PDF Oxu

Siyasət

  • 24

İlham Əliyevə daha bir beynəlxalq mükafat

İlham Əliyevə daha bir beynəlxalq mükafat

Buxarestdə Qara dəniz-Xəzər dənizi Əməkdaşlığı və Tərəfdaşlığı üzrə Beynəlxalq Fondun fəaliyyətinin 2011-ci ilin sonuna olan yekunları ilə iclas və rəsmi qəbul keçirilib. Azərbaycanın Rumıniyadakı səfirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən Rumıniya tərəfinin təmsilçisi, fondun vitse-prezidenti, Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota qurumun fəaliyyətinin nəticələri haqda danışıb, bu müddət ərzində fondun fəaliyyətlərində aktiv iştirak etmiş Azərbaycanın müstəsna xidmətlərinə toxunub, ölkəmizdə həyata keçirilən islahatlar və müşahidə olunan hərtərəfli inkişaf haqda məlumat verib.

Prezidentin müşaviri, eyni zamanda, fondun səmərəli fəaliyyətinə verdiyi töhfəyə görə nüfuzlu ictimai-siyasi və elm xadimlərinə də təşəkkürünü bildirib. Fondun Azərbaycan tərəfindən vitse-prezidenti, qurumun baş katibi, Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov qısa dövr ərzində təşkilatın əldə etdiyi nailiyyətlərinə toxunaraq, vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə fondun Qara dəniz və Xəzər dənizi regionlarının yaxınlaşması və mədəni körpülərin qurulması, ölkələr arasında sülh, dialoq və dözümlülüyün təşviq olunmasında, eləcə də, Avropa dəyərlərinə inteqrasiya yolunda həyata keçirilən müxtəlif layihələrin nəticələrindən bəhs edib.

Daha sonra yarandığı dövrdən bu yana fonda öz dəstəyini əsirgəməmiş, onun regionda nüfuzlu və aparıcı beynəlxalq təşkilat kimi formalaşmasında danılmaz xidmətləri olan bir sıra dövlət və hökumət başçıları, dövlət rəsmiləri, ictimai-siyasi və elm xadimləri, fondun ekspertləri "Şərəf Diplomu" ilə təltif edilib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, fondun hazırkı prezidenti Viktor Xmarin və Rumıniyadan olan vitse-prezident Yulian Fota "Fondun təsis təşəbbüsünü dəstəklədiklərinə və onun fəaliyyətinə verdikləri xüsusi töhfəyə görə" bu diplomla təltif ediliblər.

Təşkilatın uğurlu fəaliyyətinə göstərmiş olduqları hərtərəfli dəstəyə görə fondun yaranmasının ideya müəllifləri- Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya prezidenti Trayan Baseskunun təltifi xüsusi maraqla və alqışla qarşılanıb. Səfir Eldar Həsənov Azərbaycan Prezidentinə təqdim edilmiş diplomu alaraq bu təltifin verilməsi ilə bağlı fondun Direktorlar Şurasının yekdil qərarına görə öz təşəkkürünü bildirib.

Xatırladaq ki, ötən il Buxarestdə Cənub-Şərqi Avropanın, eləcə də, Rumıniyanın nüfuzlu "Balcanii şi Europa" ("Balkanlar və Avropa") jurnalı da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 2010-cu ildə "İlin adamı" elan etmişdi.

Siyasi, iqtisadi, sosial, mədəni sahələrdə xüsusi çəkiyə malik olan şəxsiyyətlərdən və ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrindən, müstəqil ekspertlərdən ibarət münsiflər heyəti 2010-cu ilin yekunlarına görə əsas nominasiya olan "İlin adamı-2010" mükafatının Azərbaycan Prezidenti İlham Əliyevə verilməsi barədə yekdilliklə qərar qəbul edib.

Münsiflər heyəti bu addımını Azərbaycan Prezidentinin siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurlara, Rumıniya-Azərbaycan əlaqələrinin, hər iki xalqın və geniş Xəzər dənizi və Qara dəniz bölgələrinin tərəqqisinə göstərdiyi xüsusi diqqətlə əsaslandırıb, regionun və eyni zamanda, gələcəkdə Qərbi Avropanın enerji problemlərinin səmərəli həllinə gətirib çıxaracaq AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya İnterkonnektor) layihəsinin buna bariz nümunə olduğunu xüsusi qeyd ediblər.

Qeyd edək ki, bu, Azərbaycan Prezidentinin ilk belə uğuru deyil. Kanada, Rusiya və digər ölkələrdə də İlham Əliyev "İlin adamı" seçilib. Bəs Azərbaycan Prezidenti beynəlxalq miqyasda necə uğurlar əldə edib? Bu suala cavab vermək üçün bəzi məsələlərə aydınlıq gətirməyə çalışacağıq.

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib. Onun təşəbbüsləri və fəaliyyəti Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət edib.

