PDF Oxu

Siyasət

  • 27

Bütün bölgələrimizdə əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün mühüm işlər görülür

Bütün bölgələrimizdə əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün mühüm işlər görülür

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağdaş şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidentinə Heydər Əliyev abidə kompleksində aparılan yenidənqurma işləri barədə məlumat verildi. Qeyd olundu ki, 7 hektar ərazini əhatə edən kompleksdə əsaslı abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Kompleksdə 30 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılmış, mərmər lövhələrdə dövlət atributları, tarixi keçmişimizi əks etdirən memarlıq elementləri yaradılmışdır. Müasir dizaynı ilə seçilən fəvvarələr kompleksə xüsusi gözəllik verir. Kompleksin ərazisindəki Heydər Əliyev Mərkəzi əsaslı yenidənqurmadan sonra xüsusi görkəm almışdır. Mərkəzdəki muzeyin 9 bölməsində ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətini əks etdirən 200-dən çox eksponat nümayiş etdirilir.

Burada üç böyük salondan ibarət möhtəşəm kompleks yaradılmışdır. Salonlarda elektron kitabxana, ideoloji mərkəz, muzey, uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması üçün müxtəlif dərnəklər fəaliyyət göstərir.


Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışı olub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfəri çərçivəsində oktyabrın 30-da Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak edib. Dövlətimizin başçısı yolun texniki-iqtisadi göstəricilərini, təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxdı. Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsində görülmüş işlər barədə məlumat verdi. Bildirdi ki, yol "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq dövlətimizin başçısının 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində inşa olunmuşdur. Nəqliyyat Nazirliyinin sifarişçisi olduğu yolu "Azəryolservis" ASC inşa etmişdir.

Qeyd edilmişdir ki, əsaslı şəkildə bərpa olunmuş Ağdaş-Ləki avtomobil yolu Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 267-ci kilometrini Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 238-ci kilometri ilə birləşdirir. Tamamilə yeniləşən, müasir görkəm alan və keyfiyyəti ilə seçilən bu yol respublikamızın şimal-qərb bölgəsi ilə cənub və cənub-qərb bölgələri arasında nəqliyyat əlaqəsinin yaxşılaşması baxımından mühüm əhəmiyyətə malikdir.

Məlumat verildi ki, asfalt-beton örtüklü yolun yatağının eni 12, ikizolaqlı hərəkət hissəsinin eni isə 7 metrdir. Cari ilin iyulunda başlanan bərpa işləri oktyabrda başa çatdırılıb. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.


Prezident İlham Əliyev Ağdaş rayon mərkəzi xəstəxanasının açılışında iştirak edib


Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşa səfəri çərçivəsində mərkəzi rayon xəstəxanasının açılışında iştirak edib. Prezident İlham Əliyev xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, respublikamızda səhiyyə sisteminin yenidən qurulması, əhalinin sağlamlığı üçün müvafiq tədbirlərin daha yaxşı təşkili, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanmasını üzrə dövlət proqramları tibbi xidmətin səviyyəsini də yüksəltmişdir. Ölkəmizin digər bölgələrində olduğu kimi, Ağdaş rayonunda da səhiyyə sahəsində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər Azərbaycanda tibbi xidmətin daha da təkmilləşdirilməsinə və inkişaf etmiş ölkələrdəki səviyyəyə çatdırılmasına geniş imkanlar açır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirlər genofondun qorunmasına, mövcud problemlərin əsaslı həllinə yönəlmişdir.

Bildirildi ki, müasir üslubda layihələndirilən Ağdaş mərkəzi rayon xəstəxanasının binası da yüksək tələblərə cavab verməsi baxımından diqqəti cəlb edir. Xəstəxana binasının tikintisində qabaqcıl təcrübə və müasir texnologiyalardan geniş istifadə edilmişdir.

