Noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Qax rayonuna səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə, ümumiyyətlə rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Dünən Prezident İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış tağvari metal körpünün açılışı mərasimində iştirak edib.
Dövlətimizin başçısı "Qax şəhərinin və Əlibəyli kəndinin sel sularından mühafizəsinin baş planı"na baxdı. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə məlumat verdi ki, Qax şəhərinin çay daşqınlarından mühafizəsi məqsədi ilə 2009-2011-ci illərdə 1622 metr uzunluğunda dəmir-beton üzlüklü bənd vurulub. Hazırda 186 metr məsafədə işlər davam etdirilir. Rayonun Əlibəyli kəndinin sel sularından qorunması üçün isə 670 metr uzunluğunda dəmir-beton üzlüklü bənd tikilib.
Azərbaycan dövlətinin başçısı, həmçinin İlisu kəndinin daşqınlardan mühafizəsinə dair işçi layihə ilə də tanış oldu. Layihəyə Kürmükçay və Hamamçay çaylarının sol sahillərində yerləşən İlisu kəndinin sel və daşqın sularından mühafizəsi, çayların yataqlarının sağ və sol yamaclarında baş verən təhlükələrin, geoloji çökmə proseslərinin qarşısının alınması daxildir. Layihədə Kürmükçay və Hamamçay çaylarında tikintisi nəzərdə tutulan 3470 metr uzunluğunda dəmir-beton üzlüklü istinad divarlarının 1335 metrlik hissəsində işlər başa çatdırılmışdır. Layihə üzrə İlisu kəndi ərazisində 410 metrlik drenaj şəbəkədə isə işlərin yarısı tamamlanmışdır. İşçi layihənin tərkib hissələrindən biri də Hamamçay üzərində yeni avtomobil körpüsüdür. Bu mühüm obyekt də artıq istismara hazırdır.
Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən lenti kəsdi. Qeyd edildi ki, bütün bu layihələr yalnız yerli şirkətlər və qurumlar tərəfindən icra olunur. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə təcrübəli yerli mütəxəssislər tərəfindən hazırlanmış layihələr "Azərkörpü" SC tərəfindən həyata keçirilir. Rayonun bir çox yaşayış məntəqələrini birləşdirən yolları qısaldan bu körpü ölkənin yol-nəqliyyat strukturunun təkmilləşdirilməsi və xüsusilə də regionların sosial-iqtisadi inkişafına dövlətimizin başçısının göstərdiyi qayğının daha bir göstəricisidir.
Prezident İlham Əliyev körpünün açılışı münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev Qaxda "El Resort" mehmanxanasının açılışında da iştirak edib.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, paytaxt Bakı ilə yanaşı, respublikamızın regionlarında da müasir turizm obyektlərinin inşası Azərbaycana yüksək maraqdan, həmçinin ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılmış əlverişli investisiya mühitindən irəli gəlir. Turizmin inkişafı ölkəmizdə otel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Qax rayonunda da turizm potensialının inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu baxımdan yeni tikilmiş "El Resort" otel kompleksi də mühüm əhəmiyyət daşıyır.
Mehmanxanada yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, üçmərtəbəli kompleks 2,7 hektar ərazini əhatə edir. Ümumi sahəsi 3 min 660 kvadratmetr olan mehmanxana lüks və VİP otaqlardan, 120 yerlik yeməkxanadan, 60 yerlik kafe-bar, oyun və kino zallarından ibarətdir. Qonaqlar burada türk və Çin hamamlarının, nəhəng hovuzun, yaz-yay terrasının, universal idman meydançasının xidmətlərindən istifadə edə biləcəklər. Buradakı otaqlar yüksək beynəlxalq standartlara cavab verir. Mehmanxananın otaqlarının və yeməkxananın mərkəzləşdirilmiş kompyuter proqramı sistemi yaradılıb. Mehmanxananın bütün infrastrukturu - istilik, havalandırma, elektrik, rabitə, yanğınsöndürmə sistemləri ən müasir səviyyədə qurulub.
Dövlətimizin başçısı sonra mehmanxananın tikilməkdə olan konfrans zalının layihəsini əks etdirən stendə baxdı. Mehmanxanada yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.
Azərbaycanın dövlət başçısı, Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak edib.