Son 8 ildə Azərbaycanın iqtisadi uğurları daha da böyüdü. İqtisadi inkişafına görə, dünyada lider dövlət olan Azərbaycanın dövlət büdcəsi, valyuta ehtiyatları, ölkəmizə sərmayə qoyuluşlarının həcmi artdı, güclü sahibkarlıq sinfi yarandı. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası "Duing business" hesabatında Azərbaycanı 2008-ci ilin ən islahatçı ölkəsi elan etdi.

Ölkədə 1 mln yeni iş yeri açıldı, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə düşdü, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində dövlət proqramları icra edildi. Azərbaycanda qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu.

Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Bu məsələ regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci və ikinci mərhələsində yetərincə əksini tapdı.

Nəhəng infrastruktur layihələrinin- Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına mühüm töhfələr verdi. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə nəqliyyat sisteminin yenidən qurulması Azərbaycanın dünyaya çıxışını təmin etdi.

2000-ə yaxın məktəbin tikilməsi isə təhsil sistemində ən uğurlu islahat kimi tarixə düşdü. Bütün bunların təməlində uğurlu enerji siyasəti dayandı. Azərbaycan neft-qaz sahəsində qazandığı uğurları davam etdirdi. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycanda qazlaşdırmanın səviyyəsi 85 %-ə çatdı.

Ölkəmiz Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi kimi iri regional və ölkədaxili layihələrin icrasına nail oldu. Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi, milli ləyaqət, milli qürur, dini tolerantlıq uğurlarımızın əsas şərtləri oldu.

Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Prezident İlham Əliyev Azərbaycanın gələcəyinin etibarlı təminatını da həyata keçirdi.

Prezidentimiz dünya səviyyəsində balanslaşdırılmış xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan xalqının mənafeyini, inkişafını və perspektivini müəyyənləşdirir. Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır. İnkişaf etmiş və yeni inkişaf yoluna qədəm qoymuş ölkələrlə qarşılıqlı əməkdaşlıq şəraitində müqavilələr bağlanılır.

Azərbaycanın xarici siyasətində balanslaşdırma ana xətdir. Ona görə də, əksər ölkələr tərəfindən Azərbaycanın bu uğurları dəstəklənir. Xarici siyasət sahəsində başlıca problemlərimizdən biri Qarabağdır. İndi hər bir Azərbaycan vətəndaşı yaxşı anlayır ki, Prezident İlham Əliyev bütün görüşlərində, beynəlxalq aləmdə öz çıxışlarında bu məsələni ön plana çəkir. Azərbaycanın sərhədlərinin toxunulmazlığı məsələsi bu çıxışların əsasını təşkil edir.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində doğma torpaqlarından qovulan 1 milyona yaxın insanın həyat şəraitinin yaxşılaşdırılması, yeni qəsəbələrin salınması diqqətdə saxlanıldı.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn prinsipləri əsasında həll olunması Azərbaycan Prezidentinin başlıca qayğısıdır və fəaliyyətinin əsasını təşkil edir. Düzdür, Qarabağ probleminə beynəlxalq səviyyədə ikili yanaşma halları bu gün də var. İlham Əliyev bu standartların aradan qaldırılmasını və problemin BMT çərçivəsində, beynəlxalq hüququn normaları, ərazi bütövlüyümüzün toxunulmazlığı əsasında çözülməsini tələb edir.

Dövlət başçısı Qarabağ probleminin təkcə sülh variantı ilə həllinə çalışmaqla kifayətlənmir, Azərbaycanın qüdrətli, müasir və peşəkar Silahlı Qüvvələrinin formalaşdırılması işi ilə ciddi məşğul olur. Ötən müddətdə ən böyük uğurlardan biri də iqtisadi inkişaf tempinə görə dünyada liderliyi ələ keçirmək və bu mövqeni bir neçə ildir ki, qoruyub saxlamaqdır. Son illərdə Azərbaycanda iqtisadi artım orta hesabla 15 faiz təşkil edir. Gələn ilin dövlət büdcəsi 20 milyarda, strateji valyuta ehtiyatları 40 milyarda çatıb. Son 5 ildə dövlət büdcəsi 10 dəfə, ümumi daxili məhsul isə 5 dəfə artıb. Bu göstəricilər ölkəmizin nə dərəcədə sürətlə inkişaf etdiyinin əyani sübutudur.

Bu gün Azərbaycanda aparılan siyasət Heydər Əliyev siyasi kursunun davamıdır və yeganə düzgün siyasətdir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət Azərbaycanı xoş gələcəyə aparır. Bunu görməmək, qiymətləndirməmək və buna sevinməmək, sadəcə olaraq, mümkün deyil. Bunun üçün, sadəcə, azərbaycanlı olmaq yetər.


Elçin Bayramlı

Digər xəbərlər