Bu gün bütün sahələrdə inamla inkişaf edən ölkəmizin beynəlxalq aləmdəki nüfuzu artmaqda davam edir. Belə ki, Prezident İlham Əliyevin prioritet istiqamət kimi götürdüyü məqsədyönlü daxili-xarici siyasəti bu nüfuzun artmasına olan bariz dəyərləndirilmənin ali təcəssümüdür. Xarici ölkələrə etdiyi mühüm səfərləri zamanı Azərbaycan Prezidentinə təqdim olunan ali dərəcəli mükafatlar Onun həm də nüfuzlu dövlət xadimi olduğunu təsdiq edən əhəmiyyətli faktordur.
ALİ ŞƏXSİYYƏT, ALİ TƏCƏSSÜM, LƏYAQƏTLİ DOST
Belə ki, bu günlərdə Serbiyada fəaliyyət göstərən və təsisçisi dünya şöhrətli idmançı, Serbiya Olimpiya Komitəsinin sədri Vlade Divats olan nüfuzlu "Ana və Vlade Divats" Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Balkan ölkələrində bir sıra mühüm humanitar layihələrin həyata keçirilməsində göstərdiyi birbaşa dəstək, qayğı, diqqət və xüsusi xidmətlərinə görə 2011-ci ilin "Balkanların ləyaqətli dostu" mükafatı ilə təltif etmişdir. Fondun qəbul etdiyi qərarda deyilir: "Azərbaycan və Balkan ölkələri arasında hərtərəfli münasibətlərin inkişafında əvəzsiz töhfəyə, Azərbaycan və Balkan xalqlarının yaxınlaşmasında xüsusi xidmətlərinə, Belqraddakı "Taşmaydan" parkının və "Bayraklı Cami" məscidinin abadlaşdırılmasına və təmirinə, Novi Sadda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin memorial kompleksinin yaradılması və "Müqəddəs Petka" kilsəsinin tikintisinə, Novi Pazar Mədəniyyət Evinin bərpasına, Sarayevoda "Bakı" küçəsi və "Dostluq parkı"nın bərpası və abadlaşdırılmasında göstərdiyi hərtərəfli dəstək və yardıma, Belqradda yerləşən Körpə, uşaq və yeniyetmələrin rifahı Fondu nəzdində fəaliyyət göstərən ana və uşaq stasionarına və Voyevodina diyarında məskunlaşan qaçqınlara, həmçinin, Monteneqroda leysan yağışlarından zərər çəkmiş Virpazar qəsəbəsinin sakinlərinə göstərilmiş humanitar yardıma, məşhur serb yazıçısı Milorad Paviçin "Xəzər lüğəti" kitabının Azərbaycan dilində çap edilməsində göstərdiyi hərtərəfli dəstəyə, Bakıda dünya şöhrətli serb alimi Nikola Teslanın heykəlinin ucaldılmasına dair qəbul etdiyi qərara, müxtəlif mədəniyyətlərin yaxınlaşmasında göstərdiyi xidmətlərə, humanizm, şəfqət, həmçinin, digər dinlərə münasibətdə parlaq nümunə ola biləcək göstərdiyi tolerantlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Balkanların ləyaqətli dostu" beynəlxalq mükafatı ilə təltif olunur".
UZAQ BALKANLARLA YAXIN ƏMƏKDAŞLIQ
Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Respublikası Balkan ölkələri ilə, eləcə də, Serbiya ilə müxtəlif sahələrdə əməkdaşlığını uğurla inkişaf etdirməkdədir. Ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin, əlaqələrin inkişafında xüsusi əhəmiyyət hər zaman öz mövcudluğunu qoruyub saxlamışdır.
Xüsusilə, xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi zaman bu sahədə Serbiyanın ölkəmizə dəstək göstərməsi yuxarıda qeyd olunan mühüm şərtləri bir daha təsdiq edir.
Rəsmi Serbiya da hər zaman ölkəmizlə yaxın əməkdaşlığa önəm vermişdir. İnfrastruktur, enerji, nəqliyyat, kənd təsərrüfatı, qida sənayesi, kimya və əczaçılıq sənayeləri, informasiya texnologiyaları, yol infrastrukturunun tikintisi sahələrində birgə layihələrin həyata keçirilməsi, sərmayə qoyuluşlarının təşviqi qarşılıqlı maraq doğuran sahələr kimi qeyd edilir.
Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Balkan ölkələri - Azərbaycan biznes forumu keçirilərkən, qeyd edilmişdir ki, Azərbaycanla Serbiya arasında iqtisadi sahədə möhkəm müqavilə-hüquq bazası yaradılıb, ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən olan ticarət dövriyyəsi bu ilin 9 ayı ərzində 18,3%, Azərbaycandan Serbiyaya ixrac 3 dəfə, ölkəmizə idxal isə 18% artıb. Ticarət dövriyyəsinin daha da artırılması üçün böyük potensial mövcuddur.
Qeyd edək ki, Vlade Divats və onun həyat yoldaşı Ana Divats tərəfindən 2007-ci il iyunun 28-də yaradılmış "Ana və Vlade Divats Fondu"nun fəaliyyətinin əsas istiqaməti Serbiya və digər Balkan ölkələrində sosial, humanitar layihələrin həyata keçirilməsi və idmanın inkişafıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ana və Vlade Divats" Fondu tərəfindən 2011-ci ilin "Balkanların ləyaqətli dostu" mükafatı ilə təltif olunması Balkan ölkələrində yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz tərəfindən yüksək ruh və qürur hissi ilə qarşılanmış və onların sevincinə səbəb olmuşdur.
RÖVŞƏN NURƏDDİNOĞLU