Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.
Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Nic qəsəbəsindəki 2 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, məktəbin yeni binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.
Bildirildi ki, məktəbin 1930-cu ildə tikilmiş əvvəlki binası son dövrdə tamamilə yararsız vəziyyətə düşmüşdü. Təhsil ocağının yeni binasının tikintisinə bu ilin aprelində başlanılıb. Bunun üçün ayrılmış bir hektar ərazidə qısa müddətdə müasir standartlara cavab verən məktəb binası inşa olunub.
Dördmərtəbəli təhsil ocağının foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb. Qeyd edildi ki, məktəbin 20 sinif otağında, iki laboratoriyasında və müxtəlif təyinatlı digər otaqlarda hər cür şərait yaradılıb. Sinif otaqları müasir avadanlıq və ləvazimatla təmin olunub.
Prezident İlham Əliyev sinif otaqlarında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, təhsil ocağının idman zalı yüksək standartlara cavab verir. Buradakı 200 nəfərlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. İnformatika otağı tam kompyuterləşdirilib və sürətli internetlə təmin olunub. Məktəbin ikinci mərtəbəsindəki kitabxanada beş mindən artıq ədəbiyyat toplanıb.
Dövlətimizin başçısı məktəbin açılışı münasibətilə kollektivi təbrik etdi, uğurlar arzuladı.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi. Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinin diqqətinə çatdırdı ki, şəhərin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ildə başlanılıb. Bu nəhəng idman qurğusunun inşası üçün 4,3 hektar torpaq sahəsi ayrılıb. Yüksək səviyyədə aparılmış tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. İkimərtəbəli kompleksdə idman zalı, üzgüçülük hovuzu, trenajor zalları, yeməkxana, məşq zalları və kotteclər yaradılıb. Kompleks Qəbələdə idmanın müxtəlif sahələrinin müasir standartlar səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub. Prezident İlham Əliyev voleybol zalında məşq prosesini izlədikdən sonra idman qurğularının eskiz layihələri ilə tanış oldu.
Qeyd edildi ki, kompleksdə mini kafe də fəaliyyət göstərəcək. Burada idmançıların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait vardır. Bunun üçün kompleksin ikinci mərtəbəsində bilyard və tennis masaları quraşdırılıb. Diqqətə çatdırıldı ki, Qəbələ Olimpiya İdman Kompleksi ölkəmizdə istifadəyə verilən sayca 32-ci belə idman qurğusudur. Əsas binanın tikinti sahəsi 9 min kvadratmetrdir. Dövlətimizin başçısı idman zalı ilə tanış oldu. İdmanın mini futbol, basketbol, voleybol, gimnastika, boks, güləş növləri üzrə beynəlxalq səviyyəli turnirlərin keçiriləcəyi zalda yarışları izləyəcək tamaşaçılar üçün 720 oturacaq quraşdırılıb. Burada qadın və kişilər üçün ayrı-ayrılıqda trenajor zalları yaradılıb. Zallar müasir avadanlıqla təchiz olunub. Prezident İlham Əliyev üzgüçülük hovuzuna baxdı. Hovuzda xüsusi nəmalma qurğusu quraşdırılıb. Buradakı yarışları 80 nəfər izləyə biləcək.
Açıq havada yaradılan idman qurğuları ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, buradakı süni örtüklü açıq stadion 1540 tamaşaçı tutumuna malikdir. Bundan başqa, burada mini futbol, tennis kortu, basketbol və voleybol meydançaları vardır.
Prezident İlham Əliyev stadionda gənc futbolçuların məşq prosesini izlədi, onlarla söhbət etdi. Azərbaycan Prezidenti gənc futbolçularla və onların məşqçiləri ilə xatirə şəkli çəkdirdi, onlara uğurlar arzuladı. Qəbələ Olimpiya İdman Kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi. Həmin gün Prezident İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının tikinti işləri ilə tanış olub. Məscidin axundu milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərən dövlətimizin başçısına müqəddəs Qurani-Kərim hədiyyə etdi. Prezident İlham Əliyev məscidin gələcək görüntülərini əks etdirən fotostendə baxdı.
