Noyabrın 11-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Macarıstan Respublikasının Prezidenti Pal Şmittin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstan Respublikasının Prezidenti Pal Şmitti qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Macarıstan Respublikasının Prezidentinə raport verdi. Macarıstanın və Azərbaycanın dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Macarıstan Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Pal Şmittə, Macarıstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Prezidentlər rəsmi foto çəkdirdilər. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Respublikasının Prezidenti Pal Şmittin təkbətək görüşü keçirilib.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı. Macarıstan Respublikasının Prezidenti Pal Şmittin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstan Respublikasının Prezidenti Pal Şmit nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparıblar. Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə bildirib ki, İkitərəfli əlaqələrimiz uğurla inkişaf edir:
-Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Sizin hamınızı bir daha ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bu, Macarıstan Prezidentinin Azərbaycana ilk səfəridir. Əminəm ki, səfərin çox yaxşı nəticələri olacaqdır. İkitərəfli əlaqələrimiz uğurla inkişaf edir. Biz artıq Sizinlə bu barədə fikir mübadiləsi apardıq. Mən tam əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafına dəyərli töhfə verəcəkdir. Siyasi əlaqələr iqtisadi sahədə əlaqələrin inkişafına da güclü təkan verir. Əminəm ki, bu gün keçiriləcək biznes forum da iqtisadi sahədə əlaqələrin inkişafı üçün çox əhəmiyyətli olacaqdır.
Mən inanıram ki, Sizin səfərinizin bütövlükdə, çox uğurlu nəticələri olacaqdır. Beləliklə, Macarıstan-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyacaqdır. Bir daha Sizi salamlayıram, xoş gəlmisiniz."
X X X
Macarıstan Respublikasının Prezidenti Pal Şmitt səmimi qəbul üçün minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycana Macarıstan Prezidenti kimi ilk səfərindən böyük məmnunluq duyur:
-Hörmətli cənab Prezident! Mən, həm Sizin qarşınızda, həm Azərbaycan hökumətinin üzvləri qarşısında Azərbaycana Macarıstan Prezidenti kimi ilk səfərimdən böyük məmnunluq duyduğumu bildirmək istəyirəm.
Biz Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar Sizi təbrik edirik. Siz bu müddət ərzində çox yüksək nəticələr əldə etmisiniz. Avropada bu nəticələr haqqında danışarkən deyirlər ki, Avropadakı ölkələrə bu nəticələri əldə etmək üçün bəlkə də 100 il lazım olardı. Çox şadam ki, Siz Macarıstanı Azərbaycanın strateji tərəfdaşı hesab edirsiniz. Avropada Macarıstanın mövqeyini nəzərə alaraq biz sizin yaxın tərəfdaşınız ola bilərik və əslində tərəfdaşınızıq. Eyni zamanda, ölkələrimiz bir-birinə dostcasına, mehribancasına yanaşır. Hesab edirəm ki, bütövlükdə ölkələrimiz qarşısında istifadə olunmalı bir çox imkanlar vardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Respublikasının Prezidenti Pal Şmittin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədlərinin imzalanması mərasimi olub.
"Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Macarıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyi arasında vergi inzibatçılığı sahəsində əməkdaşlığa dair Memorandum"u Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı səfiri Vilayət Quliyev və Macarıstan Respublikasının Vergilər Agentliyinin müdirinin müavini Arnold Mixay imzaladılar. "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Macarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora imzaladılar.
"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Macarıstan Respublikasının Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov və Macarıstan Respublikasının Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyinin dövlət katibi Robert Repassi imzaladılar.
"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Macarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov və Macarıstan Respublikası Daxili İşlər Nazirliyinin dövlət katibi Andras Tallai imzaladılar.
"Azərbaycan Respublikasının Hökuməti və Macarıstan Respublikasının Hökuməti arasında fövqəladə hallar zamanı əməkdaşlıq və qarşılıqlı yardım sahəsində Saziş"i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Macarıstan Respublikası Daxili İşlər Nazirliyinin dövlət katibi Andras Tallai imzaladılar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstan Respublikasının Prezidenti Pal Şmitt mətbuata bəyanatlarla çıxış ediblər. Macarıstan Prezidenti Pal Şmittin ölkəmizə ilk rəsmi səfərinin tarixi xarakter daşıdığını vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev bugünkü danışıqlarda aparılan müzakirələrin Macarıstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiq etdiyini deyib.
Ölkələrimiz arasında siyasi əlaqələrin sınaqdan keçdiyini, dövlətlərimizin beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini bildirən Prezident İlham Əliyev iqtisadi sahədə də səmərəli əməkdaşlıq üçün yaxşı potensialın olduğunu vurğulayıb. Dövlətimizin başçısı deyib ki, bugünkü danışıqların gedişində regional təhlükəsizlik məsələləri, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirə mövzularından biri olub. Münaqişə öz həllini yalnız beynəlxalq hüquq normaları əsasında tapmalıdır. Müzakirə olunan mövzulardan birinin də energetika sahəsində əməkdaşlıq məsələsi olduğunu qeyd edən Prezident İlham Əliyev
Avropa İttifaqı-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Macarıstanın bütün dövrlərdə bu əməkdaşlığa dəstək verdiyini deyib: "Mən hesab edirəm ki, iqtisadi sahədə uğurlu əməkdaşlıq aparmaq üçün çox yaxşı imkanlar, perspektivlər vardır, ölkələrin potensialı da kifayət qədər güclüdür. Sadəcə, biznes strukturları bir-biri ilə daha da sıx əlaqədə olmalıdırlar. Əminəm ki, biz bu sahədə də gözəl nəticələri görəcəyik.
