PDF Oxu

Siyasət

  • 33

Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu ola bilməz!

Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu ola bilməz!

Dünən Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovu qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Respublikasının Prezidentinə raport verdi.Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Bolqarıstan Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Georgi Pırvanova, Bolqarıstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun təkbətək görüşü keçirilib. Görüşdə son illərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Siyasi, iqtisadi, energetika və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivin olduğu vurğulandı. Əlaqələrimizin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik bildirildi və Bolqarıstan Prezidenti Georgi Pırvanovun Azərbaycana rəsmi səfərinin bu baxımdan önəmi qeyd edildi. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.

Noyabrın 14-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə bildirib ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir:

"Ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir. Biz Sizinlə mütəmadi qaydada görüşürük, bütün məsələləri müzakirə edirik. Əminəm ki, bütün sahələr üzrə əlaqələrimiz daha da möhkəmlənəcəkdir.

İlk növbədə, siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı səfərlərin həyata keçirilməsi bunun bariz nümunəsidir. İqtisadi sahədə ticarət dövriyyəsi artıb. Əlbəttə, əlaqələrimizdə enerji amili də mühüm rol oynayır və bu sahədə də şirkətlər arasında danışıqlar aparılır. Biz bütün sahələrdə uğurlu inkişafı görürük və əminəm ki, Sizin səfərinizdən sonra da bu müsbət dinamika davam etdiriləcəkdir.

Bir daha "Xoş gəlmisiniz" deyirəm və bir daha Sizi salamlayıram."

X X X

Bolqarıstan Prezidenti Georgi Pırvanov da səmimi qəbul üçün minnətdarlığını bildirərək vurğulayıb ki, ölkələrimiz arasında olan münasibətlərin inkişaf modeli bir çox digər ölkələrin münasibətlərinə də şamil edilə bilər:

"Cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk. İlk öncə, Sizə olduqca minnətdarıq ki, bu səfərin həyata keçirilməsi üçün bizi buraya dəvət etdiniz. Mən aramızda mövcud olan şəxsi münasibətləri çox yüksək dəyərləndirirəm. Tam aydın şəkildə qeyd etmək olar ki, aramızda mövcud olan dost münasibətləri ölkələrimiz arasındakı münasibətlərin inkişafına da öz təsirini göstərir. Hesab edirəm ki, ölkələrimiz arasında olan münasibətlərin inkişaf modeli bir çox digər ölkələrin münasibətlərinə də şamil edilə bilər. Ən vacibi isə odur ki, dost münasibətlərimiz, həmçinin işgüzar münasibətlərə də çevrilibdir. Bu baxımdan əməkdaşlığımız məhz real məzmunla zəngindir və bu, bizim hər iki tərəfin arasında olan münasibətlərin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.

Bizim üçün çox vacibdir ki, bu münasibətlər yeni səviyyəyə qalxsın. Bu baxımdan biz iki ölkə arasında qarşılıqlı sərmayələrin qoyulmasını çox vacib hesab edirik. Biz istərdik ki, Bolqarıstanın kapitalı, Bolqarıstanın sərmayələri, həmçinin Azərbaycanda mövcud olsun."

Dünən Prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub.

"Azərbaycan Dövlət İqtisad Universiteti və Sofiya Milli və Dünya Təsərrüfatı Universiteti arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Dövlət İqtisad Universitetin rektoru Şəmsəddin Hacıyev və Bolqarıstan Prezidentinin təhsil, elm və iqtisadi inkişaf məsələləri üzrə müşaviri, Sofiya Milli və Dünya Təsərrüfatı Universitetinin rektoru Borislav Borisov imzaladılar.

"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Bolqarıstan Respublikası xarici işlər naziri yanında Diplomatik İnstitutu arasında əməkdaşlıq haqqında Memorandum"u Azərbaycanın xarici işlər nazirinin müavini Hafiz Paşayev və Bolqarıstanın xarici işlər nazirinin müavini Konstantin Dimitrov imzaladılar. "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Əhalinin Sosial Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum"u Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və Bolqarıstanın əmək və sosial siyasət naziri Totyu Mladenov imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında Saziş"i Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov və Bolqarıstanın informasiya təhlükəsizliyi üzrə dövlət komissiyasının sədri xanım Tsveta Markova imzaladılar.