Məlumat verildi ki, Qəbələ şəhər məscidinin əvvəlki kiçik binası son dövrdə tamamilə yararsız vəziyyətə düşmüşdü. Məscidin binasının tikintisinə 2011-ci ilin martında başlanılıb, bu məqsədlə 800 kvadratmetr torpaq sahəsi ayrılıb. Məscidin ikimərtəbəli əsas binasının, eləcə də giriş pilləkəninin, körpücüyün və 21,6 metr hündürlüyündə minarəsinin tikintisi artıq başa çatdırılıb. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 10 metr dərinliyində özülbərkitmə işləri aparılıb. Hazırda binanın daxilində işlər davam etdirilir. Azərbaycan Prezidentinə məscidin ərazisində aparılan abadlıq işləri barədə də məlumat verildi. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, məscidin ərazisindəki məişət binasında da əsas işlər görülüb. Burada kitabxana, mərasim zalı, dəstəmaz yerləri və digər otaqlar olacaq. Azərbaycan Prezidenti tikinti işlərinin milli xüsusiyyətlər nəzərə alınmaqla aparılmasına dair tapşırıqlarını verdi.
Prezident İlham Əliyev Qəbələ Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. Dövlətimizin başçısına məlumat verildi ki, müasir standartlara cavab verən binanın təməli ötən ilin martında qoyulmuş inşaat işləri bu ilin oktyabrında isə başa çatdırılıb. Bütün otaqlar zəruri mebel və texniki avadanlıqla təchiz olunmuş, yüksək səviyyədə iş şəraiti yaradılıb. Qeyd edildi ki, binanın ətrafında geniş yaşıllaşdırma işləri aparılıb, iki müasir fəvvarə, mükəmməl işıqlandırma sistemi quraşdırılıb. Binanın qarşısında mərmər üzərində Azərbaycanın xəritəsi yaradılıb. İcra hakimiyyətinin yeni inzibati binası rayonun ümumi görüntüsünə də xüsusi gözəllik verir. Binanın ayrıca qazanxanası, transformator yarımstansiyası, iki su anbarı, artezian quyuları vardır.
Bildirildi ki, bina üçün ərazi xüsusi olaraq seçilib. Foyedə Qəbələ rayonunun inkişafında böyük xidmətləri olan ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı fəaliyyətlərini əks etdirən fotoguşə yaradılıb. Qeyd edildi ki, ümumilikdə 50-yə yaxın iş otağının yaradıldığı binanın daxili də yüksək zövqlə tərtib edilib. Üçüncü mərtəbədəki 152 yerlik akt zalı müasir texniki avadanlıqla təchiz olunub. Burada ayrıca tərcümə otağı, kiçik konfrans zalı, 40 yerlik yeməkxana da vardır. Qeyd edildi ki, yeni inzibati binada işçilərin asudə vaxtlarını səmərəli keçirmələri də nəzərə alınıb. Binanın zirzəmi qatında xüsusi istirahət otağı, eləcə də stolüstü tennis və bilyard masalarının quraşdırıldığı idman zalı vardır. Kitabxana, anbar, arxiv otağı və böhran vəziyyətində idarəetmə məntəqəsi də bu qatda yerləşir. Prezident İlham Əliyev idarəetmə məntəqəsi ilə tanış oldu. Buradan rayon ərazisinə nəzarət etmək mümkündür. Fövqəladə hal baş verdiyi təqdirdə eyni anda rayonun Vəndam, Bum və Nic qəsəbələri ilə birbaşa videokonfranslar keçirmək imkanları vardır. Dövlətimizin başçısı binanın balkonundan ətrafı seyr etdi. Azərbaycan Prezidenti görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində noyabrın 18-də "Qafqaz Sport Hotel"in açılışında iştirak edib. Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi və turizm obyekti ilə yaxından tanış oldu.
Məlumat verildi ki, beşulduzlu otelin tikintisinə 2010-ci ilin martında başlanılıb. Avanqard və klassik arxitektura üslublarının sintezi əsasında inşa edilmiş binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunub. Yeddimərtəbəli əsas korpusdan və kotteclərdən ibarət olan oteldə 98 nömrə, o cümlədən kral dairəsi, 12 suit və əlillər üçün bir otaq vardır.