Bu gün müzakirə etdiyimiz məsələlərin arasında regional təhlükəsizlik məsələlərinə də toxunduq. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini mən Sizə ifadə etdim. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Bizim mövqeyimiz beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar əsasında formalaşmışdır. Bu münaqişənin həlli əlbəttə ki, yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında olmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilməlidir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın torpaqlarından çıxarılmalıdır. Azərbaycan vətəndaşları öz doğma torpağına qayıtmalıdırlar. Məsələ ilə bağlı kifayət qədər böyük sayda qərarlar verilmişdir. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz ədalətli mövqeyini bildirmişdir. Biz ümid edirik ki, tezliklə bu məsələ beynəlxalq normalar əsasında, Azərbaycanın ərazi bütövlüyü şərti ilə həllini tapacaqdır.
Biz bu gün, eyni zamanda, energetika sahəsində əməkdaşlığa da öz münasibətimizi bildirdik. Bu sahədə Macarıstan ilə Azərbaycan arasında əlaqələrin çox gözəl perspektivləri vardır. Mən ümid edirəm ki, yaxın illərdə bu sahədə, xüsusilə qaz sahəsində ölkələrimiz arasında əməkdaşlığın yeni formaları yaranacaqdır. Azərbaycan zəngin təbii ehtiyatlara malik olan ölkədir. Təşəbbüsümüzlə həyata keçirilən enerji layihələri nəinki bizim, eyni zamanda, region ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığımız çox uğurludur. Azərbaycan nefti artıq bir neçə il ərzində Avropa bazarlarına çıxarılır və əminəm ki, qazla bağlı təşəbbüslərimiz də bizə eyni səviyyədə uğur gətirəcəkdir. Əlbəttə ki, enerji sahəsindəki əməkdaşlıq iki ölkə arasındakı əlaqələrə yeni təkan verəcəkdir. Mən çox şadam ki, ölkələrimizin enerji şirkətləri də çox sıx əməkdaşlıq edirlər. Bu əməkdaşlıq əlbəttə ki, ümumi Macarıstan-Azərbaycan əlaqələrinin inkişafına müsbət təsir göstərməkdədir.
Eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində, xüsusilə "Cənub" qaz dəhlizi ilə bağlı uğurlu əməkdaşlıq edir. Əminəm ki, bu əməkdaşlığın çox gözəl gələcəyi vardır. Bununla bərabər, qeyd etməliyəm ki, bütövlükdə Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir."
Macarıstan dövlətinin başçısı Pal Şmitt Azərbaycana rəsmi səfərə dəvətə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Prezident Pal Şmitt vurğulayıb ki, Macarıstan Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Bu gün çox mühüm danışıqların aparıldığını qeyd edən Macarıstan Prezidenti deyib ki, ölkəsi kənd təsərrüfatı, suvarma, suyun təmizlənməsi və digər sahələrdə böyük təcrübəyə malikdir.
Bu gün bütün Avropanın diqqətinin enerji ehtiyatları ilə zəngin olan Azərbaycana yönəldiyini vurğulayan Prezident Pal Şmitt ölkələrimiz arasında mədəniyyət, təhsil, elm, ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyətindən və perspektivlərindən də danışıb.
Macarıstan Prezidenti əmin olduğunu bildirib ki, bu gün imzalanan sənədlər ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə yeni stimul verəcəkdir: "Biz bu gün çox mühüm danışıqlar apardıq. Əslində bizim görə biləcəyimiz işlər, xalqlarımız, azərbaycanlı dostlarımız üçün görəcəyimiz işlər əsasən kənd təsərrüfatı, suvarma, suyun təmizlənməsi sahələrindəki işlərə aid olan məsələlərdir ki, Macarıstanın bu sahədə böyük təcrübəsi vardır. Macarıstanda əczaçılıq sənayesi inkişaf etmişdir və biz çox istərdik ki, siz də müxtəlif tenderlərdə iştirak edəsiniz.
Mən xüsusilə qeyd etmək istəyirəm ki, hazırda, demək olar, bütün Avropanın diqqəti Bakıya yönəlib. Çünki hamı o ümidlə yaşayır ki, məhz bu marşrutda, buradan Avropaya çatdırılacaq enerji resurslarının marşrutlarında şaxələndirmə təmin olunacaqdır.
Sizi əmin edirəm ki, Macarıstan Azərbaycanın Avratlantik inteqrasiyasına yönəlmiş səylərinə böyük dəstək verir. Biz Sizin adət-ənənələrinizə və dəyərlərinizə hörmətlə yanaşırıq. Biz Azərbaycanı regionda ən inkişaf etmiş dövlət hesab edirik. Bizim üçün Azərbaycan regionda yaxın dost və mühüm tərəfdaşdır.
Biznes sahəsində də əlaqələrimiz genişlənir və bizim üçün olduqca vacibdir ki, həmçinin insanlar arasında da yaxınlaşma olsun. Biz çox mühüm sazişlərin imzalanmasında iştirak etdik. İki ölkənin əməkdaşlığı bir sıra qanunverici sənədlərlə tənzimlənir. Bu gün imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir. Biz hesab edirik ki, bu, aramızda olan etimadı daha da gücləndirəcək və müvafiq qurumlar arasında əməkdaşlıq genişlənəcəkdir. Cənab Prezident, Sizə olduqca minnətdaram, Siz gözəl bir sürpriz hazırlamısınız. Bəstəkar Listin əsərlərinə həsr olunmuş konsert təşkil olunacaqdır. Biz Sizə çox minnətdarıq ki, Avropa musiqisinin təmsilçisinə bu qədər diqqətlə yanaşırsınız."