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin planına baxdı. Məlumat verildi ki, Qax şəhəri, Qaxingiloy və Qaxbaş kəndlərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinə əsasən, burada ilkin mərhələdə tutumu min kubmetr olan su anbarı inşa ediləcək. Sonrakı mərhələlərdə isə 500 kubmetrlik bir neçə su anbarı tikiləcək, kanalizasiya xətləri çəkiləcək. Qaxbaşı su anbarına Hamamçay körpüsünün yaxınlığındakı üç bulaqdan 8 min 300 metr uzunluğunda polietilen borularla su xətti çəkiləcək. Beş hektar ərazidə sutəmizləyici qurğu inşa olunacaq. Sonuncu mərhələdə isə Qax şəhərinin mövcud yaşayış sahələrində, o cümlədən Qaxbaş və Qaxingiloy kəndlərində su və kanalizasiya xətləri yenidən qurulacaq. Sistemin inşası 2013-cü ildə yekunlaşdırılacaq.
Sonra Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməli qoyuldu.
Prezident İlham Əliyev metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı. Dövlətimizin başçısı inşaatçılarla görüşərək, onlara uğurlar arzulayıb:
"Qax rayonunda yeni su layihəsi başlayır. Siz bu layihəni icra edəcəksiniz. Çalışmalısınız ki, bu layihə maksimum keyfiyyətlə və vaxtında icra edilsin. Beləliklə, Qax şəhərinin və ətraf kəndlərin su-kanalizasiya problemləri birdəfəlik öz həllini tapacaqdır. Bu layihə iki ilə yaxın vaxt ərzində icra olunmalıdır. Beləliklə, Azərbaycanda su təchizatı ilə bağlı problemlərin həlli üçün növbəti addım atılıb. Növbəti rayonda biz bu layihəni başlayırıq. Bütün bölgələrdə hər bir rayon üzrə proqramlar, konkret layihələr vardır. İndi bölgələrə səfərlərim çərçivəsində də demək olar ki, hər bir rayonda su layihəsinin təməl daşını qoyuruq. Sizə uğurlar arzulayıram."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Qax rayonunda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.
Mərkəzin eskiz layihələri ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, Heydər Əliyev Mərkəzi bir hektara yaxın ərazidə inşa olunacaq. Tikinti işlərinin 2012-ci ildə başa çatdırılması nəzərdə tutulub. Sahəsi 2 min kvadratmetrə qədər olacaq əsas binada bir böyük konfrans zalı, eksplikasiya salonları, sinif otaqları və mini konfrans zalı da fəaliyyət göstərəcək. Layihəyə əsasən mərkəzin mühəndis-kommunikasiya sistemi də ən müasir standartlara cavab verəcək. Mərkəzin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq.
Qeyd olundu ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə və respublikamızın regionlarına səfərlərini əks etdirən fotoguşə yaradılacaq.
Burada xarici dil, rəsm dərnəkləri və ən müasir avadanlıqla təchiz edilən xidmət otaqları fəaliyyət göstərəcək. Mərkəzdə şagirdlər Azərbaycan ədəbiyyatını və tarixini dərindən öyrənəcəklər. Sonra Heydər Əliyev Mərkəzinin təməli qoyuldu. Prezident İlham Əliyev metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı. Dövlətimizin başçısı mərkəzin tikintisinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi. Daha sonra Prezident İlham Əliyev Qaxda "İçəribazar" qala kompleksində tikinti və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Bildirildi ki, Qaxda XVI əsrdən mövcud olan "İçəribazar" qala qapıları və divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması tarixi irsimizin qorunması istiqamətində hazırda ölkəmizin bütün bölgələrində həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Aparılan tikinti və yenidənqurma işlərindən sonra "İçəribazar" qala kompleksi müasir və füsunkar görkəm almışdır. Burada əsrlərdən bəri qorunub saxlanılan bir çox maddi-mədəniyyət abidələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, onun tarixinə verilən dəyəri də nümayiş etdirir. Dövlətimizin başçısı kompleksin əvvəlki və yeni görüntülərini əks etdirən fotolara baxdı.
Kompleksin ərazisini gəzən Prezident İlham Əliyevə məlumat verildi ki, burada tikinti və yenidənqurma işlərinə 2010-cu ilin aprel ayında başlanılmış və qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılıb. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, kompleksin ətrafla ümumi ansambl təşkil etməsi və uzlaşdırılması diqqət mərkəzində saxlanılıb. İçəribazar küçəsindəki fərdi evlərin dam örtükləri yenilənib, darvaza, pəncərə, tavan, sütun, balkonlarda sürahilər və digər hissələr taxta materialdan yüksək zövqlə yenidən işlənib.
Bildirildi ki, görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşmişdir. 1902-ci ildə Qori seminariyasında təhsil alarkən Müslüm Maqomayev atasının vəsiyyətinə əsasən, dahi bəstəkar Üzeyir Hacıbəyli ilə burada olublar. Milli memarlıq üslubunda çapma daş və qırmızı kərpiclə nəfis şəkildə işlənilən, dekorativ suvaq vurulan küçə divarları da insanda xoş ovqat yaradır.
