Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə Prezident Nursultan Nazarbayevə təbrik məktubu göndərib. Məktubda bildirilir ki, ötən illər ərzində Qazaxıstan hərtərəfli və dinamik inkişaf yolu keçib. Siyasi, iqtisadi və humanitar sahələrdə həyata keçirilən islahatlar, dünya birliyinə inteqrasiya istiqamətində atılmış mühüm addımlar müasir Qazaxıstanın simasını formalaşdırıb, bu ölkəyə beynəlxalq aləmdə böyük nüfuz qazandırıb.
Dövlətimizin başçısı qeyd edir ki, ortaq mənəvi dəyərlərdən qaynaqlanan Azərbaycan-Qazaxıstan münasibətləri bu gün özünün ən yüksək səviyyəsi ilə səciyyələnir. Tarixən möhkəm dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olmuş xalqlarımızın yekdil iradəsi ilə bu münasibətlər daim inkişaf etməkdə və zənginləşməkdədir.
Məktubda deyilir: "Məmnunluqla qeyd etmək istərdim ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bütün digər sahələrdə səmərəli əməkdaşlığımız üçün münbit zəmindir. Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional təşkilatlar çərçivəsində birgə işimizi müvəffəqiyyətlə davam etdirmək üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik".
Prezident İlham Əliyev qazaxıstanlı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Qazaxıstan xalqına sülh və firavanlıq arzulamışdır.
Azərbaycan Prezidenti Bəhreynin Kralını milli bayram münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəyə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu göndərib.
Dövlətimizin başçısı məktubda əmin olduğunu bildirir ki, Azərbaycan ilə Bəhreyn arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcək. Məktubda Prezident İlham Əliyev Kral Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəyə ən xoş arzularını yetirir, dost Bəhreyn xalqına sülh və rifah diləyir.