Ali ordenlərlə təltif olunma mərasimi


Noyabrın 14-də Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimindən sonra Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bu gün Bolqarıstan-Azərbaycan münasibətlərinin tarixində çox əlamətdar bir gündür:

"Hörmətli cənab Prezident!

Mən bir daha Sizi səmimiyyətlə salamlayıram.

Bu gün Bolqarıstan-Azərbaycan münasibətlərinin tarixində çox əlamətdar bir gündür. Siz ölkəmizdə rəsmi səfərdəsiniz və çox vacib sənədlər imzalanmışdır. Bir dost kimi bu əlamətdar gündə Sizin Bolqarıstana rəhbərlik etdiyiniz dövrdə gördüyünüz işlərlə bağlı bir neçə kəlmə demək istərdim. Siz on ildir ki, Bolqarıstana rəhbərlik edirsiniz. Sizin rəhbərliyiniz altında ölkəniz böyük və uğurlu yol keçmişdir. Ölkənizdə aparılan siyasi və iqtisadi islahatlar Bolqarıstanın inkişafını şərtləndirən amillər olmuşdur. Bu illər ərzində Sizin ölkəniz həm NATO-ya, həm Avropa İttifaqına üzv olmuşdur. Hesab edirəm ki, ölkəniz üçün bu, tarixi nailiyyətlərdir. Bolqarıstan dünyada çox etibarlı dost və tərəfdaş ölkə kimi tanınır. Siz də dövlət xadimi kimi, dünyada çox böyük nüfuza maliksiniz.

Qeyd etməliyəm ki, bu illər ərzində bizim ikitərəfli münasibətlərimiz də çox uğurla inkişaf etmişdir. Biz Sizinlə demək olar ki, hər il görüşürük və şəxsi dostluq əlaqələrimiz ikitərəfli əlaqələrin inkişafına da müsbət təsir göstərir. Son illər ərzində münasibətlərimiz, yəni, Bolqarıstan-Azərbaycan münasibətləri çox yüksək səviyyəyə qalxmışdır.


Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyiniz xidmətlərə və verdiyiniz töhfəyə görə Siz Azərbaycan dövlətinin ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilirsiniz. İcazə verin, bu yüksək mükafatı Sizə təqdim edim."

Azərbaycan Prezidenti İlham Əliyev "Heydər Əliyev" ordenini Bolqarıstan Prezidenti Georgi Pırvanova təqdim etdi.

X X X

Prezident Georgi Pırvanov minnətdarlığını bildirib:

"Hörmətli cənab Prezident!

Hörmətli nazirlər, xanımlar və cənablar. Apardığım fəaliyyətə və göstərdiyim xidmətlərə verdiyiniz belə bir yüksək qiymətə görə Sizə təşəkkürümü bildirirəm. Bəli, bu, həqiqətdir ki, iki xalqın arasında tarixən ənənəvi dostluq münasibətləri mövcud olubdur. Lakin qeyd etmək istəyirik ki, son on il ərzində ikitərəfli əlaqələrimiz ən yüksək səviyyəyə qalxıb. Mən bu ali mükafatı böyük minnətdarlıq hissi ilə qəbul edirəm, eyni zamanda, mənə verilən bu ordeni mən, həmçinin Bolqarıstan Respublikasının, bolqar xalqının keçdiyi şanlı yola və bizim son illər ərzində apardığımız gərgin fəaliyyətin nəticəsinə verilən qiymət kimi qəbul edirəm.

Digər tərəfdən, hörmətli cənab Prezident, biz Sizin də bu istiqamətdə göstərdiyiniz səyləri, Azərbaycanın rəhbəri kimi apardığınız fəaliyyəti də yüksək dəyərləndiririk. Mən Azərbaycana tez-tez səfər edirəm, Siz də Bolqarıstana dəfələrlə səfər etmisiniz. Hər dəfə gələndə görürəm ki, ölkənizdə dəyişikliklər baş verib. Mən görürəm ki, müasir Azərbaycan necə inkişaf edir. Mən deyərdim bu inkişaf illərlə deyil, hətta saatlarla baş verir. Qeyd etmək istəyirik ki, şəxsən mən və Bolqarıstanın bir çox qurumları Sizin Avropa miqyasında qazandığınız nüfuzu bilirik, bunu alqışlayırıq və eyni zamanda, ölkənizin Avropa təsisatlarına daha da yaxınlaşması istiqamətində göstərdiyiniz səyləri olduqca mühüm hesab edirik.