Kompleksə xüsusi gözəllik verən Nəsimi parkı yenidən qurulmuşdur. İçəribazar küçəsinin içməli su və qaz xətləri də yenilənib. Bir sözlə, əsaslı tikinti və yenidənqurmadan sonra "İçəribazar" qala kompleksi görkəmini tamamilə dəyişib və ölkəmizin ən gözəl istirahət məkanlarından birinə çevrilib. Azərbaycan Prezidenti Qaxın baş planını, şəhərin qədim hissəsinin bərpasını, perspektiv planını və yeni küçələrin abadlaşdırılmasını əks etdirən stendlərə baxdı. Sonra dövlətimizin başçısı "İçəribazar" qala kompleksində fəaliyyət göstərən tətbiqi sənət, ağacoyma, toxuculuq, Şərq şirniyyatı və təndirxana otaqları ilə tanış oldu.
Prezident İlham Əliyev Qax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Rayon sakini, 2 nömrəli orta məktəb-liseyin müəllimi Nazlı İsmayılova Qaxa göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi. Sonra xatirə şəkli çəkdirildi. Dövlətimizin başçısı qaxlı musiqiçilərin ifasını dinlədi. Prezident İlham Əliyev noyabrın 17-də "Qax-Avto" MMC-nin avtovağzal kompleksinin açılışında iştirak edib. Azərbaycan Prezidenti avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı köhnə və yeni avtovağzalın görüntülərini, eləcə də kompleksə daxil olan yardımçı binaları əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, müasir memarlıq üslubunda inşa olunmuş avtovağzalın tikinti sahəsi 522 kvadratmetrdir. Ərazidə yaşıllıq salınmış və dekorativ ağaclar əkilib. Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb, müasir havalandırma sistemi quraşdırılıb. Bildirildi ki, ərazisi bir hektara yaxın olan avtovağzal kompleksinin tikintisinə 2010-cu ilin əvvəlində başlanılıb. Həyətyanı sahədə 6 min kvadratmetr əraziyə asfalt-beton örtük salınıb. Burada, həmçinin sərnişinlərin hərtərəfli istirahəti üçün park da yaradılıb. Kompleksin ərazisinin 700 kvadratmetrdən çox hissəsində ağaclar, dekorativ kollar əkilib. Kompleksin işıqlandırma sistemi də mükəmməlliyi ilə diqqəti cəlb edir.
Qeyd edildi ki, ikimərtəbəli avtovağzal kompleksinə avtomobillər üçün texniki müayinə, anbar-qazanxana və mağaza binaları daxildir. Binanın birinci mərtəbəsindəki gözləmə salonunda sərnişinlər üçün hər cür rahatlıq yaradılıb. Dövlətimizin başçısı, perronda müxtəlif istiqamətlərdə hərəkət edəcək avtobuslara baxdı. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi. Prezident İlham Əliyev dünən həmçinin Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, inzibati bina Qax şəhərinin Heydər Əliyev prospektində yerləşir. Binanın tikintisinə 2010-cu ilin yanvar ayında başlanılıb. Ətrafda əsaslı abadlıq işləri görülmüş, yaşıllıqlar salınıb. Ümumi sahəsi 512 kvadratmetr olan ikimərtəbəli binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin YAP-ın fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşə də vardır. İnformasiya-kommunikasiya texnologiyalarının da tətbiq edildiyi yeni binanın bütün otaqlarında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Binada müasir havalandırma sistemi quraşdırılıb.
Bildirildi ki, 1993-cu il sentyabrın 19-da 128 nümayəndənin iştirakı ilə YAP Qax rayon təşkilatının ilk təsis konfransı keçirilib. Qax rayon təşkilatı YAP-ın rayon və şəhər təşkilatlarının yaranma tarixinə görə yeddinci qurumdur. Hazırda rayon təşkilatının 3 min 415 üzvü vardır. Onların 51 faizini qadınlar, 41 faizini isə gənclər təşkil edir. YAP Qax rayon təşkilatı 70 ərazi ilk partiya təşkilatını özündə birləşdirir. Hazırda rayonda fəaliyyət göstərən bələdiyyələrin tərkibində 119 nəfər YAP üzvü çalışır. Dövlətimizin başçısı konfrans zalına baxdı. Sonra Azərbaycan Prezidenti binanın balkonundan ətrafı seyr etdi. Dövlətimizin başçısına binanın ətrafında salınan Gənclik parkında görülmüş işlər barədə məlumat verildi. Bildirildi ki, ətraf ərazidə gənclər üçün yaşayış massivi də yaradılacaq. Prezident İlham Əliyev yeni inzibati binanın açılışı münasibətilə təbriklərini çatdırdı. Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, ərazidə yaşıllıq zolağı daha da genişləndirilib. Həmin gün Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub..
