PDF Oxu

Siyasət

  • 15

Gələcəyə baxış: Azərbaycanın uğurlu inkişaf perspektivləri

Gələcəyə baxış: Azərbaycanın uğurlu inkişaf perspektivləri

Ötən hər il qarşıya yeni vəzifələr qoyur. Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bir daha 2011-ci ildə qazanılan uğurların fonunda qarşıda duran vəzifələri diqqətə çatdırdı.

Sözsüz ki, cari ilin prioritetləri müəyyənləşdirilərkən ötən ildə əldə olunan uğurların təhlilinə ehtiyac yaranır. Bu reallıq inkaredilməzdir ki, dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində arxada qalan il əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolunu önə çəksək, Azərbaycanın iqtisadi inkişaf srategiyasının bu gün digər ölkərə nümunə göstərilməsi uğurlarımızın təsdiqidir. Prezident İlham Əliyevin daim vurğuladığı kimi, hər sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi uğurların davamlılığına böyük stimul verir. Həmin proqramlarda prioritetlər müəyyənləşdirilir, onların icra mexanizmləri və sərf olunacaq maliyyə vəsaitləri öz əksini tapır.

Ölkə iqtisadiyyatının inkişafında neft-qaz amilinin rolu inkar edilməzdir. Lakin cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Regional inkişaf proqramlarının uğurlu icrası da bu məqsədə xidmət edir. Belə ki, ötən il qeyri-neft sektorunda artım 10 faizdən çox olmuşdur. ÜDM-də özəl bölmənin payının 85,5 faiz olması da bu diqqətin bariz nümunəsidir.

İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların nəticəsi olaraq, paytaxt və bölgələrdə quruculuq-abadlıq işləri geniş vüsət almış, regionlarımız sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətində olmuşdur. Ölkənin hərtərəfli tərəqqisində regionların inkişafını vacib amil kimi önə çəkən dövlət başçısı İlham Əliyev bildirirdi ki, inkişaf etmiş ölkələrdə də paytaxtla bölgələr arasında fərq olmur. Biz də buna çalışırıq. Bu gün Azərbaycanın iqtisadi inkişaf modelinin geniş təhlil olunması, ölkəmizin təcrübəsinin öyrənilməsinə dünya dövlətlərinin xüsusi maraq göstərməsi bir daha bu gerçəkliyi təsdiqləyir ki, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunub. Bir faktı da qeyd etmək kifayətdir ki, 2008-ci ildən dünyanı iqtisadi və mailyyə böhranı bürüsə də Azərbaycan iqtisadiyyatının düzgün təməl üzərində qurulması sayəsində bu problemləri yaşamadı. Əksinə ölkəmiz iqtisadi artımın sürətinə görə yenə də dünyada birinciliyini qorudu.

Bir faktı da qeyd edək ki, Azərbaycan bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahibdir. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Ölkəmizin təşəbbüsçüsü və iştirakçısı olduğu layihələr ölkələr arasında körpü rolunu oynayır. Azərbaycan təşəbbüsləri gerçəkləşdirməklə iqtisadi imkanlarını genişləndirir, yeni-yeni layihələrin gündəmə gətirilməsinə, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün yeni marşurutların müəyyənləşdirilməsinə maraq göstərir. Qeyd edək ki, cari ildə istifadəsi nəzərdə tutulan, əhəmiyyətinə görə BTC və BTƏ neft-qaz kəmərərindən geri qalmayan, dünyaya açılan üçüncü qapı kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Azərbaycanın səyləri nəticəsində gerçəkləşir. Məlum olduğu kimi, maliyyə probleminin mövcudluğu layihəninin icrasını mümkünsüz etmişdi. Lakin Azərbaycan dövləti dəmir yolunun Gürcüstan hissəsinin də maliyyəsini öz üzərinə götürməklə layihənin reallaşmasına stimul verdi. Gürcüstan tərəfi həmin vəsaiti kredit əsasında ödəyəcək. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə təmin olunmasının nəticəsidir ki, bu kimi beynəlxalq əhəmiyyətli layihələrin icrasına zəmin yaranır. Qeyd edək ki, Dövlət Neft Fondunun vəsaitlərini həcmi 32 milyard dollardan çoxdur. Dövlət başçısı İlham Əliyev bu uğurlara əsaslanaraq bildirir ki, bu gün Azərbaycan dövləti öz qüvvəsi, maliyyə imkanları hesabına ən mürəkkəb layihələri icra edə və onu məntiqi sonluğa çatdıra bilər.

