PDF Oxu

Siyasət

  • 11

Sosial müdafiə gücləndirildi

Sosial müdafiə gücləndirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci il üçün yaşayış minimumu haqqında qanun imzalayıb. SİA-nın məlumatına görə, qanunda 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib. Qanun 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.


Sosial siyasət strategiyası


Son 8 ildə Azərbaycanda ən müxtəlif sahələrdə həyata keçirilən islahatlar vətəndaş maraqlarının etibarlı təminatına, eləcə də, sosial problemlərin aradan qaldırılması yolu ilə əhalinin firavan, layiqli həyat tərzinin təmin olunmasına yönəlib. Hakimiyyəti ilk gündən xalqa və dövlətə layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev sosial-liberalizm xəttinə üstünlük verməklə keçid dövrü üçün xarakterik olan sosial problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirib.

Xatırlatmaq yerinə düşərdi ki, 2008-ci il sentyabrın 15-də Prezident İlham Əliyev tərəfindən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" təsdiq olunub.

Artıq 5 ilə yaxındır ki, yoxsul ailələrin rifahında mühüm rol oynayan ünvanlı dövlət sosial yardımı proqramı 2010-cu ildə də ölkə rəhbərinin əhaliyə olan diqqət və qayğısı kimi həyata keçirilir.

Xatırladaq ki, Prezident İlham Əliyevin aztəminatlı əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə 21 oktyabr 2005-ci il tarixdə "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunu təsdiqlənib, 2006-cı ilin ortalarından etibarən respublikamızda ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanılıb. Belə yardımların verilməsi insanların aztəminatlı təbəqəsinin maddi rifah halının yüksəlməsində mühüm rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyevin "Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 8 sentyabr 2010-cu il tarixli Fərmanına əsasən, ölkəmizdə 340 405 nəfərin aylıq və birdəfəlik sosial müavinətlərinin məbləği 1 sentyabr 2010-cu il tarixdən orta hesabla 12 faiz artıb.

Ümumiyyətlə, görülən tədbirlər nəticəsində sosial müavinətlərin orta aylıq məbləği 2006-cı illə müqayisədə 2,5 dəfə artaraq 50 manata çatıb. Bu davamlı tərəqqi nəticə etibarilə ölkədə yoxsulluq səviyyəsinin azalaraq, 9 faizə enməsinə səbəb olub.


Şəhid və əlil ailələrinin

sosial müdafiəsi


Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvlərinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına ölkə rəhbəri tərəfindən davamlı olaraq diqqət və qayğı göstərilir.

Bu qayğının təzahürü kimi həmin insanlar üçün yeni mənzil tikintisi ilbəil sürətlənir. Möhtərəm Prezident tərəfindən qarşıya qoyulan tapşırığın icrası olaraq mənzillərin inşasında müsbət dinamika saxlanılmaqla, nəzərdə tutulan layihələr yüksək keyfiyyətlə həyata keçirilir.

2008-ci ildə əvvəlki illə müqayisədə 2,3 dəfə çox, yəni 396 mənzil əlil və şəhid ailələrinə təqdim olunmuşdusa, 2009-cu ildə həmin təbəqələrdən olanlar üçün bundan təxminən 2 dəfə artıq, yəni 707 mənzilin inşası başa çatdırılıb.

2010-cu ildə tikinti planı üzrə 715 mənzil inşa olunub ki, nəticədə bu vaxtadək dövlət hesabına mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin sayı 3600-ü ötüb.

Eyni zamanda, əlillərin minik avtomobilləri ilə təminatı işləri davam etdirilib, 1998-ci ildən bəri 2940 "Oka" və "Slavuta" markalı minik avtomobili müvafiq kateqoriyalardan olan əlillərə təqdim edilib.

2009-cu ildən isə bu sahədə irəliləyişə nail olunub, keyfiyyəti və rahatlığı ilə daha üstün olan "Slavuta" markalı avtomobillər əlillərə təqdim olunmaq üçün respublikaya gətirilib. Bu avtomobillərin 352-si məhz 2010-cu ildə gətirilərək, Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə paylanıb.


Ünvanlı sosial yardımdan bəhrələnənlər


Ötən ilin sonuna olan məlumata əsasən, ünvanlı yardım alanların sayı 122 781 ailə, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 108,54 manat olub. Ünvanlı sosial yardım təyin olunan ailələrdən 48 675 mini tərkibində 3 və daha çox uşaq olan ailələrdir ki, bu da yardım alanların 39,6 faizini təşkil edir.

2010-cu ildə əvvəlki illə müqayisədə orta hesabla 899 nəfər və ya 0,2 faiz çox vətəndaşa, yəni orta hesabla 397 388 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunaraq ödənilib.

Bu il həyata keçirilən pensiya islahatı nəticəsində isə 900 minə qədər pensiyaçının pensiyası orta hesabla 40 faiz artıb. Pensiyaların orta məbləği 190 dollara çatıb.

