PDF Oxu

Siyasət

  • 25

Azərbaycanın bütün bölgələrində  turizm sektoru sürətlə inkişaf edir

Azərbaycanın bütün bölgələrində turizm sektoru sürətlə inkişaf edir

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonuna səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Oğuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, abidənin ətrafında yaşıllıq zolağı salınıb, ağac və bəzək kolları əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Dünən Prezident İlham Əliyev Oğuz şəhər mədəniyyət və istirahət parkının açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, son illər Oğuzda sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri, onların istirahəti üçün mühüm işlər görülüb.

Qeyd edildi ki, tikintisinə 2008-ci ildə başlanılan, ümumi sahəsi iki hektar olan parkın giriş qapısının üzərində dövlət bayrağının təsviri əks olunub. Parkda örtülü kölgəliklər, su hovuzları və biri musiqili olmaqla beş fəvvarə, uşaq əyləncə meydançası qurulub. Mədəniyyət və istirahət parkında yaradılmış 120 yerlik amfiteatrda müxtəlif tədbirlərin, o cümlədən konsert proqramlarının təşkili üçün geniş imkanlar vardır. Burada, həmçinin gümbəz formasında 12 istirahət guşəsi yaradılıb.

Bildirildi ki, parkda geniş abadlıq-quruculuq işləri həyata keçirilmiş, səkilər salınmış, yaşıllaşdırma işləri görülmüş, dekorativ gül kolları və ağaclar əkilmişdir.

Prezident İlham Əliyevə parkın yaxınlığında, Heydər Əliyev prospektinin başlanğıcında yaradılmış Bayraq Meydanı haqqında da məlumat verildi.

Qeyd edildi ki, ümumi ərazisi min kvadratmetr olan meydanın inşasına 2011-ci ilin avqustunda başlanılmışdır. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 50 metrdir. Bu isə Azərbaycanın dövlət bayrağının Oğuz şəhərinin bir çox yerindən görünməsinə imkan yaradır. Bayrağın uzunluğu 15, eni isə 7,5 metrdir. Bayraq dirəyinin ətrafında ərazisi 200 kvadratmetr olan təbii qranitdən meydança, 300 kvadratmetr beton daşlarla üzlənmiş sahə, 500 kvadratmetr yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Bundan başqa, meydanın ətrafında 3,5 min kvadratmetrədək ərazidə abadlıq işləri aparılmış, yollar genişləndirilmişdir. Dövlətimizin başçısı parkda Oğuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Oğuz rayon ictimaiyyətinin nümayəndələrini salamlayaraq bildirdi ki, Hər bir bölgədə olduğu kimi, Oğuzda da inkişaf var və bütün məsələlər öz həllini tapır. Həm sosial məsələlər, həm iqtisadi məsələlər:

"Xoş gördük, çox gözəl parkdır. Keçən dəfə Oğuzda olarkən parkın layihəsi ilə tanış olmuşdum. İndi isə park artıq hazırdır, gözəl şərait yaradılıb, Oğuza gözəllik verir. Ümumiyyətlə, rayonun bu hissəsi son illər ərzində böyük dərəcədə abadlaşıbdır. Yadınızdadır ki, burada bir dənə də olsun bina yox idi. Birinci xəstəxana, sonra Olimpiya İdman Kompleksi, ondan sonra park tikildi. Beləliklə, Oğuzun giriş hissəsi böyük dərəcədə dəyişdi, abadlaşdı, gözəlləşdi. Bu, çox sevindirici haldır. Hər bir bölgədə olduğu kimi, Oğuzda da inkişaf var və bütün məsələlər öz həllini tapır. Həm sosial məsələlər, həm iqtisadi məsələlər.

Bu gün parkın açılışı ilə bərabər, burada tikilmiş böyük sənaye müəssisəsinin açılışını da qeyd edəcəyik. Bu müəssisə də, deyə bilərəm ki, nəinki Azərbaycanda, bütün bölgədə yeganə qlükoza zavodudur. Bu zavodun fəaliyyətə başlaması, əlbəttə, iş yerlərinin açılmasına xidmət göstərəcək və eyni zamanda, kənd təsərrüfatının inkişafına da təkan verəcəkdir. Çünki bu zavodun xammalı kənd təsərrüfatı məhsullarıdır. Bütövlükdə Oğuz rayonunun gələcəkdə inkişafı kənd təsərrüfatı və turizmin inkişafı ilə bağlı olacaqdır. Bizim siyasətimiz bundan ibarətdir.

Turizmə gəldikdə, artıq ilkin addımlar atılmaqdadır. Keçən dəfə burada olarkən yeni otelin açılışını qeyd etmişik. İndi otel işləyir. Turistlərin sayı artmalıdır. Həm daxili turizm inkişaf etməlidir, həm xaricdən turistlər daha da çox gəlməlidirlər. Bunu etmək üçün imkanlar vardır. Dünən Dünya Turizm Təşkilatının baş direktoru Bakıda idi. Biz onunla görüşdük və Azərbaycanın turizm potensialı dünyada artıq böyük diqqətlə qeyd edilir. Əlbəttə, müxtəlif bölgələrdə müxtəlif turizm imkanlarımız vardır. Amma bu bölgənin özünə xas olan gözəl imkanları, təbiəti, havası, iqlimi var ki, bax biz bu nemətlərdən istifadə etməliyik. Mən ümid edirəm ki, gələcək illərdə Oğuz Azərbaycanın turizm mərkəzlərindən birinə çevriləcəkdir. İndi bütün bu zonada abadlıq, quruculuq, infrastruktur layihələri icra edilir, yol çəkilir. Bakıdan Oğuza çəkilən yol, - demək olar ki, onun böyük hissəsi indi hazırdır, - Balakənə qədər davam edəcəkdir. Yol olan yerdə inkişaf da olur."

Rayon sakini Xalid Babayev oğuzlular adından Prezident İlham Əliyevə minnətdarlıq etdi. Sonda xatirə şəkli çəkdirildi.

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonuna səfəri çərçivəsində Qəhrəmanlar parkının açılışında iştirak edib.

Dövlətimizin başçısı parkda ucaldılmış abidənin önünə gül dəstəsi qoydu. Məlumat verildi ki, tikintisinə 2011-ci ilin iyulunda başlanılan Qəhrəmanlar parkı 8,4 min kvadratmetr ərazini əhatə edir. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Bildirildi ki, parkda geniş abadlıq işləri görülüb, beş min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Burada "Veteran" kafesi də yaradılıb. Qəhrəmanlar parkında quraşdırılan fəvvarələrin kənarları təbii qranitlə üzlənib.

Parkda 600 kvadratmetr ərazi təbii qranitlə üzlənmiş, ümumi sahəsi iki min kvadratmetr olan iki kiçik meydança və parkdaxili gəzinti səkiləri tikilib. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Oğuz rayonuna səfəri çərçivəsində rayon məhkəməsinin inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı Oğuz Rayon Məhkəməsinin köhnə və yeni binalarının görüntülərini əks etdirən fotostendə baxdı.

Məlumat verildi ki, Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində ilk məhkəmə binası Oğuz rayonunda inşa olunub. İkimərtəbəli binanın tikintialtı sahəsi 840, ümumi ərazisi isə 1500 kvadratmetrdir. İnşasına 2010-cu ildə başlanılmış binanın ətrafında geniş abadlıq işləri aparılıb.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb. Müasir səviyyədə inşa edilən bina bütün zəruri avadanlıqla təchiz edilib.

Prezident İlham Əliyevə Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində inşa olunacaq məhkəmə binalarının layihələri təqdim edildi. Bildirildi ki, 20-dən çox yeni məhkəmə binasının, həmçinin bir neçə məhkəmənin yerləşəcəyi məhkəmə komplekslərinin layihələri hazırlanıb. Hazırda Yasamal, Gəncə şəhəri Nizami rayonu, Gədəbəy məhkəmələrinin binalarında son tamamlama işləri gedir. 2012-ci ildə isə Sabunçu və Şirvan məhkəmə komplekslərinin inşasına başlanılacaq. Məhkəmə kompleksi bir binada bir neçə məhkəmənin fəaliyyət göstərməsinə imkan verəcəkdir ki, bu da şikayətlərə baxılması ilə bağlı vaxt itkisinin qarşısını alacaq.

Diqqətə çatdırıldı ki, Oğuz Rayon Məhkəməsinin yeni binası digər məhkəmə binalarından bir sıra yenilikləri ilə fərqlənir. Belə ki, bina inzibati və ictimai zonalara bölünür və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçısı və vəkillər ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.

İctimai zonada məhkəmə ilə əlaqədar məlumatların əldə edilməsi üçün xüsusi monitorlar quraşdırılıb. Binada biri mülki, digəri isə cinayət işləri üçün nəzərdə tutulmuş iki məhkəmə zalı vardır. Zallarda proseslərin audio və video yazılışlarını aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi üçün bütün zəruri infrastruktur yaradılıb, habelə müasir tipli İP təhlükəsizlik kameraları quraşdırılıb. Məhkəmə zalları şahidlərin ifadələrinin dinlənilməsinə imkan verən müasir İKT avadanlığı ilə təchiz edilib. Təqsirləndirilən şəxslər digər məhkəmələrdə olduğu kimi, zallarda dəmir barmaqlıqlar arxasında deyil, xüsusi ayrılmış şüşə otaqda saxlanılır.

BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq Oğuz Rayon Məhkəməsinin binasında əlillərin sərbəst hərəkəti üçün bütün şərait yaradılıb.

Girişlərdə metal aşkarlayıcı elektron qurğu və turniketlər quraşdırılıb ki, bu da ilk növbədə məhkəmə proseslərində təhlükəsizliyi təmin etmək baxımından xüsusi rol oynayır. Vətəndaşlar başqa yerə getmədən binada lazım olan bank, tibb və poçt xidmətlərindən də istifadə edə bilərlər. Burada, həmçinin təlim otağı və elektron kitabxana da fəaliyyət göstərir.