Qeyd olundu ki, Səhiyyə Nazirliyinin sifarişi əsasında inşa edilən xəstəxana binasının təməli ötən il fevralın 12-də Prezident İlham Əliyevin Ağdaş rayonuna səfəri zamanı qoyulmuşdur. Dünya Bankının maliyyə vəsaiti hesabına inşa edilmiş 100 çarpayılıq xəstəxana kompleksində tikintinin ümumi sahəsi 22 min 500 kvadratmetrdir. Altı korpusdan ibarət üçmərtəbəli səhiyyə ocağında 100 nəfərədək tibb heyəti çalışır. Prezident İlham Əliyev poliklinika şöbəsi ilə tanış oldu. Bildirildi ki, müasirliyi ilə seçilən poliklinika şöbəsi ən müasir avadanlıqla təchiz olunmuşdur. Burada operativ və yüksək səviyyədə tibbi xidmət üçün hərtərəfli şərait yaradılmışdır. Hemodializ avadanlığı ən son elmi-texniki yeniliklərə əsaslanır. Burada 8 xəstənin eyni zamanda qəbulu mümkündür. Hemodializ prosedurunun yerinə yetirilməsi zamanı xəstələr televizorda verilişlərə baxa, onlar üçün yaradılan hərtərəfli şəraitdən istifadə edə bilərlər. Ultrasəs müayinə cihazları da dünyanın ən inkişaf etmiş ölkələrində istifadə edilən tibbi avadanlıqlardandır. Həkim otaqlarında da tibbi xidmətin yüksək səviyyədə aparılması üçün hərtərəfli imkanlar yaradılmışdır. Xəstəxanada əməliyyat, müayinə və müalicə otaqları müasir tərtibatı və xüsusi dizaynı ilə seçilir.

Diaqnostika şöbəsi ilə tanışlıq zamanı bildirildi ki, burada yaradılmış hərtərəfli şərait müalicə və müayinə işinin yüksək səviyyədə təşkilinə imkan verir. Diqqəti cəlb edən məqamlardan biri buradakı bütün müasir avadanlığın yerli mütəxəssislər tərəfindən quraşdırılmasıdır. Bu iş yüksək peşəkarlıqla yerinə yetirilmişdir.

Xəstəxanadakı kompyuter-tomoqrafiya və digər cihazlar mükəmməlliyi ilə seçilir. Kompyuter-tomoqrafiya avadanlığı rentgen diaqnostikasının bütün funksiyalarını yerinə yetirir. Orqanizmdə dəyişikliklərin aşkara çıxarılması üçün tətbiq edilən bu cihaz elmin ən son yeniliklərinə əsaslanır. Prezident İlham Əliyev xəstəxananın ikinci mərtəbəsindəki əməliyyat blokunda yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, burada bütün əməliyyatlar xüsusi paneldən Azərbaycan dilində idarə edilir. Bu müasir qurğu vasitəsilə otağın işıqlandırılması, avadanlığın idarə edilməsi, blokun havalandırılması, xəstənin hərarətinə nəzarət və digər əməliyyatlar yerinə yetirilir.

Reanimasiya şöbəsində eyni vaxtda 7 xəstə yerləşdirilə bilər. Buradakı mükəmməl avadanlıq tibbi heyətin xəstələrin eyni vaxtda kardioqramının aparılmasına, neinvazif təzyiqə, temperatura, nəbzin sayına, tənəffüsün tezliyinə nəzarət edilməsinə hərtərəfli imkan yaradır. Həmin avadanlıq əldə edilən informasiyaların uzun müddət saxlanmasına imkan verir. Bütün məlumatlar mərkəzləşmiş qaydada reanimasiyadakı serverə ötürülür.

Sonra dövlətimizin başçısı palataları gəzdi. Bildirildi ki, palatalardakı şərait dünyanın inkişaf etmiş ölkələrinin müalicə müəssisələrindən geri qalmır. Burada da ilin bütün fəsilləri nəzərə alınmaqla xəstələrin hərtərəfli rahatlığı üçün şərait yaradılmışdır. Tibb ocağında stasionarda eyni vaxtda 100 xəstəyə xidmət göstərilə bilər. Təcili tibbi yardım şöbəsi də hər cür avadanlıqla təmin edilmişdir. Burada xəstələrə operativ qaydada yardım göstərilməsi üçün zəruri şərait yaradılmışdır. Xəstəxananın müasirliyi ilə seçilən akt zalı da vardır.

