Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Portuqaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Luisa Bastos de Almeidanın etimadnaməsini qəbul edib.
Səfir Luisa Bastos de Almeida fəxri qarovul dəstəsinin qarşısından keçdi. Xanım Luisa Bastos de Almeida etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edən xanım Luisa Bastos de Almeida ölkəmizə gələrkən özü ilə iş adamlarından ibarət nümayəndə heyətini də gətirdiyini dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinin zəruriliyini bildirdi. Prezident İlham Əliyev xanım Luisa Bastos de Almeidanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əlaqələrin genişlənəcəyinə əminliyini ifadə etdi.