PDF Oxu

Siyasət

  • 11

Azərbaycanda dini-mənəvi dəyərlərə böyük qayğı göstərilir

Azərbaycanda dini-mənəvi dəyərlərə böyük qayğı göstərilir

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı məscidin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxdılar. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidentinə və xanımına məsciddə görülmüş işlər barədə məlumat verdi. Bildirildi ki, 2010-cu ildə dövlətimizin başçısı müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar "İttifaq" məscidi adı ilə tanınan bu məbədin bərpası ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.

Məsciddə yaradılmış şəraitlə tanış olduqdan sonra Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Şimali Qafqazın müftiləri ilə görüşdü. Dövlətimizin başçısı görüşdə çıxış etdi. Prezident bildirdi ki, ziyarətgahların bərpa edilməsi fəaliyyətimizin ən mühüm istiqamətlərindən biri, mənəvi borcumuzdur:

"Bu məscid zəngin tarixə malikdir. Mənə çox xoşdur ki, biz onu təkcə bərpa etməmişik, həm də genişləndirmişik. O, bəlkə də on dəfədən çox genişləndirilmişdir və yüzilliklər boyu qalacaqdır.

Azərbaycanda bütün dini abidələr mühafizə olunur, bərpa edilir. Təzəpir məscidindəki görüşümüz yadımdadır. Həmin məscid də bərpa olunandan və yenidən qurulandan sonra onu birlikdə açmışdıq. Bu gün Azərbaycanın ən qədim məscidlərindən biri - Şamaxı şəhərindəki Cümə məscidi bərpa olunur, əslində yenidən inşa edilir. Ümid edirəm ki, lap yaxın vaxtlarda, yaxın bir-iki ildə biz gözəl Şamaxı şəhərində həmin məscidin açılışına birlikdə toplaşacağıq.

Mənə çox xoşdur ki, sizin hamınızın bir-birinizlə bu cür gözəl dostluq münasibətləriniz vardır. Bu münasibətlər ölkələrimizin, respublikalarımızın qədim ünsiyyət mədəniyyəti ənənələrinə malik olan xalqları arasında münasibətləri də çox cəhətdən möhkəmləndirir. Mənə xoşdur ki, irəli sürülmüş təşəbbüsləri biz birlikdə reallaşdırırıq. Sizin respublikalarla Azərbaycan arasında bu cür fəal əməkdaşlıq yeni mərhələyə, yeni formaya keçir. Bu, bizim xalqların hamısı üçün, eləcə də Rusiya-Azərbaycan münasibətləri üçün çox böyük əhəmiyyət kəsb edir."

Sonra QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə, Rusiya Federasiyasının Adıgey Respublikası və Krasnodar vilayətinin müftisi Yemij Nurbıy, Şimali Osetiya-Alaniya Respublikasının müftisi Hacımurad Qatsalov, QMİ-nin Moskvadakı səlahiyyətli nümayəndəsi Şafiq Psixaçev, Tatarıstan Prezidenti Aparatının Dini Qurumlarla Əməkdaşlıq İdarəsinin rəisi Marat Qatin çıxış etdilər.

Görüşdə, həmçinin Qafqaz Xalqları Ali Dini Şurasının sədri və üzvləri adından Prezident İlham Əliyevin ad günü münasibətilə müraciət oxundu. Daha sonra Prezident İlham Əliyev din xadimləri və ictimaiyyətin nümayəndələri ilə görüşdü.

Qurandan ayələr oxunduqdan sonra dövlətimizin başçısı çıxış etdi.

Sonra Çeçenistanın müftisi, Qafqaz Xalqları Ali Dini Şurası sədrinin birinci müavini Soltan Mirzəyev, Tatarıstan Prezidenti Aparatının Dini Qurumlarla Əməkdaşlıq İdarəsinin rəisi Marat Qatin və QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış etdilər.

Şeyxülislam hacı Allahşükür Paşazadə Prezident İlham Əliyevə müqəddəs Qurani-Kərim hədiyyə etdi.

Azərbaycan Prezidenti bir daha müftilərlə görüşdü, onlara uğurlar arzuladı.

Digər xəbərlər