Səhiyyə ocağında yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşdü.

Baş həkim Gülər Məmmədova Ağdaşa göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkdirildi.


Prezident İlham Əliyev Ucarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib


Həmin gün Prezident İlham Əliyev Ucar rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Ucar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, ərazi əsaslı surətdə yenidən qurulmuş, geniş yaşıllaşdırma və abadlıq işləri aparılmış, müasir park salınmışdır. Üç hektara yaxın sahəsi olan parkda dörd müasir fəvvarə, işıqlandırma sistemi quraşdırılmış, dekorativ ağac və gül kolları əkilmişdir. Müasir görkəm almış park ucarlılarla yanaşı, rayona gələn qonaqların da sevimli istirahət guşəsinə çevrilmişdir.

Parkın ərazisində ulu öndərin adının əbədiləşdirilməsi və onun xalqımız və dövlətimiz qarşısındakı böyük xidmətlərinin təbliği və gələcək nəsillərə çatdırılması üçün Heydər Əliyev Mərkəzi inşa olunmuşdur. Şərq memarlıq üslubunda inşa olunan üçmərtəbəli mərkəzin tikintisinə 2009-cu ilin fevralında başlanmışdır. Şəhərin ümumi görünüşünə xüsusi gözəllik verən mərkəz ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu öyrənməyə, Azərbaycan tarixinin bütöv bir mərhələsinə nəzər salmağa imkan verir. Prezident İlham Əliyev Heydər Əliyev abidəsinin müəllifi, Xalq Rəssamı Ömər Eldarov ilə görüşdü.

Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidentinə məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan mərkəzdə ümummilli liderin zəngin irsinə həsr olunmuş ekspozisiya zalı vardır. Burada ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini, eləcə də onun müxtəlif illərdə respublikamızın bölgələrinə, o cümlədən Ucar rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır. Zalda, həmçinin ulu öndərin zəngin irsinin gələcək nəsillərə çatdırılması üçün iki virtual tədris sinfi, kitabxana, ümummilli liderə aid sənədlərin saxlandığı xüsusi guşə fəaliyyət göstərir.

Prezident İlham Əliyev mərkəzin akt zalına baxdı. Orijinal dizaynda yaradılan 200 nəfərlik zal rayon və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Mərkəzin ikinci mərtəbəsində ümummilli liderin büstü ucaldılmışdır. Buradakı tədris siniflərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti öyrənilməklə yanaşı, onun mədəniyyətə, incəsənətə, idmana və digər sahələrə diqqət və qayğısı barədə məlumat veriləcəkdir. Burada, həmçinin xarici dillər mərkəzi, xalça və rəsm studiyaları yerləşir. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmaları, bilik və bacarıqlarını inkişaf etdirmələri üçün kurslar da təşkil olunacaqdır. Bunun üçün internet sinfi və kompyuter mərkəzi qurulmuşdur. Mərkəzin üçüncü mərtəbəsində müasir Azərbaycan rəssamlarının əsərlərinin nümayiş olunduğu rəsm qalereyası fəaliyyət göstərir. Gələcəkdə burada müxtəlif sərgilərin təşkili də nəzərdə tutulmuşdur.

Mərkəzlə yaxından tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Rayon ictimaiyyəti adından çıxış edən Gülzar İsrayılova dövlətimizin başçısına ucarlılar adından minnətdarlıq etdi.

Sonda xatirə şəkli çəkdirildi.


Ucarlı şahmatçılara dəyərli töhfə


Oktyabrın 30-da Prezident İlham Əliyev Ucar rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak edib. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, şahmat kompozisiyası formasında tikilmiş bu tədris ocağının ümumi sahəsi 820 kvadratmetrdir. Şahmat məktəbinin ərazisində yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Birmərtəbəli məktəbdə beş tədris, bir kompyuter otağı və xidməti otaqlar vardır. Məktəbin oyun zalının sahəsi 210 kvadratmetrdir.

