Son 8 ildə Azərbaycanda ən müxtəlif sahələrdə həyata keçirilən islahatlar vətəndaş maraqlarının etibarlı təminatına, eləcə də, sosial problemlərin aradan qaldırılması yolu ilə əhalinin firavan, layiqli həyat tərzinin təmin olunmasına yönəlib. Hakimiyyəti ilk gündən xalqa və dövlətə layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev sosial-liberalizm xəttinə üstünlük verməklə keçid dövrü üçün xarakterik olan sosial problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirib.
Sosial güzəştlərin artırılması prosesi
Azad bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda sosialyönümlü siyasətin məqsədi heç də sosial bərabərsizliyi aradan götürmək deyil, sadəcə, onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki kəskin fərqi aradan qaldırmaq, ifrat təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu artırmaqdır.
Bu siyasət, eyni zamanda. insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyətə girmir.
Əksinə, ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, bazar iqtisadiyyatı ilə sosial müdafiənin bu cür kombinasiyası əldə olunan uğurların əsasını təşkil edən əsas amillərdəndir.
Dövlətin sosialyönümlü siyasəti enerji daşıyıcılarının qiymətlərinin tənzimlənməsi məsələsində də özünü qabarıq göstərir. Bir çox postsosialist ölkələri kommunal xidmətlərin qiymətini dünya səviyyəsinə yaxınlaşdırmaq üçün hələ bir neçə il əvvəl "şok terapiyası"na üstünlük verdikləri halda, Azərbaycan hökuməti məhz əhalinin aztəminatlı təbəqəsinin sosial mənafeyini nəzərə alaraq, bu yolu seçməyib.
Son illər bütün dövlətlərdə yanacağın, elektrik enerjisinin və kommunal xidmətlərin qiymətləri qalxdığı halda, Azərbaycan bu qiymətləri mümkün qədər sabit saxlamağa çalışıb.
Azərbaycan Prezidenti İlham Əliyevin son 8 ildə elmi əsaslarla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin edib. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf mərhələsinə qədəm qoyub.
Son illərdə ölkədə makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyi təmin edilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib. Ən təqdirəlayiq hal isə odur ki, qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu üstələyib.
Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 40 mlrd, gələnilki icmal büdcəsi 22 mlrd, ÜDM istehsalının həcmi 45 mlrd. kimi nəhəng rəqəmlərə çatıb. Ölkədə orta aylıq əməkhqqı 450 dollara, orta pensiya 190 dollara çatıb.
ÜDM-in hər nəfərə düşən həcmi 4653,3 manat, yaxud 5797,8 ABŞ dolları təşkil edib və 2009-cu ilə nisbətən 3,7 faiz artıb. İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 7,9 faizlik artımı müşahidə olunub, onun ÜDM-də xüsusi çəkisi isə 44,4 faiz təşkil edib.
Yoxsulluq səviyyəsi son 8 ildə 5 dəfə aşağı düşüb
Xatırlatmaq yerinə düşərdi ki, 2008-ci il sentyabrın 15-də Prezident İlham Əliyev tərəfindən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" təsdiq olunub. Artıq 5 ilə yaxındır ki, yoxsul ailələrin rifahında mühüm rol oynayan ünvanlı dövlət sosial yardımı proqramı 2010-cu ildə də ölkə rəhbərinin əhaliyə olan diqqət və qayğısı kimi həyata keçirilir.
Xatırladaq ki, Prezident İlham Əliyev aztəminatlı əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə 21 oktyabr 2005-ci il tarixdə "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunu təsdiqlənib, 2006-cı ilin ortalarından etibarən respublikamızda ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanılıb. Belə yardımların verilməsi insanların aztəminatlı təbəqəsinin maddi rifah halının yüksəlməsində mühüm rol oynayır. Ötən ilin sonuna olan məlumata əsasən, ünvanlı yardım alanların sayı 122,781 ailə, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 108,54 manat olub. Ünvanlı sosial yardım təyin olunan ailələrdən 48,675 mini tərkibində 3 və daha çox uşaq olan ailələrdir ki, bu da yardım alanların 39,6 faizini təşkil edir.
2010-cu ildə əvvəlki illə müqayisədə orta hesabla 899 nəfər və ya 0,2 faiz çox vətəndaşa, yəni orta hesabla 397,388 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunaraq ödənilib. Bu il həyata keçirilən pensiya islahatı nəticəsində 900 minə qədər pensiyaçının pensiyası orta hesabla 40 faiz artıb. Pensiyalarin orta məbləği 190 dollara çatıb.
Azərbaycan Prezidenti İlham Əliyevin "Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 8 sentyabr 2010-cu il tarixli Fərmanına əsasən, ölkəmizdə 340,405 nəfərin aylıq və birdəfəlik sosial müavinətlərinin məbləği 1 sentyabr 2010-cu il tarixdən orta hesabla 12 faiz artıb.