Burada şəxsən Sizin qarşınızda bəyan etmək istəyirəm ki, Bolqarıstanda mövcud olan bütün təsisatlar, Bolqarıstan cəmiyyəti Sizi bolqar xalqının ən yaxın dostu hesab edir. İndi isə mən Sizin apardığınız fəaliyyətə minnətdarlıq əlaməti olaraq Bolqarıstanın ali mükafatını - "Stara Planina" ordenini Sizə təqdim edirəm. Cənab Prezident, Sizi təbrik edirik."

Prezident Georgi Pırvanov Bolqarıstan Respublikasının ən ali mükafatını - "Stara Planina" ordenini dövlətimizin başçısına təqdim etdi.

X X X

Prezident İlham Əliyev minnətdarlığını bildirib:

"Çox sağ olun, hörmətli cənab Prezident! Bu yüksək mükafata görə Sizə minnətdaram. Bolqarıstan dövlətinin yüksək mükafatını almaq mənim üçün böyük şərəfdir. Siz də qeyd etdiyiniz kimi, biz Bolqarıstana, bolqar xalqına böyük rəğbətlə yanaşırıq. Bolqarıstan bizim üçün dost ölkədir, yaxın ölkədir. Mən çalışacağam ki, bundan sonra da Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafı üçün öz səylərimi əsirgəməyim. Bir daha Sizə minnətdaram."

Noyabrın 14-də təltif olunma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev bildirib ki, Bolqarıstan-Azərbaycan əlaqələri çox sürətlə və uğurla inkişaf edir. Prezident qeyd edib ki, artıq Azərbaycanın enerji resursları Avropaya ixrac edilir. Azərbaycan nefti Avropa ölkələrinə, o cümlədən Bolqarıstana daha da böyük miqdarda ixrac edilir. Eyni zamanda, Azərbaycan qazını Avropa bazarına çatdırmaq üçün yeni imkanlar yaradılıb. Bu yaxınlarda Türkiyə ilə Azərbaycan arasında imzalanmış tranzit sənədləri bu imkanları reallaşdırır:

"Beləliklə, əminəm ki, növbəti illərdə qaz sahəsində Bolqarıstan-Azərbaycan əlaqələri daha da intensiv olacaq və bu əlaqələr getdikcə daha da dərinləşəcəkdir. Əminəm ki, növbəti mərhələlərdə qarşılıqlı investisiya qoyuluşu məsələləri, birgə müəssisələrin yaradılması istiqamətində də inamlı və təsirli addımlar atılacaqdır. Biz bu barədə də fikir mübadiləsi apardıq. Aramızda bu barədə fikir ayrılığı yoxdur.

Enerji sahəsinə gəldikdə, biz burada həm ikitərəfli formatda əməkdaşlıq edirik və müvafiq şirkətlərimiz də bir-biri ilə danışıqlar prosesindədir. Eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də bu məsələ ilə bağlı müsbət rol oynayır. Bildiyiniz kimi, bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi üzrə Bəyannamə imzalanmışdır. Ondan sonra işçi qrupu yaradılmışdır. İşçi qrupu fəaliyyət göstərir və əminəm ki, növbəti mərhələlərdə bu əməkdaşlıq daha da genişmiqyaslı olacaqdır. Azərbaycan "Cənub" qaz dəhlizinin reallaşması üçün səylərini göstərir. Bizim zəngin qaz yataqlarımız həm Azərbaycanın enerji təhlükəsizliyini təmin edir və edəcək, eyni zamanda, tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynamaqdadır. Əminəm ki, növbəti illərdə bu sahədə və digər sahələrdə əməkdaşlıq daha da uğurlu olacaqdır.

Eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün Bolqarıstan da öz səylərini göstərir. Bolqarıstan bütün dövrlərdə bizim bu mövzu ilə bağlı təşəbbüslərimizə çox müsbət yanaşmışdır. Hesab edirəm ki, hazırda biz Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı çox vacib mərhələdəyik. İndi uzunmüddətli əlaqələrin formalaşması prosesi getməkdədir. Mən tam əminəm ki, bu əlaqələr çox möhkəm, sağlam zəmin üzərində qurulacaqdır, qarşılıqlı maraqlar təmin ediləcəkdir. Qarşılıqlı maraqların təmin edilməsi üçün əlbəttə ki, biz bu məsələdə çox dəqiq olmalıyıq. Uzunmüddətli, bundan sonra bəlkə də onilliklər ərzindəki əməkdaşlığın təməli məhz bu dövrdə qoyulur. Deyə bilərəm ki, biz bu məsələyə çox böyük ümidlərlə və nikbinliklə yanaşırıq. Hazırda Azərbaycanın bütün Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli müstəvidə çox işgüzar və səmimi münasibətləri mövcuddur. Bu münasibətlər bütövlükdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafına da müsbət təsir göstərir.