Azərbaycan Prezidentinə məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir üslubda inşa olunan bu tədris binası bir növ fiqurlar düzülmüş şahmat taxtasına bənzədilmişdir. Binanın girişi piyada, ətrafı top, mərkəzi hissəsi isə şah fiqurları formasındadır. Buradakı tədris otaqları məktəblilərin şahmatın sirlərinə yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunmuşdur. Elektron biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılmışdır.

Qeyd edildi ki, müasir havalandırma sistemi ilə təchiz olunmuş şahmat məktəbinin oyun zalında ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin şahmata və şahmatçılara diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır. Zalda eyni vaxtda 140 şagird şahmat oynaya bilər. Burada oyunların canlı izlənilməsi üçün xüsusi monitor quraşdırılmışdır.

Bildirildi ki, Ucar şahmatçıları Azərbaycan şahmatının inkişafına töhfələrini verirlər. Yeni şahmat məktəbi ucarlı şahmatçıların daha böyük nailiyyətlər əldə etmələrinə imkan yaradacaqdır.

Dövlətimizin başçısı şahmat üzrə Avropa çempionu, bu ilin aprelində Polşada keçirilən dünya çempionatında 14 yaşlılar arasında ən yüksək nəticə göstərərək dünya çempionu adını qazanmış ucarlı Xatın Bağırova ilə söhbət etdi.

Prezident İlham Əliyev məktəbin kollektivinə uğurlar arzuladı.



Ucarda su-kanalizasiya sistemləri kompleksinin təməli qoyulub


Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar şəhərinin su-kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak edib. İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyevə məlumat verildi ki, Ucar şəhərində mərkəzləşdirilmiş içməli su sistemi 1970-ci illərdə tikilmiş, Göyçay rayonunun Potu kəndi ərazisində qazılmış subartezian quyulardan və suvarma kanallarından mənbə kimi istifadə olunmuşdur. Yeni layihəyə əsasən, Ağsu rayonu ərazisində yerləşən Külüllü su mənbəyi seçilmişdir. Külüllüdə drenaj tipli suqəbuledici qurğunun tikintisi, buradan Ucar şəhərinədək 400 millimetr diametrli 60 kilometr uzunluğunda özüaxımlı magistral su kəmərinin çəkilməsi planlaşdırılır. Layihədə, eyni zamanda, magistral kəmər boyunca yerləşən 15 kəndin də su təchizatı təmin olunacaqdır.

Bildirildi ki, şəhərdə ümumi uzunluğu 108 kilometr olan yeni supaylayıcı şəbəkənin, iki min kubmetr həcmində yeni su anbarının tikilməsi nəzərdə tutulur. Layihəyə əsasən, Ucar şəhərində 90 kilometr uzunluğunda kanalizasiya xətləri çəkiləcək, 15 kanalizasiya nasos stansiyası tikiləcəkdir. Çirkab sularının təmizlənməsi üçün məhsuldarlığı sutkada dörd min kubmetr olan müasir qurğu inşa ediləcəkdir. Layihənin yerinə yetirilməsi ilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Ucar şəhərində 20 min, 15 kənddə isə 32 min nəfərin su təchizatı və kanalizasiya xətlərindən istifadəsi əsaslı şəkildə yaxşılaşdırılacaqdır. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək "Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi"nin 20 aya başa çatdırılması nəzərdə tutulmuşdur. Sonra Ucar şəhərinin yeni su-kanalizasiya sistemləri kompleksinin təməli qoyuldu.

Dövlətimizin başçısı metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı.


Prezident İlham Əliyev Ucar şəhər uşaq xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak edib


Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar şəhər uşaq xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 44 çarpayılıq uşaq xəstəxanasında 90 nəfərədək tibbi heyətin işləməsi nəzərdə tutulmuşdur. Xəstəxananın birinci mərtəbəsində yerləşən 40 nəfərlik konfrans zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Xəstəxanaya müraciət edən xəstələrin hərtərəfli müayinəsi və müalicəsi üçün burada ayrıca poliklinika da vardır.