Ümumiyyətlə, görülən tədbirlər nəticəsində sosial müavinətlərin orta aylıq məbləği 2006-cı illə müqayisədə 2,2 dəfə artaraq, 46,2 manata çatıb. Bu davamlı tərəqqi nəticə etibarilə ölkədə yoxsulluq daha da aşağı düşüb və artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 9,1 faiz təşkil edir. Bu, əslində, çox böyük nailiyyətdir. Müqayisə üçün deyə bilərik ki, Türkiyədə yoxsulluğun səviyyəsi 10 faizə yaxındır.
Ümumilikdə, son 8 il ərzində Azərbaycanda yoxsulluq 5 dəfə aşağı düşüb. Bu sübut edir ki, Azərbaycanda neft gəlirlərindən ölkə xəzinəsinə daxil olunan vəsait ədalətli bölünür və beləliklə, Azərbaycanda sosial ədalət prinsipi həmişə yüksək səviyyədə tətbiq olunur.
Regional inkişaf proqramları böyük səmərə verib
Son 2 il ərzində Azərbaycan iqtisadiyyatı 15 faiz artıb. Bu artım qəbul edilmiş regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası nəticəsində mümkün olub. Əgər vaxtında regionların inkişafına böyük diqqət yetirilməsəydi, çox güman ki, iqtisadiyyatımız bu gün birtərəfli iqtisadiyyat kimi özünü göstərərdi.
Şübhəsiz ki, bu uğurun əldə olunmasında görülən işlərin sistemliliyini təmin edən dövlət proqramlarının, xüsusilə, regionların sosial-iqtisadi inkişafına dair proqramın əhəmiyyətli rolu danılmazdır.
Dövlətimizin başçısı İlham Əliyev regional proqramların icrasını da daim diqqət mərkəzində saxlayır, mütəmadi şəkildə yerlərdə olur, görülən işlərlə ciddi şəkildə maraqlanır, qarşılaşılan problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verir.
Müntəzəm surətdə həyata keçirilən bu səfərlər regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində mühüm rol oynamaqla yanaşı, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran özünəməxsus vəzifələrin müəyyənləşdirilərək yerinə yetirilməsini təmin edir.
Xatırladaq ki, bu səfərlərdən sonra dövlətimizin başçısı bir sıra şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalamışdır. Beləliklə, dövlət dəstəyi tədbirləri regionlarda sahibkarlığın inkişafına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına təkan vermişdir.
Regional proqramlarda sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifələrdəndir. Əhalinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə, o cümlədən, əlillərə, veteranlara, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin yetirilməsidir.
Azərbaycan Prezidenti, eyni zamanda, qeyd edib ki, indi bəzi ölkələrdə iqtisadi-maliyyə böhranının ikinci dalğası başlanıb: "Azərbaycanda biz bunun tam əksini görürük. Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşıdır. Bütün görülən işlər bir məqsəd güdür ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın.
İnkişaf etmiş ölkələrdə sosial ödəmələr, sosial proqramlar kəsilir, azalır, ixtisar edilir, maaşlar kəsilir, dövlət qurumlarında işləyənlərin iş yerləri bağlanır. Biz görürük ki, Azərbaycanda iş yerləri açılır, maaşlar, pensiyalar artırılır, sosial proqramlar icra edilir. Bir dənə də olsun sosial proqramda geriləmə, yaxud da ki, ixtisar olmamışdır".
Məhz reallaşdırılan tədbirlərin, xüsusilə, regional proqramın uğurla həyata keçirilməsinin nəticəsidir ki, ötən 8 ildə sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə edilib.
Son 8 ildə sosial infrastrukturun yaradılmasında böyük işlər görülüb. Yüzlərlə tibb müəssisəsi, məktəb, olimpiya mərkəzləri, mədəniyyət ocaqları tikilib. Dövlət başçısı hökumətin iclasında bildirib ki, ölkənin inkişafı üçün vacib olan sosial sahə həmişə olduğu kimi diqqət mərkəzindədir.
Regionlarda böyük layihələr icra olunur, regional inkişaf proqramı icra edilir. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə 1 milyon-dan artıq iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılması üçün əsas amildir. Bununla bərabər, iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı və həcmi artır.
Bütün bunlar Azərbaycanda mövcud inkişafın cəmiyyətin, onun hər bir üzvünün həyatında özünü aydın surətdə əks etdirməsinin mühüm göstəricisdir. Elə sosial-iqtisadi inkişafla bağlı həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də insanların layiqli həyat tərzinin təmin olunması, onların rifah halının davamlı şəkildə yüksəlişidir.
Elçin Bayramlı