Bu gün müzakirə etdiyimiz məsələlərin arasında əlbəttə ki, regional təhlükəsizlik məsələləri də kifayət qədər böyük yer tutmuşdur. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin son mərhələsi haqqında Sizə məlumat verdim. Bu məsələ dəfələrlə müzakirələrimizin mövzusu olur. Demək olar ki, biz hər bir görüşdə bu məsələ ilə bağlı fikir mübadiləsi aparırıq. Bir də demək istəyirəm ki, Azərbaycan məsələnin tezliklə həlli üçün səylərini göstərir. Azərbaycan məsələnin ancaq beynəlxalq hüquq normaları əsasında həll olunmasını məqbul hesab edir. Beynəlxalq təşkilatların qərar və qətnamələri qeyd-şərtsiz icra edilməlidir. BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı dörd qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Avropa Parlamenti, o cümlədən Bolqarıstan tərəfinin dəstəyi ilə buna bənzər qətnamə qəbul etmişdir. Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı mövqeyini bildirmişdir.


Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, ola da bilməz. Məsələ beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır. Biz ümid edirik ki, danışıqlar nəticəsini verməlidir. Çünki bu vəziyyətlə barışmaq mümkün deyildir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupu və onun həmsədr ölkələri status-kvonun qəbuledilməz olması ilə əlaqədar kifayət qədər ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bizi daha da ruhlandırır. Əminəm ki, bu məsələnin tezliklə həlli bütün ölkələrin marağına cavab verəcəkdir."

Bolqarıstan Prezidenti Georgi Pirvanov isə öz bəyanatında qeyd edib ki, enerji sahəsi münasibətlərimizin çox mühüm sahəsi olaraq qalır. Bu, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərə də aiddir. Bolqarıstan rəhbəri qeyd edib ki, son illər ərzində Azərbaycanın apardığı iş "Cənub" qaz dəhlizi üçün yeni imkanlar və perspektivlər açır:

"Bolqarıstan isə öz növbəsində özünəməxsus mövqe tutur və bu münasibətlər çərçivəsində müsbət amil rolunu oynayır. Əslində biz çalışırıq ki, hətta əlaqələrimizi Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərdən də daha çox inkişaf etdirək. Bu münasibətlərin uzun tarixi vardır. Bu sahədə biz gərgin iş aparırıq. Mətbuat konfransları zamanı biz bir milyard kubmetr qaz həcmi haqqında razılaşmamızı xatırlayırıq. Biz, eyni zamanda, istəyirik ki, bu layihə həyata keçirilsin - Bolqarıstan və Yunanıstan arasında bağlayıcı layihə baş tutsun. Danışıqlar zamanı biz qeyd etdik ki, Azərbaycan Dövlət Neft Şirkəti kimi iri şirkət Bolqarıstanın ərazisində bu layihədən sonra fəaliyyət göstərə biləcəkdir. Məmnunam ki, dialoqun, həmçinin mədəniyyətlərarası mübadilələr sahəsində əlaqələrin genişləndirilməsi üçün iradə və istək vardır. Bolqarıstan öz regionunda, Azərbaycan isə öz regionunda mədəniyyətlərarası dialoq sahəsində vacib rol, hətta deyərdim ki, lider rolu oynayır. Biz onu da qeyd etdik ki, Balkan regionunda bu qarşılıqlı mədəni fəaliyyət dəhlizi nəinki Qara dəniz regionu ölkələri, o cümlədən Xəzər dənizi regionu ölkələri ilə aparıla bilər. Mən çox şad olardım ki, cənab Prezident, bu regionda olan digər ölkələr də bu ideyaya qoşulsun, bunun üzərində işləsin. Beləliklə biz nümayiş etdirə bilərik ki, burada tarix mövcuddur və bu, regionlarımızın gələcəyi üçün vacibdir. Biz bu işi birgə apara bilərik.

