünki kənd təsərrüfatının inkişafı üçün konkret tədbirlər həyata keçirilir, proqramlar icra edilir və xüsusilə gələn il daha böyük proqramlar icra ediləcəkdir. Bildiyiniz kimi, dövlət bu sektorun inkişafı üçün çox böyük vəsait ayırır, güzəştlər verilibdir. Texnikanın gətirilməsi, güzəştli şərtlərlə kreditlərin verilməsi, subsidiyalar- bütün bunlar kənd təsərrüfatının inkişafına xidmət göstərir.
Təsadüfi deyildir ki, bu ilin 9 ayında kənd təsərrüfatı istehsalı 7,6 faiz artmışdır. Bu sahə, eyni zamanda, böyük sosial məna daşıyır, çünki əhalinin təxminən yarısı aqrar bölgələrdə yaşayır. Beləliklə, kənd təsərrüfatının inkişafı nəticəsində məhsuldarlıq artır, əkin sahələri çoxalır. Meliorativ tədbirlərin görülməsi nəticəsində biz növbəti illərdə daha böyük həcmdə yeni torpaqların dövriyyəyə buraxılmasına nail olacağıq".
Ölkə Prezidenti əmin olduğunu bildirib ki, bundan sonra kənd təsərrüfatı ilə bağlı tədbirlər ardıcıllıqla aparılacaq: "Bununla bərabər, biz gərək yeni bazarlara çıxış üçün indidən çox ciddi fikirləşək və işləyək. Bu işlər aparılır. Xüsusilə, nəzərə alsaq ki, bizim üçün ənənəvi olmayan bazarlarda kənd təsərrüfatı məhsullarımızı, emal sənayemizin məhsullarını gözləyirlər, biz sadəcə olaraq, siyasətimizi düzgün şəkildə aparmalıyıq, daxili istehsalla daxili istehlakı və xarici bazarlara çıxışımızı uzlaşdırmalıyıq ki, Azərbaycanda gələcəkdə daha da böyük həcmdə istehsal olunacaq kənd təsərrüfatı məhsulları öz müştərilərini tapa bilsin".
Azərbaycanın valyuta ehtiyatları 40 milyard dolları ötüb
Dövlət başçısı ölkəmizin gəlirlərinin ötən müddətdə daha da çoxaldığını xüsusi vurğulayıb: "Deyə bilərəm ki, bu ilin 9 ayında maliyyə vəziyyətimiz də bütövlükdə böyük dərəcədə yaxşılaşıb. Bu il ərzində baxmayaraq ki, böyük infrastruktur layihələrini icra edirik, bizim valyuta ehtiyatlarımız azalmır, əksinə artır. Doqquz ayda ehtiyatlarımız təxminən 11 milyard dollar həcmində artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 40 milyard dolları ötübdür. Bu, çox böyük bir göstəricidir. İnkişaf etmiş ölkələrin göstəricilərinə nəzər salsaq görərik ki, Azərbaycan bu sahə üzrə heç kimdən geri qalmır, bir çox ölkələri qabaqlayır".
Ölkə rəhbəri qarşıdakı müddətdə valyuta ehtiyatlarının artacağını bildirib: "Nəzərə alsaq ki, düzgün neft-qaz siyasətimiz, strategiyamız vardır və investisiya qoyuluşunu gözlənilən gəlirlərlə daim uzlaşdırırıq, şübhə yoxdur ki, növbəti illərdə də investisiya və sosial xərcləri azaltmadan valyuta ehtiyatlarımızı daha da artıracağıq. Bu, bizim böyük sərvətimizdir. Bu, həm bizə iqtisadi güc verir, investisiya layihələrini icra etməyə imkan yaradır, eyni zamanda, bizi istənilən çətinliklərdən, böhranlardan qoruyur və qoruyacaqdır".
Azərbaycan Prezidenti bu həcmdə valyuta ehtiyatlarının yığılmasının başlıca səbəbini 1999-cu ildə Azərbaycan Dövlət Neft Fondunun yaradılması və fondun fəaliyyətinin şəffaflığı ilə bağlayıb: "Əldə olunan bütün gəlirlər şəffaf, etibarlı şəkildə qorunur, saxlanılır, idarə olunur və indiki mərhələdə ölkəmizin inkişafı ilə bağlı olan layihələrə yönəldilir. Gələcək mərhələdə, növbəti ildən başlayaraq maliyyə resurslarımızı şaxələndirmək üçün biz bu vəsaitdən müxtəlif ölkələrdə müxtəlif layihələrə investisiya şəklində də istifadə edəcəyik".
Qeyd etmək lazımdır ki, ölkəmizin davamlı inkişafını və əldə olunan gəlirlərlə bağlı şəffaflığın yüksək səviyyədə olmasını beynəlxalq təşkilatlar da qeyd edirlər. Beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi və sosial sahələrdə aparılan islahatları çox yüksək qiymətləndirir, Azərbaycanın kredit reytinqləri artır. Böhranlı illərdə inkişaf etmiş ölkələrin kredit reytinqləri azaldığı bir vaxtda Azərbaycanın kredit reytinqləri artmaqdadır. Dünyanın nüfuzlu təşkilatı- Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyi ilə bağlı növbəti hesablamalarda Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirərək 55-ci yerə layiq görüb. Bütün MDB məkanında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Azərbaycan 1-ci yerdədir.
