Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 27-də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olublar.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu. Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə məlumat verdi ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Azərbaycanda və qonşu ölkələrdə işləyən həkimlərin diplomdan sonrakı hazırlığına böyük ehtiyac yaranması zərurətindən 1935-ci ilin noyabrında yaradılmışdır. İnstitutun təşkilində azərbaycanlı mütəxəssislərlə yanaşı, Rusiyanın bir sıra alimləri də yaxından iştirak etmişlər.
Bildirildi ki, bu institutun tarixinin bir çox şanlı səhifələri görkəmli alim Əziz Əliyevin adı ilə bağlıdır. Əziz Əliyev 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru kimi səmərəli fəaliyyət göstərmişdir. 1962-ci il sentyabrın 27-də institutun professor-müəllim heyətinin vəsatəti əsasında Nazirlər Sovetinin qərarı ilə instituta tanınmış ictimai-siyasi xadim, elm təşkilatçısı Əziz Əliyevin adı verilmişdir.
İnstitut yarandığı ilk gündən respublika üçün minlərlə yüksək ixtisaslı həkim mütəxəssisləri hazırlamışdır. Hazırda institutun əməkdaşlarının sayı 427 nəfərdir. Burada rektorluq, dekanlıqlar, kafedralarla bərabər, 130 çarpayılıq cərrahiyyə klinikası, elmi-tədris, tədris-metodiki şöbələr, elmi-tədqiqat laboratoriyası, elmi kitabxana və yataqxana fəaliyyət göstərir. Binanın əsaslı təmirinə 2010-cu ildən başlanmışdır. Əsaslı təmirdən sonra institutda yüksək standartlara cavab verən iş şəraiti yaradılmışdır. Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev institutun kollektivi ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.