Noyabrın 11-də Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstan Prezidenti Pal Şmitt biznes forumda iştirak ediblər.
Forum iştirakçıları dövlət başçılarını hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev biznes forumda çıxış edərək bildirdi ki, əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Əlaqələrimiz tarixi köklər üzərində qurulub: "Bu gün Macarıstan-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür - Macarıstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Bu səfər, əlbəttə ki, əlaqələrimizin tarixində xüsusi yer tutacaqdır, çünki bu, birinci rəsmi səfərdir. Mən üç il bundan əvvəl Macarıstana rəsmi səfər etmişəm və səfərin nəticələri çox uğurlu olmuşdur. Çünki o səfərdən sonra ikitərəfli əlaqələrimizin inkişafında yeni mərhələ başlanmışdır. Əminəm ki, cənab Prezident, Sizin səfəriniz, eyni zamanda, münasibətlərimizin inkişafı üçün çox əhəmiyyətli olacaqdır.
Bu gün keçirdiyimiz görüş və apardığımız danışıqlar, fikir mübadiləsi bir daha onu göstərir ki, aramızda çox səmimi münasibətlər mövcuddur. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Biz münasibətlərimizi dostluq, tərəfdaşlıq prinsipləri üzərində qurmuşuq. Əminəm ki, növbəti illərdə bu əlaqələr ancaq güclənəcəkdir. Bunu deməyə əsas verən amillər kifayət qədər çoxdur. Sizin rəsmi səfəriniz, böyük heyətlə Azərbaycana səfər etməyiniz, - bilirəm ki, Sizinlə bərabər çoxsaylı iş adamları gəlmişlər, - çox əlamətdar hadisədir. Şübhə etmirəm ki, Sizin səfəriniz əlaqələrimizin inkişafına yeni və güclü təkan verəcəkdir. Əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Əlaqələrimiz tarixi köklər üzərində qurulmuşdur. Bu gün cənab Prezidentlə fikir mübadiləsi əsnasında bu tarixə də nəzər yetirdik. Xalqlarımız arasındakı dostluq əlaqələri böyük tarixə malikdir. Bu çox güclü tarixi zəmin ikitərəfli əlaqələrin inkişafı üçün də əhəmiyyətlidir. Biz, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında olan əlaqələrin inkişafına töhfələrimizi veririk. Macarıstan bütün dövrlərdə Azərbaycanın Avratlantik strukturlara inteqrasiya siyasətini dəstəkləmişdir. Bu yaxınlarda keçirilmiş Şərq tərəfdaşlığı zirvə görüşü bir daha Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli addım olmuşdur, bir daha göstərmişdir ki, bu əlaqələrin çox gözəl gələcəyi vardır.
Müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar vardır. Bu gün, əlbəttə ki, bu forumda daha çox iqtisadi sahədəki əməkdaşlıq haqqında söhbət açılacaqdır. Mən çox şadam ki, bu biznes forum hər iki tərəfin, hər iki ölkənin iqtisadi imkanlarını bir-birinə təqdim edəcəkdir. Buna böyük ehtiyac vardır. Azərbaycanın iqtisadi inkişafı planlı şəkildə həyata keçirilir. Əlbəttə, özəl sektorun bu işlərdə çox böyük rolu vardır. Ölkəmizin ümumi daxili məhsulunda özəl sektorun payı 80 faizdən yuxarıdır. Demək olar ki, biz bu sahədə çox köklü iqtisadi islahatları artıq başa çatdırmışıq. Ancaq bununla bərabər, ölkədə reallaşan nəhəng infrastruktur layihələri, təbii ki, dövlət tərəfindən icra edilir. Bizim müxtəlif dövlət proqramlarımız, konkret icra mexanizmlərimiz vardır. Azərbaycanda, misal üçün, gələn il və ondan sonrakı illərdə görüləcək işlər haqqında konkret sənədlər və layihələr mövcuddur. Əminəm ki, Macarıstan iş adamları əgər planlarımızla tanış olsalar, Azərbaycanda daha da səmərəli şəkildə fəaliyyət göstərə bilərlər. Təkcə keçən il Azərbaycan iqtisadiyyatına 16 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayənin əksər hissəsi yerli - Azərbaycan sərmayəsidir. Bununla bərabər, xarici investisiyaların cəlb edilməsi üçün ölkədə ardıcıl siyasət aparılır və deyə bilərəm ki, MDB məkanında birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan qabaqcıl yerlərdədir. Son on beş il ərzində bütövlükdə Azərbaycan iqtisadiyyatına 100 milyard dollardan çox sərmayə qoyulmuşdur ki, bu da hərtərəfli iqtisadi inkişafımıza güclü təkan vermişdir."