Bu gün ölkəmizdə uğurla həyata keçirilən modern sosial siyasətin malik olduğu konkret parametrlərdən biri minimum aylıq əməkhaqqının davamlı qaydada artırılması, eləcə də, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasıdır. Qeyd edilən istiqamətdə Prezident İlham Əliyevin hələ 2008-ci il sentyabrın 15-də təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın icrası da məhz bu əhəmiyyətli amilin daşıyıcılarındandır. Xatırladaq ki, dövlət başçısı 28 iyun 2011-ci il tarixli sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planını (2011-2015) təsdiq etmişdir.
İqtisadi təhlil aparan mütəxəssislərin sözlərinə görə, 2010-cu ilin yekunlarına əsasən, ölkəmizdə yoxsulluq səviyyəsi 9 faiz təşkil etmişdir və 2015-ci ilə kimi Azərbaycanda yoxsulluq probleminin tamamilə aradan qaldırılacağı gözlənilir. Eyni zamanda, bu illər ərzində, ölkəmizdə 1 milyona yaxın çox iş yerinin açılması yoxsulluğun ləğvinə uğurlu töhfə vermiş, digər tərəfdən, əməkhaqqı sisteminin mütəmadi təkmilləşdirilməsi, vətəndaşların məşğulluq imkanlarının artırılması, onların potensial imkan və qabiliyyətləri sayəsində gəlirlərini artırmasına münbit şəraitin yaradılması kimi amillər bu uğurun əldə edilməsində mühüm rol oynamışdır.
Dövlət qayğısının
bariz təcəssümü
Ölkədə minimum əməkhaqqının, büdcə təşkilatlarında çalışan işçilərin maaşlarının, sosial pensiya və müavinətlərin davamlı artırılması dövlətin vətəndaşlara olan diqqət və qayğısının bariz təcəssümüdür.
Ötən 8 ildə ölkə başçısının imzaladığı sosial-iqtisadi inkişaf proqramlarının icrası, yeni şəraitə adekvat islahatlar kursunun aparılması respublikamızın bugünkü uğurlarını şərtləndirmişdir. Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirmiş, oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadəyə imkan vermiş, iqtisadiyyatın tarazlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır.
Ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması məsələləri ötən illərdə Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçısı İlham Əliyev hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə, onların icra prosesini şəxsi nəzarətdə saxlamış, habelə, ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir. Bu baxımdan, son illərdə regional inkişaf və qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilmiş tədbirləri xüsusi vurğulamaq olar.
2003-2011-ci illərdə Azərbaycanın, demək olar ki, bütün rayonlarına səfərlər edən Prezident İlham Əliyev insan amilinə necə yüksək dəyər verdiyini, bütün fəaliyyətində vətəndaşların maraq və mənafeyini, firavanlığını uca tutduğunu təsdiqləmişdir. Prezident İlham Əliyev bildirmişdir: " Biz artıq böyük maliyyə imkanlarına malikik. İqtisadiyyatımız artıq çoxşaxəlidir. Müstəqilliyimiz möhkəmlənir. İqtisadi imkanlarımız, regiondakı rolumuz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Eyni zamanda, ölkədə iqtisadi və sosial məsələlər öz həllini tapmaqdadır. Maaşlar və pensiyalar dəfələrlə artmışdır".
Sosial islahatların
mühüm elementləri
Azərbaycanda əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədilə tədbirlər davam etdirilir. Prezident İlham Əliyev bildirmişdir: "Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir. Bununla bərabər, ölkəmizin sosial-iqtisadi inkişafının davamı üçün konkret layihələr, konkret proqramlar icra edilir".
Ümumiyyətlə, Prezident İlham Əliyevin verdiyi bütün vədlər əməli fəaliyyətə, real siyasətə əsaslanmış, milli maraq və mənafeləri maksimum dərəcədə özündə ehtiva etmişdir. Elmi əsaslara söykənən bu siyasətin qarşıdakı illərdə də uğurla davam etdirilməsi vətəndaşları qayğılandıran bütün problemlərin aradan qalxmasına, xalqın yaşayış səviyyəsinin daha da yüksəlməsinə real imkanlar yaradacaqdır.
RÖVŞƏN NURƏDDİNOĞLU