Azərbaycanda aqrar sahənin inkişafı əsas prioritetlərdəndir və bu sahəyə xüsusi qayğı göstərilir. Bu sahədə son 20 ildə əldə edilən uğurlara hökumətin cari ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirəsində də geniş toxunulub. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev 1995-2003-cü illərdə kənd təsərrüfatı sektorunun hüquqi-normativ bazasının yaradılması istiqamətində mühüm işlər görüb, bununla da ölkədə aqrar islahatlar uğurla icra olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində kənd təsərrüfatı sahəsində uğurlar davamlı xarakter alıb. Təsadüfi deyil ki, son illərdə məhsul istehsalında yüksək artım müşahidə olunur, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradılıb və kənd təsərrüfatı sektoru texnika ilə tam təmin edilib.
Dövlət büdcəsinin vəsaiti hesabına 2005-2010-cu və 2011-ci ilin doqquz ayı ərzində 12 min 357 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən, 990 ədəd taxılyığan kombayn, 3 min 584 ədəd traktor, 73 dəst texnoloji avadanlıq, o cümlədən, soyuducu kamera, süd zavodu, yem istehsalı zavodu, istixana və digər avadanlıq, 300 min ton mineral gübrə, 300 ton pestisid alınmış, təsdiq edilmiş qaydalara müvafiq olaraq satılıb və ya lizinqə verilib.
Hazırda respublikanın əksər rayonlarında "Aqrolizinq" ASC-nin aqroservis filialları fəaliyyət göstərir. Kənd təsərrüfatı məhsulları istehsalçılarını stimullaşdırmaq məqsədi ilə hazırda dövlət büdcəsindən aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar verilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli Sərəncamının icrası ilə bağlı istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, habelə, hər hektar buğda və çəltik səpininə görə 2007-ci ildən indiyədək 360 milyon 300 min manat pul, toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə 2007-2010-cu illər ərzində dövlət büdcəsinin vəsaiti hesabına təsərrüfatlara, ümumilikdə, 15 milyon 100 min manatdan çox subsidiya verilib.
Bununla yanaşı, 2007-ci ildən hüquqi və fiziki şəxslər tərəfindən idxal olunan kənd təsərrüfatı məhsulları istehsalında istifadə olunan 294 min 700 ton gübrənin dəyərinin orta hesabla 50 və ya 70 faizinin güzəştlə satılmasına görə həmin təşkilatlara 49 milyon manatdan çox vəsait ödənilib.
Bu tədbirlərin nəticəsi olaraq kənd təsərrüfatında 2008-ci ildə 1 milyon 77 min 100 ton kartof, 1 milyon 228 min 300 ton tərəvəz toplanmış, 2009-cu ildə taxıl istehsalı 2 milyon 988 min 300 tona, o cümlədən, buğda istehsalı 2 milyon 140 min 800 tona çatdırılmış, 2010-cu ildə 433 min 600 ton bostan məhsulları, 729 min 500 ton meyvə və 129 min 500 ton üzüm istehsal olunub.
2000-ci ilə nisbətən 2010-cu ildə taxıl istehsalı 1,3 dəfə, kartof 2 dəfə, tərəvəz 1,5 dəfə, bostan məhsulları 1,7 dəfə, meyvə 1,5 dəfə, üzüm 1,7 dəfə, şəkər çuğunduru 5,4 dəfə, ət 2,3 dəfə, süd 1,5 dəfə, qaramalın baş sayı 1,3 dəfə, davarların baş sayı isə 1,4 dəfə artıb.
Aqrar sahəyə göstərilən çoxşaxəli dəstəyin nəticəsi olaraq 2011-ci ilin 9 ayında ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı, əvvəlki illərdə olduğu kimi, öz dinamik inkişafını davam etdirib və kənd təsərrüfatında ümumi məhsul istehsalı 3 milyard 876 milyon 700 min manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz artmış, o cümlədən, bitkiçilikdə 10,6 faiz və heyvandarlıqda 3,7 faiz təşkil edib.
2011-ci ilin məhsulu üçün 967 min 300 hektar sahədə payızlıq və yazlıq dənli və dənli paxlalılar əkilib ki, onun da 654 min 200 hektarını buğda təşkil edib. Yazlıq dənli və dənli paxlalılar da daxil olmaqla cəmi 400 min 300 hektar sahədə yazlıq bitkilər əkilib ki, bu da keçən ildəkindən 5,1 faiz çoxdur.
1 oktyabr vəziyyətinə 960 min 700 hektarda və ya ümumi sahənin 99,3 faizində biçin aparılıb və 2 milyon 431 min ton dənli və dənli paxlalılar istehsal edilib. İstehsal olunmuş ümumi məhsulun 1 milyon 640 min tonunu və ya 67,5 faizini buğda təşkil edib. Bu il ötən ildəkindən 331 min 100 ton artıq buğda istehsal edilib, məhsuldarlıq 5,2 sentner artıb. Mövsümün sonuna 2 milyon 450 min tondan çox dənli və dənli paxlalıların istehsalı gözlənilir ki, bu da keçən ildəkindən təxminən 450 min ton və ya 22,5 faiz çoxdur.