Dövlətimizin başçısı kompleksin yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, regionun ən böyük olimpiya idman komplekslərindən biri olan bu idman mərkəzi 2002-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin iştirakı ilə açılmışdı. O vaxtdan başlayaraq bu kompleksdə bir çox idman yarışları, təlim məşqləri və digər ictimai-sosial tədbirlər keçirilib. Son dövrlərdə isə ərazisi bir qədər də genişləndirilmiş kompleks aparılan yenidənqurma işləri nəticəsində müasir standartlar səviyyəsinə çatdırılıb. Buradan aydın görünür ki, ölkəmizdə bütün idman qurumlarının bir yerdə fəaliyyət göstərməsi uğurlu nəticənin əldə olunmasının əsas səbəblərindən biridir. Bu sırada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın idmançılara olan diqqəti də nəzərdən qaçmır. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti bu sahədə ölkəmizin ciddi uğurlar qazanması ilə müşayiət olunur. Bir sözlə, Azərbaycan dünya idman aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olub və nailiyyətin təməlində ölkəmizdə idmana olan yüksək münasibət dayanır. Azərbaycan Prezidenti voleybol zalına və hovuza baxdı, ikinci mərtəbədəki konfrans zalında yaradılmış şəraitlə tanış oldu. Yenidənqurma işləri nəticəsində kompleksin ərazisində 1400 kvadratmetr sahəni əhatə edən akvapark yaradılıb. Bütün əyləncə növlərinin olduğu bu kompleksdə restoran və boulinq zalı da fəaliyyət göstərəcək. Dövlətimizin başçısı, həmçinin idmançıların, eləcə də xarici qonaqların qalması üçün burada yaradılan otaqlara, kotteclərə və uşaqlar üçün əyləncə və istirahət mərkəzinə baxdı. Bildirildi ki, buradakı "Karvan" restoranında nümunəvi xidmət göstəriləcəkdir. Prezident İlham Əliyev yenidənqurma işlərindən razılığını bildirdi.
Prezident İlham Əliyev noyabrın 17-də Şəkiyə səfəri çərçivəsində mərkəzi xəstəxananın açılışında iştirak edib. Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, 100 çarpayılıq xəstəxananın inşası müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilib. Xəstəxananın təməli 2008-ci ilin sentyabrında Azərbaycan Prezidentinin iştirakı ilə qoyulub.
Əsas bina altı korpusdan ibarətdir. Birinci və ikinci korpuslar üçmərtəbəli, üçüncü və dördüncü korpuslar ikimərtəbəli, digər iki korpus isə birmərtəbəlidir. Burada təcili tibbi yardım, reanimasiya, iki cərrahiyyə, onkoloji xəstəliklər, göz xəstəlikləri, diaqnostika, laboratoriya, dializ və poliklinika şöbələri fəaliyyət göstərir. Təcili tibbi yardım şöbəsi ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, burada reanimasiya və kiçik əməliyyat bloku vardır. Qeyd olundu ki, bu şəfa ocağında 300-dək tibbi heyət əhalinin sağlamlığının keşiyində duracaq. Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına inşa olunan xəstəxananın dörd hektarlıq həyətyanı sahəsində avtodayanacaqlar, su hovuzları, içməli və çirkab su anbarları, nasosxana, transformator yarımstansiyası, qazanxana tikilib. Xəstəxananın həyətində geniş abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.
Tibb ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi və Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Şəki ictimaiyyətinin və xəstəxananın kollektivi adından çıxış edən həkim İmran Əliyev dövlətimizin başçısına minnətdarlığını çatdırdı. Sonda xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində "Green Hill İnn" mehmanxanasının açılışında iştirak edib. Dövlətimizin başçısı mehmanxananın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, beşmərtəbəli turizm kompleksinin ümumi ərazisi 1,2 hektardır. Kompleksə daxil olan otel və kotteclərin ümumi sahəsi isə 5 min kvadratmetrdən çoxdur. Ərazidə mehmanxana binası ilə yanaşı, yardımçı tikililər, böyük və kiçik hovuz yaradılıb. Mehmanxananın həyəti abadlaşdırılıb, geniş yenidənqurma işləri aparılıb, yaşıllıq zolağı salınıb. Prezident İlham Əliyev mehmanxananın ərazisində görülməsi nəzərdə tutulan işləri əks etdirən stendə baxdı, ən yuxarı mərtəbədən şəhərin mənzərəsini seyr etdi. Şəkidə həyata keçirilən geniş quruculuq-abadlıq işləri barədə dövlətimizin başçısına məlumat verildi. Dövlətimizin başçısı mehmanxananın açılışı münasibətilə təbriklərini çatdırdı.
