PDF Oxu

Siyasət

  • 6

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açılıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açılıb

Dekabrın 29-da Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə mərkəz haqqında məlumat verdi. Bildirildi ki, 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Koreya Respublikasının "SK C&C" şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdır. 2009-cu il aprelin 6-da dövlətimizin başçısının iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. Bu il oktyabrın 4-də isə Prezident İlham Əliyev mərkəzdə görülən işlərlə tanış olmuşdur.

Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, mərkəzin yaradılmasında əsas məqsəd Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsindən, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsindən, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsindən və hərəkət marşrutlarının optimallaşdırılmasından ibarətdir.

Beşmərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur.

Birinci mərtəbədə sahəvi avadanlıqların istismar şöbəsi, UPS-enerji tənzimləyicisi və digər inzibati otaqlar vardır. Şöbələrin əksəriyyəti dördüncü mərtəbədə yerləşir.

Dövlətimizin başçısı bu mərtəbədə yaradılmış şəraitlə tanış oldu. Otaqlarda rahat işləmək üçün hər cür şərait vardır. Burada ayrıca televiziya və radio studiyası da yaradılmışdır. Gələcəkdə studiyada əldə olunacaq bütün məlumatların canlı yayımla televiziya və radio kanallarına ötürülməsi mümkün olacaqdır. Üçüncü mərtəbədəki konfrans və təlim zallarında isə mərkəzin fəaliyyətini canlı izləmək mümkündür.

Prezident İlham Əliyev intellektual idarəetmə zalına gəldi, mərkəzin fəaliyyəti ilə bağlı təqdimata baxdı. Bildirildi ki, burada 600 rəqəmsal görüntünü əks etdirən, dünyada ən böyük - 120 kvadratmetr sahəsi olan monitor quraşdırılmışdır. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın hərəkət vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumatı 192 kamera vasitəsilə əldə etmək mümkündür.

Qeyd edildi ki, mərkəz cinayətkarlığın qarşısının alınmasında Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Nazirliyin 600 kamerasının qeydə aldığı görüntülərin də monitorinqi bu mərkəzdə aparılacaqdır.

Məlumat verildi ki, üç mərhələdən ibarət olan intellektual nəqliyyat sisteminin hazırda birinci mərhələsi Bakının əsas küçə və prospektlərini əhatə edir. Bu proses ikinci mərhələdə 2 min 200 kvadratkilometr sahədə Böyük Bakı və Abşeron ərazisini, üçüncü mərhələdə isə respublikanın bütün bölgələrində yerləşən nəqliyyat infrastrukturunu əhatə edəcəkdir. Birinci mərhələdə Bakıda intellektual nəqliyyat sistemi avadanlığının quraşdırılması artıq yekunlaşmışdır. İntellektual sistem üçün paytaxt ərazisində 450 kilometr müstəqil elektrik xətləri, 320 kilometr isə fiber-optik rabitə xətləri çəkilmişdir.

Prezident İlham Əliyev mərasimdə çıxış edərək bildirdi ki, bu mərkəzin fəaliyyəti nəticəsində şəhər nəqliyyatının bir çox problemləri öz həllini tapacaq. Prezident qeyd etdi ki, dünyada buna bənzər səkkiz mərkəz vardır və onların arasında ən qabaqcıl və ən mütərəqqi texnologiyalara malik olanı Bakı Mərkəzidir:

"Qeyd etməliyəm ki, bu mərkəzin yaradılması ideyası mənim Koreya Respublikasına səfərim zamanı ortaya çıxmışdır. O vaxt mən Seul şəhərinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin imkanları ilə tanış olmuşdum və qərara gəldik ki, biz mütləq Bakıda belə sistemi yaratmalıyıq. Düzdür, bu, bir neçə il bundan əvvəl olan hadisədir. O vaxt Bakının tıxac problemləri o qədər kəskin deyildi, amma buna baxmayaraq, biz ölkəmizin və şəhərimizin gələcək inkişafını nəzərə alaraq qərara gəldik ki, bu sistemi mütləq Azərbaycanda, Bakıda quraq.