Pambıq yığımı dövründə hava şəraitinin əlverişsiz keçməsinə baxmayaraq, oktyabrın 17-si vəziyyətinə 33 min 348 ton məhsul toplanıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 11 min 800 ton və ya 54,9 faiz çoxdur. Pambıq yığımı davam edir.
Bitkilərin, əsasən, taxılın zərərli və xüsusi təhlükəli zərərverici orqanizmlərdən mühafizə edilməsi, respublikanın fitosanitar sabitliyinin qorunması məqsədi ilə səmərəli mübarizə tədbirləri həyata keçirilib, məhsul itkisinin qarşısı alınmış, zərərvericilərin yayılma arealı xeyli azalıb.
Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıq da öz inkişafını davam etdirib, son illər naxırın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər məhsul istehsalına müsbət təsirini göstərib.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün xüsusi proqram həyata keçirilir. Az məhsuldar heyvanların yüksək məhsuldar heyvanlarla əvəz edilməsi işi uğurla davam etdirilir.
Cari ilin 9 ayında keçən ilin müvafiq dövrünə nisbətən mal-qaranın baş sayı 47 min 100 baş artaraq 2 milyon 664 min başa, davarların baş sayı isə 116 min 350 baş artaraq 8 milyon 574 min 800 başa çatıb. Uyğun olaraq 333 min 613 ton (diri çəkidə) ət və 1 milyon 230 min 353 ton süd istehsal edilib.
Ölkə ərazisinin təhlükəli epizootik xəstəliklərdən qorunması, heyvanlar arasında yoluxucu xəstəliklərin baş verməsinin qarşısının alınması, ölkəyə gətirilən heyvan və heyvan mənşəli məhsulların sanitar keyfiyyətinin yoxlanılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən geniş profilaktik tədbirlər həyata keçirilir.
Azərbaycan hökuməti ilə beynəlxalq maliyyə qurumları arasında imzalanmış müqavilələrə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən layihələr aqrar sahədə öz müsbət nəticəsini verib və bu layihələrin daha da genişləndirilməsi kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və kənd əhalisinin rifahının daha da yaxşılaşmasına öz müsbət təsirini verəcək.
Respublikada uğurla davam etdirilən aqrar islahatlar nəticəsində getdikcə artan kənd təsərrüfatı məhsullarının saxlanması, tədarükü və satışında ciddi struktur dəyişiklikləri baş vermiş, ölkənin müxtəlif bölgələrində müasir tipli taxıl və soyuducu anbar kompleksləri tikilmiş və bu işlər hazırda daha da genişləndirilir.
Dövlət başçısı Nazirlər Kabinetinin müşavirəsində bu məsələlə toxunaraq bildirib: "Kənd təsərrüfatının inkişafı üçün konkret tədbirlər həyata keçirilir, proqramlar icra edilir və xüsusilə gələn il daha da böyük proqramlar icra ediləcəkdir. Bildiyiniz kimi, dövlət bu sektorun inkişafı üçün çox böyük vəsait ayırır, güzəştlər verilibdir. Texnikanın gətirilməsi, güzəştli şərtlərlə kreditlərin verilməsi, subsidiyalar- bütün bunlar kənd təsərrüfatının inkişafına xidmət göstərir.
Təsadüfi deyildir ki, bu ilin 9 ayında kənd təsərrüfatı 7,6 faiz artmışdır. Bu sahə, eyni zamanda, böyük sosial məna daşıyır, çünki əhalinin təxminən yarısı aqrar bölgələrdə yaşayır. Beləliklə, kənd təsərrüfatının inkişafı nəticəsində məhsuldarlıq artır, əkin sahələri çoxalır. Meliorativ tədbirlərin görülməsi nəticəsində biz növbəti illərdə daha da böyük həcmdə yeni torpaqların dövriyyəyə buraxılmasına nail olacağıq. Bundan sonra kənd təsərrüfatı ilə bağlı tədbirlər ardıcıllıqla aparılacaqdır.
Bununla bərabər, biz gərək yeni bazarlara çıxış üçün indidən çox ciddi fikirləşək və işləyək. Bu işlər aparılır. Xüsusilə, nəzərə alsaq ki, bizim üçün ənənəvi olmayan bazarlarda kənd təsərrüfatı məhsullarımızı, emal sənayemizin məhsullarını gözləyirlər, biz sadəcə olaraq, siyasətimizi düzgün şəkildə aparmalıyıq, daxili istehsalla daxili istehlakı və xarici bazarlara çıxışımızı uzlaşdırmalıyıq ki, Azərbaycanda gələcəkdə daha da böyük həcmdə istehsal olunacaq kənd təsərrüfatı məhsulları öz müştərilərini tapa bilsin".
Göründüyü kimi, Azərbaycanda aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlətin və şəxsən cənab Prezidentin diqqət mərkəzindədir. Məhz ən yüksək səviyyədə göstərilən bu qayğı və diqqət nəticəsində Azərbaycanda kənd təsərrüfatında böyük inkişaf müşahidə olunur və ölkədə məhsul bolluğu yaranır.
Elçin Bayramlı