PDF Oxu

Siyasət

  • 11

Respublika Diaqnostika Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilibPrezident İlham Əliyev açılışda iştirak edib

Respublika Diaqnostika Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilibPrezident İlham Əliyev açılışda iştirak edib

Dekabrın 27-də Respublika Diaqnostika Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, Diaqnostika Mərkəzi dünyada mövcud ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunmuşdur. Mərkəzdə ümumi havalandırma, mərkəzləşdirilmiş oksigen və azot qazları sistemi yaradılmışdır ki, bunun köməyi ilə istənilən anda hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkündür.

Mərkəzi Azərbaycanda ilk və yeganə tam avtomatlaşdırılmış laboratoriya binası ilə birləşdirən vakuum poçt sistemi də yaradılmışdır. Bütün şöbələr arasında təcili analiz və sənəd daşımaları vakuum poçtu ilə həyata keçirilir. Burada, həmçinin Almaniya istehsalı olan mərkəzi sterilləşdirmə sistemi də quraşdırılmışdır. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış oldular. Bildirildi ki, Diaqnostika Mərkəzi poliklinik və stasionar şöbələrdən ibarətdir. Zirzəmi qatında radiologiya şöbəsi yerləşir. Burada quraşdırılan nadir kompyuter tomoqrafiya cihazı postsovet məkanında ikinci, Cənubi Qafqazda isə ilk və yeganə belə aparatdır. Radiologiya şöbəsində, həmçinin çox yüksək texnologiyalı və müasir proqram təminatlı maqnit rezonans tomoqrafı da fəaliyyət göstərəcəkdir.

Burada iki rəqəmsal rentgen qurğusu da quraşdırılmışdır. Nadir rentgenoqrafiya aparatı ilə bütün onurğa sütununu birdəfəyə müayinə edib qrafik çəkilişini almaq mümkündür. 4D ölçülü son model ultrasəs müayinə aparatı ölkədə bənzəri olmayan yüksək proqramla təmin olunmuşdur.

Birinci mərtəbədə müasir cihazlarla təchiz olunmuş endoskopik diaqnostika, həmçinin cərrahiyyə və reanimasiya şöbələri, ikinci mərtəbədə poliklinika, kardiologiya şöbəsi, nevrologiya, oftalmologiya kabinetləri, üçüncü mərtəbədə mama-ginekologiya şöbəsi, neonatoloji bölmə, dördüncü və beşinci mərtəbələrdə stasionar şöbə yerləşir.

Diaqnostika mərkəzinin hər mərtəbəsində həm tibbi heyət, həm də xəstələr üçün iki yeməkxana, müxtəlif tədbirlər keçirmək üçün böyük konfrans zalı da vardır.

Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

Digər xəbərlər