Bu davamlı tərəqqi nəticə etibarilə ölkədə yoxsulluq daha da aşağı düşüb və artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 9,1 faiz təşkil edir. Bu əslində, çox böyük nailiyyətdir. Müqayisə üçün deyə bilərik ki, Türkiyədə yoxsulluğun səviyyəsi 10 faizə yaxındır.

Ümumilikdə, son 8 il ərzində Azərbaycanda yoxsulluq 5 dəfə aşağı düşüb. Bu, sübut edir ki, Azərbaycanda neft gəlirlərindən ölkə xəzinəsinə daxil olunan vəsait ədalətli bölünür və beləliklə, Azərbaycanda sosial ədalət prinsipi həmişə yüksək səviyyədə tətbiq olunur.


Qlobal böhran zamanı

sosial müdafiə


İndi bəzi ölkələrdə iqtisadi-maliyyə böhranının ikinci dalğası başlanıb. Dövlət başçısı bununla bağlı deyir: "Azərbaycanda isə biz bunun tam əksini görürük. Bizim siyasətimizin təməli Azərbaycan vətəndaşıdır. Bütün görülən işlər bir məqsədi güdür ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın.

İnkişaf etmiş ölkələrdə sosial ödəmələr, sosial proqramlar kəsilir, azalır, ixtisar edilir, maaşlar kəsilir, dövlət qurumlarında işləyənlərin iş yerləri bağlanır. Biz görürük ki, Azərbaycanda iş yerləri açılır, maaşlar, pensiyalar artırılır, sosial proqramlar icra edilir. Bir dənə də olsun sosial proqramda geriləmə, yaxud da ki, ixtisar olmamışdır".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə, 2011-ci il iyul ayının 1-nə ölkədə 302.4 min nəfərə 12 milyon manat məbləğində aylıq sosial müavinət təyin olunub. Ölkədə 563,5 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. Əhalinin gəlirlərinin artmasını və məntiqi nəticəsi kimi onun həyat səviyyəsinin yüksəlməsini ticarət şəbəkəsindən daha çox əmtəə alınması və xidmətlərdən geniş istifadə edilməsi də təsdiqləyir.

Azərbaycanda əhalinin gəlirləri son illərdə daha sürətlə artır. Ölkədə inflyasiya tempinin xarici amillərin təsiri ilə bir qədər artmasına baxmayaraq, əhalinin gəlirləri bu tempi azı 2 dəfə üstələyir. Əmək pensiyalarının 100 dolları keçməsi isə, əhalinin aztəminatlı hissəsinin yaşayış səviyyəsinin yaxşılaşmasında öz müsbət təsirini göstərəcək.


İşsizlik problemi

uğurla həll edilir


Ölkəmizdə işsizlik probleminin həlli istiqamətində qazanılmış nailiyyətlərin miqyası son illərdə nəzərəçarpacaq dərəcədə genişlənib, ümumi iqtisadi inkişaf bu məsələnin çözümünə böyük töhfələr verib.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2004-cü ilin fevralından indiyə kimi ölkəmizdə 1 mln-a yaxın yeni iş yerləri açılıb və bu, sözügedən problemin ölkəmizdə əsasən öz həllini tapdığını qətiyyətlə deməyə əsas verir.

Sürətli tərəqqi nəticəsində yaradılmış sosial-iqtisadi bazis, ölkəmizin malik olduğu mövcud potensial Azərbaycanın inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş dövlətlər kateqoriyasına daxil edilməsinə lazımi imkanlar verir.

Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanda insan kapitalının inkişafına, dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin davamlı artımına, sosial infrastrukturun inkişafına, yoxsulluq səviyyəsinin azaldılmasına və işsizliyin minimuma endirilməsinə, nəticə etibarı ilə əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə gətirib çıxarır.

Bütün bunlar bir daha təsdiq edir ki, ölkəmizdə insanların yaşayış səviyyəsi daim yüksələn xətt üzrə inkişaf etməkdə, sosial proqramlar uğurla icra olunmaqda, görülən digər tədbirlər sayəsində vətəndaşların rifah halı davamlı şəkildə yüksəlməkdədir.

Prezident İlham Əliyevin rəhbərliyi altında son 8 ildə uğurla həyata keçirilən, uzaqgörən, praqmatik və rasional əsaslara söykənən, hər zaman böyük uğurların qazanılmasına yol açan siyasət 2011-ci il də daxil olmaqla, qarşıdakı dövr ərzində qazanılan nailiyyətlərin daha da artmasına, Azərbaycanın yüksək inkişaf etmiş ölkələr sırasına daxil olmasına və yuxarı gəlirli ölkələr sırasında yer almasına gətirib çıxaracaq.


Elçin Bayramlı

Digər xəbərlər