PDF Oxu

Siyasət

  • 11

Qafqaz regionunda yalnız Azərbaycanda fəaliyyət göstərən “AAC” müasir tikinti materialları zavodu istifadəyə verilib

Qafqaz regionunda yalnız Azərbaycanda fəaliyyət göstərən “AAC” müasir tikinti materialları zavodu istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Qaradağ rayonunda inşa edilmiş "AAC" müasir tikinti materialları zavodunun açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, inşasına 2008-ci ilin mayında başlanılan zavodun ərazisində 12 min kvadratmetr qapalı istehsal sahəsi olan məsaməli beton istehsalı, 6 min kvadratmetr qapalı istehsal sahəsi olan yandırılmış və sönmüş əhəng istehsalı sahələri yerləşir. Azərbaycan Prezidentinə məlumat verildi ki, zavodun tikintisində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı 10 milyon manat güzəştli kreditdən istifadə olunub.

Qeyd edildi ki, "Qobustan" brendi adı ilə beynəlxalq standartlara uyğun yandırılmış və sönmüş əhəng məhsulları və məsaməli beton blokları zavodun ayrı-ayrı istehsal sahələrində hazırlanır.

Məlumat verildi ki, Qafqaz regionunda yalnız Azərbaycanda fəaliyyət göstərən "AAC" müasir tikinti materialları zavodu gün ərzində 100 ton yandırılmış, 120 ton sönmüş əhəng istehsal edir.

Dövlətimizin başçısı məsaməli beton, yandırılmış və sönmüş əhəng istehsalı sahələrini işə saldı, hazır məhsulların nümunələrinə baxdı, texnoloji prosesi izlədi. Sonra Azərbaycan Prezidenti məsaməli beton istehsalı sahəsinin fəaliyyəti ilə bağlı videoçarxa baxdı.

Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsyələrini verdi.

Digər xəbərlər