Prezident İlham Əliyev otelin nömrələrində yaradılan şəraitlə yaxından tanış oldu. Bildirildi ki, nömrələrdə qonaqların yüksək səviyyədə istirahəti üçün hər cür şərait yaradılıb. Bütün otaqlar rəqəmli seyf, minibar, havalandırma sistemləri, peyk televiziya və beynəlxalq telefon xətləri, simsiz internetlə təchiz edilib.
Məlumat verildi ki, otelin hər bir restoranına, barına və iclas zallarına qiymətli daşların adı qoyulub. Buradakı 300 nəfərlik "Lapis" iclas zalı bütün lazımi texniki avadanlıqla təchiz olunub. Zalda konfransların, iclasların, seminarların, təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur. Otelin 134 yerlik "Mirvari" restoranında əsasən səhər yeməyi veriləcək. Burada, həmçinin sifarişlə işləyəcək 170 yerlik "Safir a la carte", eləcə də konfranslar, seminarlar və el şənliklərinin təşkil ediləcəyi 180 yerlik "Firuzə" restoranları da vardır. Restoranlarda qonaqlar Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını dada biləcəklər. Oteldə zəngin menyu təqdim edən bir neçə bar, eləcə də qapalı hovuz da fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimində iştirak edib. Aeroportun kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar. Azərbaycan Prezidenti mərasimdə çıxış etdi. Sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə qəbələlilər adından minnətdarlıq etdi.Daha sonra dövlətimizin başçısı aeroportun rəmzi açılışını bildirən lenti kəsdi.
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov beynəlxalq standartlara cavab verən Qəbələ aeroportu haqqında Prezident İlham Əliyevə məlumat verdi. Dövlətimizin başçısı Qəbələ Beynəlxalq Aeroportunun layihəsi və Qəbələ-Ağdaş yolunun yenidən qurulması ilə bağlı stendlərə də baxdı. Prezident İlham Əliyev aeroportun açılışı münasibətilə təbriklərini çatdırdı, kollektivə uğurlar arzuladı.
Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə su-limonad istehsalı zavodunun açılışında da iştirak edib. Dövlətimizin başçısı zavodu işə saldı. Məlumat verildi ki, istehsal gücü saatda 6 min litr olan zavodun tikintisi bu ilin martında başlanılıb, oktyabrda isə başa çatdırılıb. İllik istehsal gücü 50 milyon litr olan müəssisədə 60 nəfər işlə təmin olunacaq. Müasir avadanlığın quraşdırıldığı zavodda istehsal prosesi ilə tanış olan Prezident İlham Əliyev hazır məhsulun dadına da baxdı. Dövlətimizin başçısı bu cür müəssisələrin açılmasının əhəmiyyətini qeyd etdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.
Prezident İlham Əliyev Qəbələdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzilli binanın istifadəyə verilməsi mərasimində iştirak edib. Mərasim iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidentinin fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edir, dövlət siyasətində mühüm yer tutur. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli evlərin tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Azərbaycan Prezidenti mənzillərdə yaradılmış şəraitlə tanış oldu. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirdi ki, mənzillərdə yaşayış üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüşdü, yeni mənzillərin orderlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim etdi.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin başçısına onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq etdilər. Sonda xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində noyabrın 18-də Cıdır Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
Dövlətimizin başçısı inşaat işlərini əks etdirən stendlərə baxdı.
Diqqətə çatdırıldı ki, Azərbaycan Atçılıq Federasiyasının sifarişi ilə inşa olunan kompleksin tikintisi üçün 40 hektar ərazi ayrılıb. İnşaat işlərinə bu ilin iyulunda başlanılıb. Ərazidə 4,7 min tamaşaçı yeri olan stadion, 1,6 min metrlik yaşıl ot örtüyündən və 1,6 min metrlik narın qumdan ibarət cıdır meydanı tikiləcək. Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verdi. Noyabrın 18-də Prezident İlham Əliyevin respublikamızın şimal-qərb bölgəsinə səfəri başa çatıb. Dövlətimizin başçısı yeni istifadəyə verilmiş Qəbələ Beynəlxalq Aeroportundan Bakıya yola düşdü. Həmin gün Prezident İlham Əliyev Bakıya gəldi.