"Avropanın atom enerjisindən imtinası Azərbaycanı bu regionun əsas enerji daşıyıcısına çevirir". Bu sözləri Fransanın Beynəlxalq Münasibətlər İnstitutunun (İFRİ) baş müşaviri, səfir Vilyam Ramsey jurnalistlərə bildirib. O, vurğulayıb ki, Avropa Xəzər neftinin və qazının idxalına çox maraqlıdır. Azərbaycandan neft və qazın Avropaya ötürülməsi ilə bağlı müzakirələr aparılır. Hesab edirəm ki, sözügedən regionun Azərbaycanın neft və qazına ehtiyacı böyükdür.
Səfir bildirib ki, son illərdə aşkarlanan qaz yataqları Azərbaycana marağı daha da artırıb: "Amma Avropada maliyyə böhranı qaza olan tələbatı azalda bilər və bu, infrasturktur layihələrə də təsir göstərə bilər. Ümid edirəm ki, Avropa yeni "Transxəzər" neft-qaz kəmərlərinin çəkilişində işlərini dayandırmayacaq".
Azərbaycanda neft hasilatı stabil saxlanacaq
"Gələn il Azərbaycanda ümumi neft hasilatı 45-46 milyon ton səviyyəsində olacaq". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
Onun sözlərinə görə, gələn il hasil olunacaq neftin ümumi həcmindən ARDNŞ-in payına 8-8,3 milyon ton düşəcək, yerdə qalan hissə isə "Azəri-Çıraq-Günəşli" yatağının və "Şahdəniz" yatağından çıxarılan kondensatın payına düşür.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, "Neft sənayesində hazırkı istehsal bizi qane edir. Biz bunu artırmamalıyıq, çünki ehtiyacımız yoxdur. Qeyd etdiyim kimi, il ərzində valyuta ehtiyatlarımız 11 milyard dollar artıbdır. Sosial və infrastruktur layihəsində bir dənə də olsun geriləmə yoxdur. Bütün layihələr icra edilir, büdcə artır. Əlavə neftin hasilatı, sadəcə olaraq, valyuta ehtiyatlarımızı kəskin şəkildə yenə də artıracaqdır. Mən hesab edirəm ki, buna da ehtiyac yoxdur. Biz maraqlıyıq ki, neft ehtiyatlarımız daha uzun müddət ərzində Azərbaycan xalqına xidmət etsin, bundan sonra onilliklər ərzində Azərbaycanda neft hasilatı stabil olsun. O ki qaldı qaz hasilatına, bu sahədə, əlbəttə ki, gələn illərdə qoyulacaq investisiyalar hesabına qazın hasilatını kəskin şəkildə artırmalıyıq".
Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib
Neft-qaz istehsalı ilə yanaşı, ölkəmizdə elektrik enerjisinin istehsalı da artır. Növbəti 2 il ərzində elektroenergetika sahəsində görüləcək işlər, demək olar ki, bu istiqamətdə bütün planlarımızın reallaşmasına imkan verəcək. Son illər ərzində bu sahədə çox ciddi tədbirlər görülüb. On bir yeni elektrik stansiyası tikilib.
Son 5 il ərzində Azərbaycanda 1500 meqavatt gücündə yeni elektrik stansiyaları tikilib və bərpa edilib. Hazırda enerji gücümüz 6,5 min meqavatt səviyyəsindədir ki, bugünkü Azərbaycanın tələbatını və bir neçə il bundan sonrakı tələbatını tam şəkildə ödəyir.
Bundan başqa, Azərbaycan qonşu ölkələrə də elektrik enerjisini ixrac edir. Dövlət başçısı hökumətin iclasında bəyan edib ki, elektrik enerjisinin ixrac həcmini artırmaq nəzərdə tutulur. Beləliklə, neftlə, qazla bərabər, Azərbaycan böyük həcmdə elektrik enerjisi də ixrac edəcək.
Azərbaycan Prezidenti bu sahədə görülən işlərə toxunaraq deyib: "Bu il bu sahədə yeni çox əhəmiyyətli və əlamətdar addım atılmışdır. "Şimal-2" elektrik stansiyasının tikintisinə başlamışıq. Bu stansiya 409 meqavatt gücündə olacaqdır. Ümid edirəm ki, yaxın iki il ərzində tikilib istifadəyə veriləcəkdir.
"Cənub" elektrik stansiyasının tikintisi uğurla davam edir. Ümid edirəm ki, gələn il biz bu böyük stansiyanı da açacağıq. Orada da 780 meqavatt elektrik enerjisinin istehsalı gözlənilir.
Yəni, 2013-cü ilin sonuna qədər biz təxminən 1300, bəlkə də ondan da çox meqavatt gücündə yeni enerji alacağıq. Növbəti illərdə bu məsələyə diqqət göstərilməlidir. Baxmayaraq ki, hazırda tikilməkdə olan stansiyalar bizə tam şəkildə imkan verəcək ki, öz enerji təhlükəsizliyimizi bundan sonra 5-10 il ərzində təmin edək".
Alternativ enerji istehsalına diqqət artırılır
Ancaq biz ölkəmizin ümumi inkişafını görürük. Bunu təmin edirik. Bilirik ki, 10 ildən sonra Azərbaycanda iqtisadi və sənaye potensialı çox böyük dərəcədə artacaq və enerji gücləri də ümumi inkişafımızı daim qabaqlamalıdır.
Bununla bərabər, bərpa olunan enerji güclərinin yaradılması ilə bağlı konkret tədbirlər görülməyə başlamışdır. Birinci pilot layihə icra edilmişdir. Qobustanda külək-günəş elektrik stansiyası artıq istismara verilmişdir. Çox şadam ki, artıq Azərbaycanda günəş panelləri də istehsal olunmağa başlayır. Bu yönümlü bir neçə müəssisə işə başlayacaqdır".
Dövlət başçısı deyib ki, "Bütövlükdə biz bərpa olunan enerji növlərinə indi çox böyük diqqət göstəririk. Günəş və külək enerjisi bizim üçün yenilikdir. Biz bu məsələyə çox ciddi yanaşırıq və artıq nəticələr vardır.
Bununla bərabər, hidroenergetikanın inkişafı üçün konkret proqramlar icra edilir. Kiçik çaylarda bu il bir neçə elektrik stansiyasının təməli qoyuldu. Hər birinin 1-2, bəlkə 3-4 meqavatt və 20-25 meqavatt gücündə hidroelektrik stansiyalarının tikintisi də gələn il gözlənilir.
Gələn il biz Füzuli elektrik stansiyasının açılışını etməliyik. Orada 25 meqavatt enerji istehsalı gözlənilir. Taxtakörpü, Şəmkirçay su anbarlarında da təxminən o həcmdə su-elektrik stansiyalarının tikintisi gözlənilir. Bütün su resurslarımızın xəritəsi tərtib edilibdir. Hər bir mənbədə su-elektrik stansiyasının tikintisi nəzərdə tutulur".
Göründüyü kimi, Azərbaycanın iri energetika ölkəsinə çevrilməsi ilə paralel olaraq dünyada enerjiyə tələbatın artması ölkəmizin önəmini və qazancını artırır. Hazırkı durumu və perspektivləri nəzərə alıb inamla söyləmək olar ki, qarşıdakı illərdə Azərbaycan daha böyük iqtisadi imkanlara malik ölkəyə çevriləcək.
Elçin Bayramlı