Noyabrın 17-də Prezident İlham Əliyev Şəki şəhərində "Aşağı Karvansaray" kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinə məlumat verdi ki, qədim abidələrlə zəngin bölgələrimizdən olan Şəkidəki XIX əsrə aid "Aşağı Karvansaray" Yaxın Şərqdə ən böyük karvansaradır. Kompleksdə əsaslı təmir və bərpa işlərinin aparılması dövlətimizin tarixi keçmişimizin qorunmasına olan həssas münasibətindən qaynaqlanır. Şəkinin özünəməxsus memarlıq üslubunu əks etdirən və 8 min kvadratmetr ərazini əhatə edən bu tarixi binada 200-dən çox otaq vardır. Dövlətimizin başçısı kompleksin əvvəlki vəziyyətini, təmir-bərpa işlərinin gedişini və istifadədən sonrakı vəziyyətini əks etdirən stendə baxdı. Diqqətə çatdırıldı ki, xüsusi layihə əsasında aparılan bərpa işlərinə 2010-cu ilin yanvarında başlanılıb. Təmir-bərpa işlərinin bu ilin dekabrında başa çatdırılması nəzərdə tutulur. Hazırda işlərin birinci mərhələsi həyata keçirilir. Prezident İlham Əliyev tikinti və bərpa işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsinə, eləcə də karvansaranın gələcəkdə istifadəsinə dair tapşırıq və tövsiyələrini verdi. Dünən Prezident İlham Əliyev "Aqroinvestkom" MMC-nin Şəki şərab zavodunun açılışında da iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi ki, 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq yaradılan zavodun ümumi sahəsi 7,8 hektardır. Tikintisinə 2008-ci ildə başlanılan zavod ildə 3 min ton üzüm emal etmək gücünə malikdir. Lakin gələcəkdə bu rəqəmin 10-15 min tona çatdırılması nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısının ölkəmizdə özəl sektorun, o cümlədən üzümçülüyün inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotolardan ibarət stendə baxdı.
Sonra dövlətimizin başçısı zavodu işə salan düyməni basdı.
Məlumat verildi ki, burada üzümün qəbulu, fermentləmə, texnoloji emal, markalı şərabların istehsalı və qablaşdırma sexləri yaradılmışdır. Üzümün qəbulu sexində ağ və qırmızı üzüm növləri üçün iki qəbuledici bunker, üzüməzən avadanlıq quraşdırılıb. Burada iki xətt ağ və qırmızı, bir xətt isə elit şərabların istehsalı üçün nəzərdə tutulub. Sexdə, həmçinin Azərbaycanda ilk dəfə üzümün tumlarını ayıran qurğu da quraşdırılıb. Digər sexlər də ən son avadanlıqla təchiz edilib. Sexdə qablaşdırılan şərablar "Çinar" markasının texnologiyasına uyğun hazırlanır. İstehsalın sonrakı mərhələsində "Şəki", "Çələbi", "Karvansaray", "Xan sarayı" adı ilə şərabların istehsalı planlaşdırılır. İstehsalın üçüncü mərhələsində, yəni 2012-ci ildən kəmşirin, portveyn və desert tipli şərabların istehsalına üstünlük veriləcək. Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.
Həmin gün Prezident İlham Əliyev Şəkidə Sabit Rəhman adına Dövlət Dram Teatrının binası ilə tanış olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verdi ki, 1973-cü ildə ipəkçilərin mədəniyyət sarayı kimi fəaliyyətə başlamış bu bina iki ildən sonra Sabit Rəhman adına Dövlət Dram Teatrının kollektivinin ixtiyarına verilib. Teatr maraqlı çıxışları ilə təkcə Şəkinin deyil, ölkəmizin bütün sənətsevərlərinin rəğbətini qazanıb. Teatr binasının uzun müddət əsaslı təmir olunmaması kollektivin fəaliyyətinə təsirsiz ötüşməyib. Prezident İlham Əliyevin Sərəncam və göstərişləri əsasında indi ölkəmizin bütün tarixi abidələri, sənət ocaqları əsaslı şəkildə yenidən qurulur. Buna uyğun olaraq, Şəki Dövlət Dram Teatrının binasının da əsaslı təmiri planlaşdırılır. Dövlətimizin başçısı təmir-bərpa işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.