Buxarestdə Qara dəniz-Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondun fəaliyyətinin 2011-ci ilin sonuna olan yekunları ilə iclas və rəsmi qəbul keçirilib. Azərbaycanın Rumıniyadakı səfirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən Rumıniya tərəfinin təmsilçisi, Fondun vitse-prezidenti Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota qurumun fəaliyyətinin nəticələri haqda danışıb, bu müddət ərzində Fondun fəaliyyətlərində aktiv iştirak etmiş Azərbaycanın müstəsna xidmətlərinə toxunub, ölkəmizdə həyata keçirilən islahatlar və müşahidə olunan hərtərəfli inkişaf haqda məlumat verib. Prezidentin müşaviri eyni zamanda Fondun səmərəli fəaliyyətinə verdiyi töhfəyə görə nüfuzlu ictimai-siyasi və elm xadimlərinə də təşəkkürünü bildirib. Fondun Azərbaycan tərəfindən vitse-prezidenti, qurumun baş katibi, Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov qısa dövr ərzində təşkilatın əldə etdiyi nailiyyətlərinə toxunaraq, vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Fondun Qara dəniz və Xəzər dənizi regionlarının yaxınlaşması və mədəni körpülərin qurulması, ölkələr arasında sülh, dialoq və dözümlülüyün təşviq olunmasında, eləcə də Avropa dəyərlərinə inteqrasiya yolunda həyata keçirilən müxtəlif layihələrin nəticələrindən bəhs edib.
Daha sonra yarandığı dövrdən bu yana Fonda öz dəstəyini əsirgəməmiş, onun regionda nüfuzlu və aparıcı beynəlxalq təşkilat kimi formalaşmasında danılmaz xidmətləri olan bir sıra dövlət və hökumət başçıları, dövlət rəsmiləri, ictimai-siyasi və elm xadimləri, Fondun ekspertləri "Şərəf Diplomu" ilə təltif edilib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan, Fondun hazırkı prezidenti Viktor Xmarin və Rumıniyadan olan vitse-prezident Yulian Fota "Fondun təsis təşəbbüsünü dəstəklədiklərinə və onun fəaliyyətinə verdikləri xüsusi töhfəyə görə" bu diplomla təltif ediliblər. Təşkilatın uğurlu fəaliyyətinə göstərmiş olduqları hərtərəfli dəstəyə görə Fondun yaranmasının ideya müəllifləri - Azərbaycan prezidenti İlham Əliyev və Rumıniya prezidenti Trayan Baseskunun təltifi xüsusi maraqla və alqışla qarşılanıb. Səfir Eldar Həsənov Azərbaycan prezidentinə təqdim edilmiş diplomu alaraq bu təltifin verilməsi ilə bağlı Fondun Direktorlar Şurasının yekdil qərarına görə öz təşəkkürünü bildirib.