Avropaya gəldikdə, mən Azərbaycan ilə Avropa İttifaqı arasında daha da fəallaşan dialoqu yüksək dəyərləndirirəm. Bu dialoq "Şərq tərəfdaşlığı" çərçivəsində aparılır. Eyni zamanda, belə bir ideya vardır ki, mən Avropa İttifaqında həmkarlarımın bəziləri ilə bunu bölüşmüşəm, Avropa liderlərinə bu haqda məlumat vermişəm. Mən bunu da burada qeyd etmişəm. Mənim prezidentlik mandatım artıq başa çatmaq üzrədir. Mən qeyd etmişəm ki, Avropa təsisatlarında və Avropa İttifaqına üzv olan dövlətlərdə Azərbaycana güzəştli tərəfdaş statusunun verilməsi çox yaxşı olardı. Çünki bu, elə bir çərçivədir ki, bu çərçivədə nəinki enerji təhlükəsizliyi sahəsində dialoq aparmaq olar, o cümlədən bu dialoq genişləndirilə bilər və digər sahələrdə - nəqliyyat, iqtisadiyyat sahələrində, daha geniş mənada təhlükəsizlik məsələləri sahəsində aparıla bilər. Çünki Azərbaycan çox mühüm bir elementdir və bu, bizim formalaşdırdığımız demokratik dövlətlər və xalqlar arasında olan mühüm bir element və təhlükəsizliyin qlobal şəkildə təmin edilməsində mühüm amildir." Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab veriblər.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazarlarına çıxarmaq üçün müxtəlif təşəbbüslər irəli sürmüşdür. Hazırda Azərbaycanı xarici bazarlarla birləşdirən dörd qaz kəməri vardır ki, dördü də işlək vəziyyətdədir. Prezident qeyd edib ki, əgər coğrafiyaya nəzər salsanız görmək olar ki, bizim qaz mənbələrimizə ən yaxın ölkələrdən biri Bolqarıstandır: "Təbii ki, Bolqarıstan bizim qazımızı qəbul edən ilk ölkələrdən biri ola bilər. Buna nail olmaq üçün biz indi konkret danışıqlar aparırıq. Əminəm ki, Azərbaycan Bolqarıstanın qaza olan tələbatını Bolqarıstanın istədiyi qədər təmin edə bilər. Çünki hazırda, bu il Azərbaycanda qazın hasilatı təqribən 27-28 milyard kubmetr səviyyəsindədir. Bu, özlüyündə çox böyük bir rəqəmdir. "Şahdəniz" yatağının ikinci fazasının işlənilməsi nəticəsində əlavə 17 milyard kubmetr qazın hasilatı gözlənilir. Əgər Azərbaycanın son bir il ərzində aşkar etdiyi yataqları da buraya əlavə etsək, görərik ki, Azərbaycanda qazın hasilatı daha da böyük rəqəmlərlə ölçülə bilər. Bu, bizə imkan verəcək ki, bundan sonra uzun illər ərzində tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edə bilək."

Prezident Georgi Pırvanov da qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında əldə edilmiş razılaşmalar artıq bu prosesin - qazın alınması prosesinin sürətləndirilməsinə əsas yaradır:

"Nə qədər, hansı həcmdə? Bu, İqtisadiyyat Nazirliyində, ümumiyyətlə, hökumətimizdə hesablanacaqdır. Çünki özümüz hesablamaları aparmalıyıq ki, bizə hansı həcmdə təbii qaz lazımdır. Yəni, bu, sırf dövlət başçısının ofisində aparılan bir hesablama deyildir. O ki qaldı qiymətlərə, mən sadəcə belə deyərdim ki, hətta bütün qaydalardan da kənara çıxaraq deyərdim ki, bu, konkret şirkətlərin və firmaların işidir. Yəni, burada hər hansı bir müqayisələri üzə çıxarmağa ehtiyac yoxdur. Mən sadəcə bildirmək istəyirəm ki, kiçik uğur da nəinki bizim region üçün, bütün Avropa üçün rəmzi xarakter daşıyacaqdır. Ona görə, məhz bizdən asılı olacaqdır ki, biz bu əməkdaşlığın tempini və dinamikasını saxlayacağıq."

Ali qonağın şərəfinə


Noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun şərəfinə rəsmi ziyafət verilib.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

Digər xəbərlər