Mən çox şadam ki, Koreya tərəfi bu məsələyə çox müsbət yanaşmışdır. Koreya şirkətlərinin fəal iştirakı ilə bu sistem Azərbaycanda, Bakıda qurulubdur. Artıq mənə izahat verildi və burada göstərildi ki, bu sistemin, bu mərkəzin şəhər nəqliyyatına nə qədər böyük töhfəsi olacaqdır. Həm təhlükəsizlik məsələləri daha da geniş şəkildə öz həllini tapacaq, həm də yol hərəkətinin tənzimlənməsi üçün yeni imkanlar yaradılacaqdır. Yol hərəkətini daha mədəni şəkildə aparmaq üçün gözəl şərait yaradılır, nəzarət sistemi tam mükəmməldir. Əminəm ki, sistem tam şəkildə işə düşəndən sonra Bakının hər bir sakini öz həyatında bu mərkəzin gözəl təsirini görəcəkdir.

Biz istəyirik ki, şəhər sakinləri nəqliyyatdan rahat istifadə etsinlər. Yeni yollar çəkilir, yeni arteriyalar açılır, mövcud olan yollar genişləndirilir, yol qovşaqları, körpülər, tunellər, keçidlər tikilir. Təkcə dünən biz bir neçə yerdə yeni keçidin açılışını qeyd etmişik. Bu gün yeni tunelin açılışını qeyd etmişik. Yəni, biz artıq bu hadisələrə adət etmişik. Bu, çox böyük vəsait və peşəkarlıq tələb edən məsələlərdir. Əgər, biz 4-5 il bundan əvvəl Bakının yol infrastrukturunun təkmilləşdirilməsi ilə məşğul olmasaydıq, tam əminliklə deyə bilərəm ki, bu gün Bakıda nəqliyyat dayanardı. Biz başqa böyük şəhərlərin problemlərini görürük. O şəhərlərə gedərkən görürük ki, tıxaclar saatlarla insanların vaxtını alır. Yol hərəkəti pik saatlarında iflic vəziyyətinə düşür.

Əgər biz vaxtilə bu işləri görməsəydik, Bakıda da eyni vəziyyət yarana bilərdi. Biz öz addımlarımızla, infrastruktur layihələrimizlə qabaqlayıcı tədbirləri görürük, imkan vermirik ki, tıxac Bakıda böyük problemə çevrilsin. Ancaq o da həqiqətdir ki, avtomaşınların sayı artır, insanların rifah halı yaxşılaşır. Görülən işlər, aparılan islahatlar nəticəsində ölkə vətəndaşları daha da yaxşı yaşayırlar, daha da çox maşınlar alırlar. Biz növbəti illərdə də Bakının yol nəqliyyatı sisteminin yaxşılaşdırılması üçün əlavə tədbirlər görəcəyik."

X X X

Sonra dövlətimizin başçısı nəqliyyatı intellektual idarəetmə sistemində istifadə olunan avadanlıqla maraqlandı. Bildirildi ki, dayanacaqlarda quraşdırılan informasiya terminalı vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti barədə məlumat almaq mümkündür. Bu cür terminal şəhərin 664 avtobus dayanacağında quraşdırılıb. Yerli mütəxəssislər tərəfindən hazırlanan və "Azəri" adı altında patentləşdirilən xüsusi avadanlıq isə mərkəzlə avtobus sürücüləri arasında birbaşa əlaqəni təmin edir. Bu avadanlıq vasitəsilə mərkəzdən avtobusa səs və mətn tipli informasiyanın ötürülməsi də mümkündür. Vaxt və məsafənin tənzimlənməsinə də imkan yaradan bu cihaz 3 minə yaxın avtobusda quraşdırılıb. Nəqliyyatda tətbiq olunacaq vahid ödəniş sistemi isə sərnişinlərin rahatlığını artıracaq. Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

Digər xəbərlər