Qeyd edildi ki, xəstəxananın ikinci mərtəbəsində 10 çarpayılıq cərrahiyyə şöbəsi, bir, iki və üç nəfərlik palatalar və bir əməliyyat otağı vardır. Üçüncü mərtəbədə isə 4 çarpayılıq reanimasiya və 20 çarpayılıq pediatriya şöbələri fəaliyyət göstərəcəkdir. Xəstəxana müasir standartlara cavab verən müayinə və müalicə avadanlığı ilə təchiz olunmuşdur.

X X X

Sonra Prezident İlham Əliyev Ucar mərkəzi rayon xəstəxanasının yenidənqurmadan sonra istifadəyə verilmiş poliklinikasında oldu.

Məlumat verildi ki, ikimərtəbəli poliklinika binası hazırda inşası davam etdirilən Ucar mərkəzi rayon xəstəxanasının bir hissəsi olmaqla tam şəkildə yenidən qurulmuşdur. Birinci mərtəbədə laboratoriya, ginekologiya, dəri-zöhrəvi kabinələri, həkim otaqları vardır. Sahə həkimləri də burada fəaliyyət göstərəcəklər. Poliklinikada sarğı otağı, fizioterapiya, ultrasəs müayinəsi, rentgen, laboratoriya, elektrokardioqrafiya, elektroensofoloqrafiya, stomatologiya və oftalmologiya kabinələri də fəaliyyət göstərir.

X X X

Daha sonra Prezident İlham Əliyev tikintisi davam etdirilən Ucar mərkəzi rayon xəstəxanasının baş planı ilə tanış oldu.

Xəstəxananın əvvəlki binasının fotoşəkillərinə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, 1970-ci ildə inşa olunmuş köhnə bina indiyədək təmir olunmadığından yararsız hala düşmüşdü. Yeni xəstəxana üçün 4,4 hektar torpaq sahəsi ayrılmışdır. Bu ərazinin 1,2 hektarında ikimərtəbəli 4 korpusdan ibarət kompleks tikiləcəkdir. Xəstəxananın ərazisində təcili tibbi yardım üçün də ayrıca bina inşa olunmuşdur. Bundan əlavə, rayon patoloji anatomiya və ekspertiza şöbəsinin, o cümlədən uşaq xəstəxanasının da mərkəzi rayon xəstəxanasının yaxınlığında yerləşməsi vətəndaşlara daha yaxşı və keyfiyyətli tibbi xidmətin göstərilməsinə imkan verəcəkdir. Burada ümumilikdə 350 nəfər tibbi heyət çalışacaqdır.

Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verdi.


Prezident İlham Əliyev Ağsu şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib


Oktyabrın 30-da Prezident İlham Əliyev Ağsu rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidentinə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi.


Ağsuda Regional Qaz İstismar Sahəsinin açılışı olub

Prezident İlham Əliyev oktyabrın 30-da Ağsu Regional Qaz İstismar Sahəsinin açılışında iştirak edib. Dövlətimizin başçısına məlumat verildi ki, Ağsuda Regional Qaz İstismar Sahəsi üçün yeni inzibati binanın tikintisi ətraf rayonların da qazlaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinə həsr olunmuş fotoguşə yaradılmışdır. Binanın bütün otaqlarında müasir mebel və kompyuter avadanlığı quraşdırılmışdır.

Azərbaycan Prezidentinə Ağsu rayonunun qazlaşdırılması sxemi təqdim olundu. Bildirildi ki, rayonun yaşayış məntəqələrinə bir-birinin ardınca təbii qazın verilişi bərpa olunur və yaxud da yeni xətlər çəkilir. İndiyədək rayon üzrə 1847 abonentin mexaniki sayğacı "smart kart" tipli sayğacla əvəz olunmuşdur.

Dövlətimizin başçısına təqdim olunan digər stend isə regional sahənin fəaliyyəti ilə bağlı idi. Məlumat verildi ki, indiyədək Ucarda 5 min 191, Ağdaşda 12 min 683, Kürdəmirdə 9 min 453, Göyçayda 9 min 547 abonent təbii qazla təmin olunmuşdur.

Prezident İlham Əliyev bu prosesin daha sürətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verdi. Sonra dövlətimizin başçısı binanın ikinci mərtəbəsində konfrans zalı və iş otaqlarında yaradılmış şəraitlə tanış oldu.