Daha sonra inzibati binada Respublika Ali Məhkəməsi ilə videobağlantı yaradıldı.

Prezident İlham Əliyev: Ramiz, eşidirsən bizi?

Ali Məhkəmənin sədri Ramiz Rzayev: Bəli, cənab Prezident, Sizi eşidirəm. İcazə verin, göstərdiyiniz diqqətə, bu gözəl binalara görə Sizə bütün hakimlər adından təşəkkürümüzü bildirim və Sizi əmin edim ki, bu qərarınızın cavabı olaraq etimadınızı ən yüksək səviyyədə doğruldacağıq.

Prezident İlham Əliyev: Sağ ol. Görürsən, indi nəinki Bakıda, bölgələrdə də gözəl məhkəmə binaları tikilir. Əlbəttə, Ali Məhkəmənin binası öz gözəlliyi və əzəməti ilə seçilir. Ancaq bu binalar da kifayət qədər gözəldir və müasir tələblərə cavab verir. Bütün məhkəmə işçilərini bu gözəl hadisə münasibətilə təbrik edirəm.

Dövlətimizin başçısına məlumat verildi ki, məhkəmə binasında yaradılan müasir konfrans zalı da ən son texnologiyaya əsaslanan avadanlıqla təchiz edilmişdir. Buradakı şərait hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirələrinə, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı verir. Binada hakimlər, məhkəmə aparatı işçiləri və icra məmurlarının ən yüksək səviyyədə fəaliyyət göstərmələri üçün geniş imkanlar vardır. Burada vəkillər, dövlət ittihamçıları, şahidlər üçün də xüsusi otaqlar yaradılmışdır.

Oğuz Rayon Məhkəməsinin yeni binası ilə tanış olan Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.

Ölkə Prezidenti həmçinin noyabrın 16-da Oğuz şəhərində qarğıdalı emalı və qlükoza istehsalı müəssisəsinin açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, bu müəssisə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq "CPC" (Corn Processing Company) Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən inşa edilib. Müəssisənin yaradılmasına 18 milyon manat sərmayə qoyulub. Bu vəsaitin 3 milyon manatını Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri təşkil edir.

Prezident İlham Əliyev qlükoza, özək, kəpək, qlüten və digər hazır məhsulların, eləcə də qlükozanın istehsal prosesinin nümayiş etdirildiyi stendə baxdı.

Sonra dövlətimizin başçısı müəssisəni işə saldı.

Bildirildi ki, müəssisədə əsasən Türkiyə, ABŞ, Almaniya və İtaliya istehsalı olan avadanlıq quraşdırılıb. Müəssisənin istehsalat korpusu ilə yanaşı, hər birinin tutumu 500 ton olan iki taxıl anbarı və digər köməkçi binalar inşa edilib. Hər birinin tutumu beş min ton olan daha iki taxıl anbarının tikintisinə başlanılıb. Müəssisə gündəlik 80 ton qarğıdalı emalından 55 ton yüksək keyfiyyətli qida qlükozası və 20 tonadək müxtəlif növ yem məhsulları istehsal etmək gücünə malikdir. Burada 153 nəfər işlə təmin edilib.

Qeyd edildi ki, bu cür müəssisə Cənubi Qafqazda ilk olaraq Azərbaycanda inşa edilib. Müəssisədə ilkin mərhələdə qlükoza, daha sonra isə fruktoza və dekstroza məhsullarının istehsalı nəzərdə tutulur. Həmin məhsullardan əsasən şirniyyat, konserv, süd məmulatı, dondurma və limonad istehsalında istifadə olunacaqdır. Bu layihənin həyata keçirilməsi nəticəsində respublikamızda taxılçılığın, o cümlədən qarğıdalı istehsalının artırılması üçün əlverişli şərait yaranacaq və ölkəmizə qarğıdalı emalından alınan məhsulların idxalının qarşısı alınacaqdır. Müəssisə ölkəmizin tələbatını yerli istehsal hesabına yüksək keyfiyyətli qida qlükozası ilə tam təmin etməyə imkan yaradır, eləcə də, protein, qlüten, kəpək və sair məhsullarla təminatında da xüsusi əhəmiyyət kəsb edir. İstehsal prosesi zamanı yaranan tullantılar isə yem məhsulu kimi heyvandarlıqla məşğul olan fermerlərə satılacaqdır.

Bildirildi ki, müəssisənin xammal bazası yerli istehsal hesabına formalaşacaqdır. Bu məqsədlə Zaqatala, Şəki, Qax və Oğuz rayonlarında fəaliyyət göstərən fermerlərlə danışıqlar aparılır. Gələcəkdə kifayət qədər xammal bazası formalaşdırıldıqdan sonra müəssisənin gündəlik emal gücünün 80 tondan 200 tona çatdırılması nəzərdə tutulur.

Müəssisə ilə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

Digər xəbərlər