Moskvada, Rusiyanın ən iri və kütləvi qəzetlərindən birində - Rusiyada və MDB üzvü olan digər ölkələrdə iki milyon nüsxədən artıq tirajla çap olunan "Arqumentı i faktı" qəzetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yubileyinə həsr olunmuş "Prezident atanın Prezident oğlu. İlham Əliyev - "ulduz" gənc, MDBMİ-nin məzunu" sərlövhəli məqalə dərc edilmişdir.
Məqalənin müəllifi Azərbaycanın tanınmış yazıçı və publisisti, Milli Məclisin deputatı Elmira Axundova dövlətimizin başçısı İlham Əliyevin həyatının və onun lider kimi təşəkkülünün əsas mərhələləri barədə söhbət açır, Prezidentin ailəsinin həyatı ilə bağlı maraqlı hadisələrə toxunur. Məqalədə qeyd edilir ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra öz komandasının gənc və perspektivli üzvlərinə, o cümlədən oğlu İlhama da "müştəri gözü ilə" baxmağa başlamışdı. O vaxta qədər İlham keçmiş SSRİ-də ən nüfuzlu ali məktəbi - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ) bitirmiş, namizədlik dissertasiyası müdafiə etmiş, pedaqoji fəaliyyətdə, həmçinin biznesdə özünü sınamışdı. "Ən başlıcası - o, Heydər Əliyev üçün ən çətin dövrdə ona arxa və dayaq olmaqla, kişi üçün bəlkə də ən mühüm imtahandan - mənəvi və insani dözüm imtahanından uğurla çıxmışdı". Məqalədə daha sonra dövlətimizin başçısının həyatının Moskva dövrü, ümummilli lider Heydər Əliyevin karyerası ilə əlaqədar çətin məqamlar və onun həmin çətinliklərə necə əzm və ləyaqətlə davam gətirməsi təsvir edilir.
E. Axundova yazır: "...21 yanvar 1990-cı il. Heydər Əliyev özünün bütün ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, burada Bakıda baş vermiş faciəli hadisələrlə əlaqədar improvizə edilmiş mitinqdə çıxış etmişdi. Həmin gün gözdən salınmış Əliyevin yanında oğlu İlham dayanmışdı. Keçmiş SSRİ-nin ən qüdrətli rəhbərlərindən birinin saf ailəsində böyümüş bu "ulduz" gənc çox möhkəm adam olduğunu göstərdi".
Müəllif onu da əlavə edir ki, tale İlham Əliyevi çox sınaqlara çəkmiş, o isə, çətinliklərə baxmayaraq, bədxahlarına baş əyməmiş, Türkiyəyə gedərək orada sahibkarlıqla məşğul olmuşdur. E. Axundova yazır: "Onun baqajı əsaslı təhsili və yüksək intellektual potensialı idi". Materialda vurğulanır ki, İlham Əliyev "Prezidentin oğlu" kimi prestijli və sakit vəzifə tutaraq, işləri uğurla gedən sahibkar kimi rahatca yaşaya bilərdi. Lakin o, dövlət xadiminin gündəlik işini bu tituldan üstün tutdu. İlham Əliyevin peşəkarlığının sınağa çəkilməsi tam aşkar şəraitdə baş verdi. İlham Əliyevin xidməti karyerasının peripetiyalarını onun dostları da, bədxahları da müşahidə edə bilərdilər. Müəllif son onilliklərdə Azərbaycanın bütün sahələrdə qazandığı möhtəşəm uğurlara və sanballı nailiyyətlərə diqqəti cəlb edir. Elmira Axundova yazır: "Dünya ekspertlərinin fikrincə, Azərbaycan Cənubi Qafqaz regionunda dövlət müstəqilliyinin ən uğurlu modelini nümayiş etdirərək son illərdə texnologiya və modernləşmə sıçrayışına nail olmuşdur. İlham Əliyev "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasını imzalamaqla rəsmən bəyan etmişdir ki, respublikada tranzit dövrü başa çatmış və ölkə beynəlxalq rəqabət qabiliyyətini təmin etmək üçün innovasiyalı inkişaf yoluna qədəm qoymuşdur. Ambisiyalı məsələdirmi? Əlbəttə! Yerinə yetirilə bilən məsələdirmi? Zənnimcə, bəli. Axı, ölkənin "sükanı arxasında" bu günlərdə 50 illik yubileyini qeyd etmiş müasir rəhbər dayanır".