PDF Oxu

Siyasət

  • 7

Ölkəmiz 2011-ci ili böyük uğurla başa vurur

Ölkəmiz 2011-ci ili böyük uğurla başa vurur

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə gəlib. Dövlətimizin başçısı və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular. Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilmiş mühüm tədbirlər barədə məlumat verildi. Dünən Sumqayıt Olimpiya İdman Kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, bu kompleks Azərbaycan Prezidentinin göstərişinə əsasən Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilib. Kompleksin tikintisi üçün şəhərin 7-ci mikrorayonu ərazisində üç hektar torpaq sahəsi ayrılıb. İnşasına 2007-ci ildə başlanılan kompleks üç hissədən ibarətdir.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Kompleksin foyesində ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda idmanın inkişafına və idmançılara göstərdikləri diqqət və qayğını əks etdirən fotostend yaradılıb. Kompleksdəki trenajor və ağır atletika zallarında, həmçinin tir otağında gənclərin idmanın bu növləri ilə məşğul olmaları üçün ən müasir avadanlıq quraşdırılıb. Kompleksdəki kinozalda isə müxtəlif treninqlərin və digər tədbirlərin keçirilməsi mümkün olacaq. Burada müxtəlif səviyyəli yarışların keçirilməsinə imkan verən müasir üzgüçülük zalı da inşa olunub. Diqqətə çatdırıldı ki, kompleksin ağır atletika, hovuz və idman zallarının hər biri üçün soyunub-geyinmə, duş, sauna kabinəsi, masaj otaqları və digər texniki otaqlar yaradılıb. Baş plana əsasən, idman qurğusunun ərazisində uzunluğu 65, eni 40 metr olan süni örtüklü futbol meydançası yaradılıb. Burada, həmçinin uzunluğu 110 metr olan qaçış zolağı, açıq basketbol, voleybol, tennis meydançaları inşa edilib. Kompleksin ərazisində geniş abadlıq işləri həyata keçirilib, yaşıllıq sahələri salınıb.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıt Olimpiya İdman Kompleksi ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxanada yaradılmış şəraitlə tanış oldular.

Məlumat verildi ki, mehmanxana 42 çarpayılıqdır. Buradakı 17 iki çarpayılıq, 7 bir çarpayılıq və bir lyuks otağın hamısında qonaqlara müasir tələblər səviyyəsində xidmət göstərmək imkanı yaradılıb. Mehmanxanada ən müasir standartlar səviyyəsində yeməkxana da fəaliyyət göstərəcək.

Dövlətimizin başçısına və xanımına 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarında Azərbaycan idmançılarının milli geyim formaları barədə məlumat verildi.

Diqqətə çatdırıldı ki, ümumi sahəsi 2160 kvadratmetr olan 800 yerlik universal idman zalı burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir. Uzunluğu 47,6, eni isə 23,3 metr olan zalda basketbol, voleybol və digər idman növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksin ikinci mərtəbəsində stolüstü tennis və bilyard stolları da idmançıların ixtiyarına veriləcək.

Sumqayıt Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev 2011-ci idman ilinin yekunları ilə bağlı idman ictimaiyyətinin nümayəndələri və sumqayıtlılar ilə görüşdü. İdmançılar və sumqayıtlılar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar. Azərbaycan Prezidenti İlham Əliyev mərasim iştirakçılarını salamlayaraq bildirdi ki, 2011-ci il Azərbaycan idmanı üçün uğurlu il olub. Prezident qeyd edib ki, idmançılarımız müxtəlif beynəlxalq yarışlarda böyük qələbələr əldə ediblər:

"Əziz dostlar, əziz sumqayıtlılar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və Sumqayıt Olimpiya İdman Mərkəzinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Mən çox şadam ki, Sumqayıtda belə gözəl, möhtəşəm Olimpiya Mərkəzi yaradılıbdır. Burada idmanla məşğul olmaq üçün bütün imkanlar, bütün şərait var, gözəl, yaraşıqlı və rahat Olimpiya Mərkəzi sumqayıtlıların sərəncamına verilir. Bu mərkəzin yaradılması onu göstərir ki, Azərbaycan dövləti idmanın inkişafına çox böyük diqqət göstərir və son illər ərzində Sumqayıtda bir neçə idman obyekti tikilib istifadəyə verilmişdir. Üç il bundan əvvəl Paralimpiya Mərkəzi tikilmişdir. Bu il Uşaq İdman Mərkəzi yaradılmışdır. İndi isə biz Olimpiya Kompleksinin açılışında iştirak edirik.