Ağsu mədəniyyət və istirahət parkı əsaslı bərpa və yenidənqurmadan sonra açılıb


Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsuda mədəniyyət və istirahət parkının əsaslı bərpa və yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlətimizin başçısına məlumat verildi ki, parkın 9 metr hündürlüyündə 4 sütunlu giriş qapısı milli Azərbaycan memarlığı üslubunda inşa olunmuşdur. İlyarım ərzində başdan-başa yenidən qurulmuş parkın ərazisi 1,6 hektardır. Burada yeni quraşdırılmış fəvvarə parka xüsusi yaraşıq verir. Sakinlər üstü örtülü 6 istirahət guşəsindən istifadə edə biləcəklər. Mədəniyyət və istirahət parkında uşaqlar üçün maraqlı attraksionlar quraşdırılmış, xalq nağıllarının motivlərini əks etdirən guşə və səhnə yaradılmışdır. Parkda yaşıllaşdırma işləri zamanı əvvəldən mövcud olan həmişəyaşıl bitkiləri saxlamaqla yanaşı, 7,5 min kvadratmetr ərazidə yeni ağaclar və gül kolları əkilmişdir.


Ağsuda yeni çörək zavodu istifadəyə verilib

Prezident İlham Əliyev oktyabrın 30-da Ağsuda çörək zavodunun açılışında iştirak edib. Dövlətimizin başçısı zavodu işə saldı.

İstehsal prosesi ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, müəssisə əsas sexdən və yardımçı sahələrdən ibarətdir. Burada Rusiya və Ukraynanın bu sahə üzrə ixtisaslaşmış zavodlarında buraxılan ən müasir çörəkbişirmə sobasının, qıcqırtma avadanlığının və digər qurğuların quraşdırılması yüksək keyfiyyətli məhsul hazırlamağa imkan verir. Zavod mühəndis kommunikasiyaları ilə tam təmin olunmuşdur. Sutka ərzində əhalini 5 ton çörəklə təmin edəcək müəssisədə 12 nəfər işləyəcəkdir.

Çörək məhsulları satış şəbəkəsinə xüsusi ixtisaslaşmış avtomaşınlarla daşınacaqdır. Zavodun ərazisi yüksək səviyyədə abadlaşdırılmışdır.

Dövlətimizin başçısı zavodun açılışı münasibətilə təbriklərini çatdırdı, kollektivə uğurlar arzuladı.


Ağsu şəhər stadionu istifadəyə verilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Ağsu şəhər stadionunun açılışında iştirak edib. Dövlətimizin başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsdi. Bu müasir idman qurğusunun təməli 2009-cu il oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Ağsu rayonuna səfəri çərçivəsində qoyulub.

Stadionla tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, dörd sektorda üç min tamaşaçı yeri olan stadionun süni örtük döşənmiş meydançası müasir standartlara cavab verir. Burada yüksək səviyyəli yarışların keçirilməsi mümkündür. Tribunaların üstünə metal konstruksiyalardan ibarət örtük quraşdırılmışdır. Bundan əlavə, burada daha iki mini stadion idmançıların ixtiyarına verilmişdir. Kompleksə 4 işıqlandırma lövhəsi, elektron tablo, kafe, inzibati bina və digər yardımçı obyektlər daxildir.

İnzibati binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri qayğının müxtəlif məqamlarını əks etdirən fotoguşə yaradılmışdır. Burada konfrans zalı, həkim məntəqəsi, soyunub-geyinmə və yuyunma otaqları vardır. Stadionun ətrafına 840 metr uzunluğunda hasar çəkilmiş və "Gülbax" daşları ilə üzlənmişdir. Stadionun yaşıllaşdırma işlərinə də xüsusi diqqət yetirilmişdir. Dövlətimizin başçısının Azərbaycan gəncliyinin sağlam ruhda böyüməsinə göstərdiyi diqqət və qayğının daha bir təzahürü olan bu qurğu Ağsuda idmana olan marağı artırmaqla yanaşı, peşəkar idmançıların yetişməsində də həlledici rol oynayacaqdır. Stadionda yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev təbriklərini çatdırdı, tapşırıqlarını verdi.


Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzi açılıb


Oktyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Bildirildi ki, mərkəzin təməli 2009-cu il oktyabrın 29-da Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə qoyulmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş mərkəzin həyətində Ağsudan olan tanınmış incəsənət xadimləri Mikayıl Mirzə, Səməndər Rzayev və Rasim Balayevə həsr olunmuş guşədə onların həyatına və sənət fəaliyyətinə aid eksponatlar vardır. Mərkəzin yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq işləri görülmüş, çoxlu sayda ağac və gül kolları əkilmiş, bütün lazımi infrastruktur yaradılmışdır. Binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə həsr olunmuş fotoguşələr yaradılmışdır.

Mərkəzlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, burada tar, kamança, piano və digər musiqi fənləri tədris olunacaqdır. Tədris sinifləri və digər yardımçı otaqlar ən müasir avadanlıqla təchiz edilmişdir. Xalq sənətinin tanınmış nümayəndələrindən biri Aşıq Şakirə həsr olunmuş otaq da maraqlı eksponatları ilə diqqəti cəlb edir. Mərkəzin 80 yerlik zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev Ağsu Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında Rauf Hacıyevin "Azərbaycan" mahnısını dinlədi.

Sonda xatirə şəkli çəkdirildi.


Prezident İlham Əliyev Ağsuda "Az-Granata" MMC-nin şirə və şərab emalı zavodunun

açılışında iştirak edib


Prezident İlham Əliyev oktyabrın 30-da Ağsuda "Az-Granata" MMC-nin şirə və şərab emalı zavodunun açılışında iştirak edib. Bildirildi ki, zavodun fəaliyyətə başlaması regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla həyata keçirilməsinin bariz nümunəsidir. On iki hektardan çox ərazini əhatə edən müəssisə beşmərtəbəli inzibati binadan, üçmərtəbəli oteldən, 20 min kvadratmetr istehsal sahəsindən və digər yardımçı sahələrdən ibarətdir. Bundan əlavə, ərazidə 6 artezian quyusunun qazılması və saatda 40 ton su təmizləyən qurğunun tikilməsi müəssisənin fasiləsiz təmiz su ilə təchizatını təmin edəcəkdir. Burada bütün infrastruktur, mühəndis qurğuları ən müasir səviyyədə qurulmuşdur. Zavodda il ərzində 50 min ton meyvə şirəsi və 12 min ton şərab hazırlanacaqdır. Hazır məhsulun satışını təmin etmək məqsədi ilə Bakıda iki min tonluq anbar tikilmiş, satış mərkəzi və regional satış nümayəndəlikləri yaradılmışdır.

Prezident İlham Əliyev zavodun maketi ilə tanış olduqdan sonra müəssisəni işə salan düyməni basdı, meyvələrin qəbulu və emalı prosesini izlədi.

Bildirildi ki, saatda 9-15 ton meyvə qəbul etmək gücünə malik olan müəssisədə ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ümummilli liderin ölkəmizdə kənd təsərrüfatının inkişafındakı xidmətlərini əks etdirən fotoguşə yaradılmışdır. Burada ölkəmizdə şərab istehsalının tarixini əks etdirən fotolar da yer almışdır.

Dövlətimizin başçısı zavodun şərab anbarı ilə tanış oldu. Diqqətə çatdırıldı ki, zavodda üç növ üzüm sortundan hazırlanan "Ağsu", "Qaragöz" və "Bellus" brendləri istehsal edilir. Şərablar ABŞ palıdından hazırlanan xüsusi çəlləklərdə saxlanılır.

Prezident İlham Əliyev şərabın hazırlanması və emalı prosesi ilə tanışlıqdan sonra meyvə şirəsinin qablaşdırılması bölməsinə gəldi. Bildirildi ki, burada gün ərzində 240 ton meyvə şirəsi qablaşdırmaq mümkündür. Zavodda alman layihəsinə uyğun olaraq, mükəmməl mərkəzləşdirilmiş boru şəbəkəsi vardır.