İşsizlik, yoxsulluq problemlərinin həlli dövlətin siyasətində prioritet məsələdir. Ötən il 100 minə qədər yeni iş yeri açılıb. Ümumilikdə isə son səkkiz ildə yeni iş yerlərinin sayı bir milyondan artıqdır. İşsizliyin səviyyəsi 5,5 faizdir. Yoxsuluğun azaldılmasına xidmət edən Dövlət Proqramlarının uğurlu icrası əldə olunan nəticədən də aydın görünür. Yoxsulluğun səviyyəsi 8 faizdən aşağıdır. Əhalinin pul gəlirləri təxminən 20 faiz artıb. İqtisadi tərəqqi güclü sosial siyasətin həyata keçirilməsinə stimul verir. Əhalinin sosal müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər davamlılığı ilə diqqət çəkir. Ötən il dövlət başçısı İlham Əliyevin 1 dekabr 2011-ci il tarixli sərəncamı ilə əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə həmin aydan minimum aylıq əməkhaqqının məbləğinin 10 faiz artırılaraq 93,5 manat müəyyən edilməsi də deyilənlərin təsdiqidir.

Ötən il 900 minə yaxın pensiyaçının orta pensiyası təxminən 40 faiz artırıldı. Ünvanlı Sosial Yardım Proqramı 113 min ailəni, 500 mindən çox insanı əhatə edir. Digər sosial proqramlar da uğurla icra edilir. Paytaxt və bölgələrdə yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilib, istifadəyə verilib. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafını təsdiqləyir. Ölkəmizin valyuta ehtiyatları 40 milyard dollardan artıqdır. Son 15 ildə ölkə ictisadiyyatına 97 milyard dollardan artıq vəsait qoyulub. Bu, sözsüz ki, Azərbaycanın bu gününə və gələcəyinə olan inamdan irəli gəlir. Ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır. Ötən il neft-qaz sektorunda əldə olunan uğurlara diqqət yetirməklə qarşıdakı illərdə əldə olunacaq uğurlar barədə aydın təsəvvür yarana bilər. Yeni yataqların aşkarlanması, müxtəlif ölklərlə imzalanan sazişlər, Anlaşma Memorandumları bunu söyləməyə əsas verir. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, ölkəmiz qarşıdakı illərdə regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolunu daha da artıracaq. "Azərbaycanda aşkar edilmiş neft-qaz yataqları bundan sonra da uzun illər, ən azı, 100 il ölkəmizi təmin edəcək, bizim ixrac imkanlarımızı təmin edəcək, etibarlı tərəfdaş kimi Azərbaycan gələcəkdə də öz müsbət rolunu oynayacaqdır."

Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından bəyan edir ki, bəyanatlardan konkret əməli işə keçməklə münaqişənin ədalətli həllinə nail olmaq olar. Prezident İlham Əliyev xalqa təbrikində də bildirir: "Biz bu bəyanatları dəstəkləyirik. Ancaq bəyanatlardan sonra konkret addımlar atılmalıdır. Əfsuslar ki, bu addımlar atılmır."

Azərbaycanın dəyişməz mövqeyini bir daha bəyan edən dövlət başçısı İlham Əliyev bildirir ki, biz bu mövqedən bir addım geri çəkilməyəcəyik. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılması qeyd olunur. Dövlət başçısı bir daha bəyan etdi: "Biz heç vaxt imkan verə bilmərik ki, ikinci dəfə əzəli Azərbaycan torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Bu, bizim prinsipial mövqeyimizdir. Bir daha demək istəyirəm ki, bu mövqe həm tarixə, həm hüquq normalarına, həm də ədalətə əsaslanır."