Adətən biz hər ilin sonunda idman yekunlarını müzakirə edirik. Bu tədbirlər adətən Bakıda Milli Olimpiya Komitəsinin binasında keçirilir. Bu dəfə isə bu tədbiri biz bu gün burada keçirəcəyik. Həm Olimpiya Kompleksinin açılışını qeyd edirik, həm də ki, idmançılarımızı, idman ictimaiyyətinin nümayəndələrini bu gün burada mükafatlandıracağıq. 2011-ci il Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda böyük qələbələr əldə etmişlər. 700-dən çox medal əldə etmişik və bu proses uğurla davam etdirilir. Mən ümid edirəm ki, 2012-ci il də idmanımız üçün uğurlu olacaqdır. 2012-ci ildə Olimpiya Oyunları keçiriləcəkdir. Biz Olimpiya Oyunlarında idmançılarımıza qələbələr arzulayırıq.

İdman hər bir ölkənin inkişafı üçün çox vacib olan sahədir. Mən çox şadam ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və idmançılarımızın qələbələri bizi ürəkdən sevindirir. Azərbaycanın idman şöhrəti yüksək səviyyədədir. Gələn il Olimpiya ilidir. Eyni zamanda, gələn il Azərbaycanda qızlar arasında futbol üzrə dünya çempionatı keçiriləcəkdir. Bu, böyük, mötəbər yarış olacaqdır. Bu yarışı ləyaqətlə keçirmək üçün indi Tofiq Bəhramov adına Respublika Stadionunda təmir-bərpa işləri aparılır. Biz yaxın zamanlarda Sumqayıt şəhər stadionunun təmirinə başlayacağıq. Digər şəhərlərdə stadionlar tikilir. Yəni, Azərbaycan dünyada idman ölkəsi kimi özünü artıq təsdiqləyib və bu, görülən işlərin nəticəsidir. Biz ümid edirik ki, Olimpiya Oyunlarında böyük uğurla çıxış edəcəyik. Bunu deməyə kifayət qədər əsaslar vardır. Son illər ərzində idmançılarımız dünya və Avropa çempionatlarında qələbələr qazanmışlar. Yəni, bu gün Azərbaycan idmançıları ilə hesablaşırlar və beynəlxalq olimpiya ailəsində fəaliyyətimiz də yüksək qiymətə malikdir. Bir sözlə, Azərbaycanda idman inkişaf edir, idman infrastrukturu yaradılır. İdmanla məşğul olmaq üçün hər bir bölgədə gözəl imkanlar vardır. Yaxın gələcəkdə hər bir rayon mərkəzində gözəl olimpiya idman kompleksləri istifadəyə veriləcəkdir.

Biz Sumqayıtın inkişafına çox böyük diqqət göstəririk. Sumqayıtı müasir sənaye mərkəzinə çevirmək üçün konkret planlar vardır. Əslində, Sumqayıt sənaye şəhəri kimi formalaşmışdır, yaradılmışdır. İndi isə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf edir. Burada yaradılan və tikilməkdə olan, tikiləcək sənaye müəssisələri Azərbaycanda sənayeləşmə proqramının icrası üçün çox vacib rol oynayacaqdır. Artıq bu proqramın icrasının birinci mərhələsindəyik.

