PDF Oxu

Siyasət

  • 8

ŞƏRƏFLİ VƏ YENİLMƏZ AZƏRBAYCAN ORDUSU

ŞƏRƏFLİ VƏ YENİLMƏZ AZƏRBAYCAN ORDUSU

"Azərbaycan Ordusu gündən-günə güclənir. Azərbaycanda ordu quruculuğu prosesi çox uğurla gedir və bu bizə imkan verir ki, hərbi gücümüzü artıraq". Bu sözləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 92 illiyi münasibətilə keçirilən irimiqyaslı təlimlər zamanı hərbçilər qarşısında çıxışında deyib.

Bu gün Azərbaycan Ordusunun səviyyəsi çox yüksək zirvədədir. Orduda peşəkarlıq, döyüş qabiliyyəti artır, ruh yüksəkliyi var. Eyni zamanda, ordumuzun maddi-texniki bazası möhkəmlənir və son illərdə bu işlərdə çox böyük addımlar atılıb. Ordumuzun bütün tələbatını ödəmək üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Sadəcə, bir rəqəmi demək kifayətdir ki, son 8 il ərzində hərbi xərclər dəfələrlə artıb.

Lakin Cənubi Qafqazda forpost dövlət statusundan uzağa gedə bilməyən Ermənistan bütün sahələrdə, o cümlədən, hərbi sahədə həyata keçirdiyi yarıtmaz, səriştəsiz siyasət nəticəsində həm daxili problemlər məngənəsində sıxılaraq yoxsul əhalisinin narazılığı zəminində sosial partlayış həddinə çatıb, həm də yerləşdiyi bölgədə militarist-atavantürist siyasət yeritməsi nəticəsində əksər yaxın qonşularının və böyük dövlətlərin etibarını itirib. Ermənistanın adı daima beynəlxalq təşkilatların, dünyanın aparıcı ölkələrinin hesabatlarında korrupsiyanın geniş vüsət aldığı, iqtisadi inkişaf tempinin ildən-ilə azaldığı, yoxsulluq həddinin sürətlə artdığı ölkələr sırasında hallanır. İşğalçı ölkə uçurumun dibinə yuvarlanaraq, ordusunu da öz arxasınca sürükləyir. Ermənistan ordusu ilə üzbəüz dayanan rəşadətli Azərbaycan ordusu isə hər keçən gün gücünü daha da artırır.


ORDU QURUCULUĞU PROSESİNİN MÜHÜM

ƏSASLARI


Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa, vətənpərvərlik hissinə, müasir döyüş sursatına, silaha, texnikaya malik olan Azərbaycan Silahlı Qüvvələri əmr verilən istənilən an düşmənə sarsıdıcı zərbə endirməyə hazırdır.

Azərbaycan Silahlı Qüvvələri bu gün əldə etdiyi yüksək döyüş hazırlığına, nizam-intizamına mərhələlərinə, gündəlik çəkilən zəhmət bahasına nail olub. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, əlbəttə ki, Milli Ordunun yaranması çox vacib məsələ idi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda nizami ordu yarana bilmədi. Yalnız Azərbaycan xalqının tələbi ilə Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra ölkədə ordu quruculuğu prosesinə start verilib. Əslində, həmin vaxt Azərbaycanda dövlət quruculuğu prosesi başlanıb və müstəqil ölkəmizin qurucusu Heydər Əliyevin səyləri, müstəsna xidmətləri nəticəsində Azərbaycanda ordu quruculuğu prosesi çox sürətlə aparılıb. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra, məhz Ulu Öndərin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşıb.


QÜDRƏTLİ PREZİDENT, GÜCLÜ ALİ BAŞ

KOMANDAN


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində deyib ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, bu gün Azərbaycan, sözün əsl mənasında, bölgədə ən yüksək mövqelərə malik bir ölkədir: "Bu gün Azərbaycan Ordusu bölgədə Cənubi Qafqazda ən güclü, ən peşəkar, ən mübariz ordudur və əlbəttə ki, biz bu istiqamətdə aparılan işləri davam etdirəcəyik". Dövlət başçısının ordu quruculuğu prosesinə xüsusi həssaslıqla yanaşmasının məntiqi nəticəsidir ki, dövlət büdcəsindən orduya ayrılan vəsaitlər ildən-ilə artırılır, hərbçilərin, zabitlərin sosial müdafiəsi istiqamətində ardıcıl tədbirlər reallaşdırılır. Məhz dövlət tərəfindən ordumuza göstərilən ən yüksək səviyyəli diqqət sayəsində Azərbaycan Ordusu böyük inkişaf yolu keçib və bu gün Silahlı Qüvvələrimiz Ermənistan ərazisində yerləşən bütün hərbi hədəfləri məhv etməyə qadirdir. Bütün bunlar Azərbaycan dövlətinin, ölkə Prezidenti və Ali Baş Komandanın qısa zaman kəsimində - 8 il ərzində ordu quruculuğu işinə verdiyi böyük önəmin uğurlu nəticəsidir. Orduda islahatların aparılması və hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi dövlət başçısının daim diqqət mərkəzindədir. Göstərilən bu diqqət və qayğı ordumuzu bölgənin ən hazırlıqlı və yüksək döyüş qabiliyyətinə malik ordusuna çevirib.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər