Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün dekabrın 20-də Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə yola düşüb.
Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün dekabrın 20-də Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlib.
MDB-nin üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Vnukovo-2 Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Dekabrın 20-də Rusiyanın paytaxtı Moskvada, Böyük Kreml sarayında MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və iclasın digər iştirakçılarını qarşıladı.
Prezident Dmitri Medvedev iclası açaraq görüşdə iştirak etdiklərinə görə Birliyin üzvü olan ölkələrin dövlət başçılarına təşəkkürünü bildirdi. Sonra Birliyin sədri, Tacikistan Prezidenti Emoməli Rəhmon, Azərbaycan Prezidenti İlham Əliyev və MDB-nin üzvü olan digər ölkələrin dövlət başçıları çıxış etdilər. İclasın yekunlarına dair Birgə Bəyanat qəbul olundu.
* * *
Dekabrın 20-də Böyük Kreml sarayında MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası iştirakçılarının şərəfinə ziyafət verilib. Azərbaycan Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.
Səfər başa çatdı
Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb. Moskvanın Vnukovo-2 Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün axşam Bakıya qayıdıb. Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.