Sumqayıtı, yenə də deyirəm, müasir sənaye mərkəzinə çevirmək üçün konkret proqramlarımız, icra mexanizmlərimiz var və biz bunu edəcəyik. Eyni zamanda, şəhərin bütün infrastrukturu, bütün kommunal infrastrukturu yenilənməlidir. Su, kanalizasiya xətləri, qazlaşdırma, elektrik xətlərinin çəkilişi - bu işlərin böyük əksəriyyəti öz həllini tapmışdır. Ancaq biz yenə də bu məsələlərlə məşğul olacağıq. Sumqayıtı memarlıq baxımından gözəl şəhərə çevirmək üçün artıq konkret proqramlar icra edilir. Mən bu məsələləri nəzarət altında saxlayıram və Sumqayıtı gözəlləşdirmək üçün konkret planlarımız vardır. Sumqayıt böyük sənaye mərkəzinə və çox gözəl, abad şəhərə çevriləcəkdir. Bir daha qeyd etmək istəyirəm ki, mən Sumqayıtın inkişafına xüsusi diqqət göstərirəm. Mən şəhərdə dəfələrlə olmuşam, bundan sonra da dəfələrlə olacağam. Çünki hələ ki, burada görüləsi işlər çoxdur. Əziz dostlar, 2011-ci il başa çatır. Ölkəmiz bu ili də uğurla başa vurur. Ölkə daxilində bütün vəzifələr icra edilir. 2011-ci il də ölkəmiz üçün uğurlu olmuşdur. Azərbaycan dünyadakı mövqelərini möhkəmləndirə bilmişdir, ölkə daxilindəki vəziyyət çox müsbətdir. Hər yerdə inkişaf, hər yerdə tikinti, quruculuq, abadlıq işləri aparılır - böyük şəhərlərdə, kiçik kəndlərdə, hər yerdə. Bax bu, bizim strateji xəttimizdir. Azərbaycan uğurla inkişaf edir, uğurla irəliyə gedir. Gələcəkdə görüləcək işlərimiz çoxdur. Əminəm ki, nəzərdə tutduğumuz bütün planlar həyatda öz əksini tapacaqdır."

Həmi gün Sumqayıtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin azot gübrəsi - karbamid zavodunun təməlqoyma mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı zavodun sxemini və burada inşa olunacaq binaların eskiz layihələrini əks etdirən stendlərə baxdı.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına məlumat verdi ki, ölkəmizdə karbamid zavodunun inşası layihəsi "2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na əsasən hazırlanıb. Zavodun tikintisi üçün "Azərikimya" İstehsalat Birliyinin istifadəsində olan ərazidə 24 hektar torpaq sahəsi ayrılıb. Müəssisənin tikintisi dövlət investisiyaları hesabına maliyyələşdiriləcək və 2012-2014-cü illərdə həyata keçiriləcək. Zavod ammonyak, maye karbamid və əmtəəlik karbamid istehsalı bölmələrindən ibarət olacaq. Gündəlik istehsal gücü 1200 ton ammonyak, 2000 ton karbamid təşkil edəcək müəssisədə əsas xammal kimi təbii qazdan istifadə olunacaq. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, layihənin həyata keçirilməsi istiqamətində qısa müddətdə müvafiq tədbirlər görülüb. Ərazi Dövlət Neft Şirkətinin müvafiq struktur bölmələri tərəfindən tikinti işlərinin aparılması üçün təmizlənib, burada mövcud olan yararsız köhnə obyekt sökülüb, yollar çəkilib, ətrafda abadlıq işləri görülüb.

Bildirildi ki, zavodun inşası zamanı 3 min nəfər, müəssisə fəaliyyətə başladıqdan sonra isə 500 nəfər işlə təmin olunacaq. Prezident İlham Əliyev metal gilizi bünövrəyə buraxdı, düyməni basaraq beton qarışığı tökən qurğunu işə saldı. Dövlətimizin başçısı tikinti işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva daha sonra Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya parkda həyata keçirilən əsaslı yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verildi. Bildirildi ki, əsası 1956-1960-cı illərdə qoyulmuş bu park 1967-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin qərarına əsasən, mədəniyyət və istirahət parkı kimi fəaliyyətə başlayıb. Sahəsi 23 hektar olan parkda küləyə və quraqlığa davamlı müxtəlif növ ağaclar əkilib. 1978-ci ildə parka dahi Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilib, 2003-cü ildə isə burada Nəsiminin heykəli ucaldılıb.

Dövlətimizin başçısı və xanımı parkın gələcək görüntülərini əks etdirən stendlərə baxdılar. Bildirildi ki, əsaslı yenidənqurma və abadlıq işlərindən sonra ərazi şəhər əhalisinin və qonaqların ən sevimli istirahət mərkəzinə çevriləcək. Parkın ətrafındakı yaşayış binalarının fasadlarının və damlarının yenilənməsi və şəhərin müasir görkəminə uyğunlaşdırılacağı da qeyd olundu.

Parkda görülən işlərlə tanış olan Prezident İlham Əliyev abadlıq və yenidənqurma tədbirləri ilə bağlı müvafiq tapşırıqlarını verdi.

Digər xəbərlər