Sosial müdafiə sahəsində böyük işlər həyata keçirilir
Müşavirədə də qeyd olunduğu kimi, 2011-ci ildə sosial sahədə də çox yaddaqalan hadisələr baş verib. Bu hadisələr onu göstərir ki, ölkə hökumətinin siyasəti sosialyönümlüdür. Həyata keçirilən işlər, sadəcə olaraq, proqramların qəbulu, hansısa bəyanatların verilməsi ilə məhdudlaşmır, bu proqramlar konkret xarakter daşıyır.
Xatırladaq ki, bu il 900 minə yaxın pensiyaçının pensiyası orta hesabla 40 faiz artıb. Bütövlükdə götürsək, 9 ayda Azərbaycanda pensiyaların səviyyəsi 35 faiz artıb. Bu, çox böyük nailiyyətdir və yaşlı nəslin maddi cəhətdən daha da yaxşı təminatı üçün vaxtında atılmış çox düzgün və ədalətli bir addımdır.
Qeyd etmək lazımdır ki, orta maaşın həcmi də artıb. Hazırda Azərbaycanda orta pensiyanın səviyyəsi 190, orta maaşın səviyyəsi isə 450 dollar səviyyəsindədir. Dövlət başçısı bunu yaxşı göstərici adlandırıb, amma qeyd edib ki, bundan da çox olmalıdır: "Biz çalışacağıq növbəti illərdə sosial məsələlərin həlli üçün də əlavə tədbirlər görək ki, bundan sonra da pensiyalar, maaşlar daim artsın. İnsanların yaşayış səviyyəsi artsın və beləliklə, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın".
Xüsusilə, qeyd etmək istərdik ki, sosial cəhətdən ən az, müdafiə olunan vətəndaşlara dövlət Ünvanlı Sosial Yardımı Proqramını təşkil edib. Hazırda bu proqram 113 min ailəni əhatə edir. 500 mindən bir qədər artıq insan dövlətdən hər ay vəsait alır. Orta hesabla hər bir ailə 102 manat, təqribən haradasa 130 dollar səviyyəsində dövlətdən bu yardımı alır. İşsizliklə bağlı Azərbaycanda çox böyük işlər görülüb, hazırda işsizliyin səviyyəsi təqribən 5,5 faizdir. Bu göstəricini xarici ölkələrlə müqayisə edən dövlət başçısı deyib: "Əgər biz inkişaf etmiş ölkələrə baxsaq, görərik ki, bu da çox gözəl göstəricidir. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 20 faiz, 15 faiz səviyyəsindədir, 10 faiz səviyyəsindədir, bizdə isə 5,5 faizdir.
Çox güman ki, yoxsulluq şəraitində yaşayanların da sayı 9,1 faiz deyil, ondan aşağıdır. Ancaq əlbəttə, biz növbəti illərdə həm konkret inzibati addımların və həm də institusional tədbirlərin nəticəsində iqtisadi vəziyyətin tam real mənzərəsini əldə edəcəyik. Hazırda tətbiq olunan yeniliklər, "elektron hökumət" prinsipləri və digər mütərəqqi təşəbbüslər imkan verəcək ki, real mənzərəni 100 faiz səviyyəsində əks etdirən vəziyyət ictimaiyyətə təqdim edilsin".
Regionların inkişafında böyük nailiyyətlər əldə olunub
Bu il regionlarda da, həmişə olduğu kimi, uğurlu investisiya layihələri icra edilib və regionlarda iş yerlərinin açılması ilə bağlı əlavə tədbirlər görülüb. İlin 9 ayında 74 min yeni iş yeri açılıb ki, onlardan 50 mini daimi iş yeridir. Beləliklə, son 8 il ərzində Azərbaycanda 950 minə yaxın yeni iş yeri açılıb.
Hazırda Regional İnkişaf Proqramı uğurla icra edilir. Vaxtaşırı o proqrama əlavələr, dəyişikliklər edilir. Prezidentin Ehtiyat Fondundan bu il ərzində bölgələrə kifayət qədər vəsait ayrılıb, bu məbləğlər daha çox sosial-iqtisadi infrastruktur layihələrinin icrasına yönəldilib.
Bu il Bakının kənd və qəsəbələrinin inkişafı ilə bağlı çox geniş və konkret proqram qəbul edilib. İndi bütün qəsəbələrdə çox böyük quruculuq-abadlıq, bərpa işləri aparılır. Bütün infrastruktur yenilənir, yeni qaz, su, kanalizasiya xətləri çəkilir, elektrik enerjisi ilə təminat yaxşılaşdırılır, məktəblər, xəstəxanalar, tibb ocaqları, poliklinikalar tikilməkdədir.
Elçin Bayramlı