Azərbaycan Prezidenti şərab qablaşdırılması, hazır məhsulun saxlanılması və inkubasiya bölmələri ilə də tanış oldu, vitamin şirələrinin hazırlanması prosesini izlədi. Müəssisənin texnoloji prosesi ilə tanışlıq zamanı məlumat verildi ki, zavodun istehsal bölmələrində 15 növ meyvə şirəsi istehsal olunur. Burada iki milyon paket hazır məhsul saxlamaq üçün anbar da vardır. Sonra Prezident İlham Əliyev müəssisənin inzibati binası ilə tanış oldu. Beşmərtəbəli binada müasir iş şəraiti yaradılmışdır.

Dövlətimizin başçısı hazır məhsulun təqdimatı otağında oldu. Bildirildi ki, zavodun 700 hektar bağ sahəsinə dörd illik yoxlamadan sonra "BİO" sertifikat verilmişdir. Zavod öz məhsullarını respublikamızın şəhər və rayonları ilə yanaşı, MDB və Avropa ölkələrinə də göndərəcəkdir. İlkin mərhələdə 180 nəfərin çalışacağı müəssisədə sonradan işçilərin sayı 350-yə çatacaqdır.

Müəssisənin fəaliyyəti məhsul istehsalı ilə məhdudlaşmır. Şamaxı və Ağsu rayonları ərazisində müəssisənin balansında 1000 hektar yararlı torpaq sahəsi vardır. Həmin sahələrin 700 hektarında üzüm və nar bağları salınmışdır. Bağlarda hazırda 500 işçi çalışır. Gələcəkdə salınacaq bağlar üçün daha 600 hektar sahənin ayrılması nəzərdə tutulur. Ümumiyyətlə, zavodda və ona məxsus bağlarda yaxın gələcəkdə 1500-1800 nəfərin işlə təmin olunması gözlənilir. Üzüm və nar bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika alınmışdır. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir. Ən başlıcası isə bu müəssisə rayonda əhalinin məşğulluğunun təminatında əhəmiyyətli rol oynayacaqdır. Zavodla tanışlıqdan sonra dövlətimizin başçısı müəssisənin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Rayon sakini ,"Az-Granata" MMC-nin əməkdaşı Natiq Məmmədov ölkəmizin bütün regionları kimi, Ağsu rayonuna da göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.


Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı görülən işlərlə tanış olub


Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonundan qayıdarkən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı görülən işlərlə tanış olub. Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, hazırda ölkəmizdə icra olunan çoxsaylı yol-nəqliyyat infrastrukturu layihələrindən biri dövlətimizin başçısının tapşırığı ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı şəkildə yenidən qurulmasıdır. Ölkəmizin mühüm regionlarını birləşdirməsi baxımından əhəmiyyət daşıyan bu yol uzun müddət əsaslı təmir edilmədən istismarda olmuşdur. Buna görə də Prezident İlham Əliyevin tapşırığı ilə 2010-cu ilin martından yolun əsaslı şəkildə yenidən qurulmasına başlanmışdır. Prezident İlham Əliyev burada görülən işləri əks etdirən stendlərə baxdı.

Bildirildi ki, layihə dəyəri 404 milyon dollar olan yolu fərqləndirən cəhət bəzi yerlərdə çətin dağlıq ərazidən və sürüşmə zonalarından keçməsidir. Xüsusilə mürəkkəb relyefə malik Ağsu aşırımında tez-tez baş verən sürüşmələrin magistrala ziyan vurmasının qarşısını almaq və nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün ərazidə daha geniş bərkitmə və torpaq işləri aparılır. İcra müddəti iki il olan layihəyə əsasən, bütövlükdə yolun əsaslı şəkildə yenidən qurulması zamanı iki milyon 587 min kubmetr torpaq işləri görüləcək, 293 suötürücü boru quraşdırılacaq, magistral üzərindəki altı körpü sökülərək yenidən tikiləcəkdir. Yola üç lay olmaqla 357 min ton asfalt döşənəcəkdir.

Prezident İlham Əliyev yolun vaxtında və yüksək səviyyədə yenidən qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Digər xəbərlər