Azərbaycanın diplomatiya sahəsində uğurları göz qabağındadır. Ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bir daha artan nufuzunu və siyasi çəkisini təsdiqlədi. Azərbaycanın dünyanın 155 ölkəsinin dəstəyini qazanması böyük uğurdur. Artıq ölkəmiz yeni ilin ilk ayından BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi öz səlahiyyətlərinin icrasına başlayıb. Düşünürük ki, bu uğurumuz ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalatli həllinə öz müsbət təsirini göstərəcək.

Müharibə şəraitində olan ölkə üçün diplomatik uğurlarla yanaşı hərbi qüdrətin də artırılması vacib amillərdəndir. Azərbaycanın hərbi büdcəsini artırması işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər tərəfindən daim narahatlıqla qarşılanır. Onlar belə fikir yaratmağa çalışırlar ki, Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Rəsmi Bakı buna cavab olaraq hər zaman bəyan edir ki, hərbi büdcənin artırlması Azərbaycanın suveren hüququdur. Digər tərəfdən ölkəmizdə yalnız hərbi sahəyə deyil, təhsilə, səhiyyəyə, mədəniyyətə və digər istiqamətlərə yönələn vəsaitlər də artırılır. Bu ölkəmizin hərtərəfli inkişafının göstəricisidir. İqtisadiyyatın güzgüsü olan dövlət büdcəmizin 20 milyard dollardan artıq olması böyük uğurdur. Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumilikdə büdcəsinə bərabərdir. İqtisadiyyatı böhran içərisində olan işğalçı dövlətin güclü ordudan danışması gülüncdür. Ötən il Ermənistanda keçirilən hərbi parad bu dövlətin ordusunun hansı imkanlara malik olduğunu, eyni zamanda zansı ölkədən asılılığını nümayiş etdirdi.

Eyni zamanda bu fakt da inkaredilməzdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin 23 ildir uzanması dövlətimizin sulh siyasətinə sadiqliyinin göstəricisidir. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. Ölkəmizin hərbi büdcəsi 3 milyard dollardan artıqdır. Son 8 ildə hərbi sahəyə ayrılan vəsaitin həcmi 25 dəfəyə yaxın artıb. Qeyd edək ki, 2003-cü ildə hərbi büdcəmiz 135 milyon dollar idi.

Azərbaycan Ordusu müasir silah-sursat və hərbi texnika ilə təchiz edilmiş, Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Bu gün Azərbaycanda artıq 600 növ hərbi yönümlü məhsullar istehsal edilir. Bu gün Azərbaycan ordusunun gücü imkan verir ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti nəticəsində yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, müstəqil Azərbaycanımız daha da qüdrətlənəcək, möhkəmlənəcək.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar keçirilən dəyirmi masada Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirmişdir ki, müzakirəyə çıxarılmış mövzunun fövqəl əhəmiyyət kəsb etməsi hamı üçün aydındır.

Təbii ki, hər dövrün öz çağırışları, tələbləri olur. Azərbaycanın öz müstəqilliyinin 20 ili ərzində çox mürəkkəb və eyni zamanda, şərəfli yol keçdiyini vurğulayan akademik R.Mehdiyev ölkəmizin müstəqilliyimizin ilk illərində üzləşdiyi ağır durumu diqqətə çatdırdı. Həmin çətin anda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev düzgün müəyyənləşdirdiyi siyasəti ilə ölkədə sabitliyi, müstəqilliyimizin daimiliyini təmin etdi, Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxardı. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi uğurlarımızın davamlılığına, gələcəyə daha böyük inamla irəliləməyimizə, yeni vəzifələrin müəyyən edilərək, onların həlli istiqamətində əhəmiyyətli addımların atılmasına stimul verir. Yeni dövrün çağırışı olaraq təhsilin, elmin və iqtisadiyyatın birliyinin yaradılmasının vacibliyi bildirilir.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Prezident İlham Əliyevin Sərəncamının əhəmiyyətindən geniş bəhs edən akademik bildirmişdir ki, bu sənəd ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşımızda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarını nəzərə alınması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir, strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır.

Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlı olan dövlətimiz Konsepsiyanın hazırlanmasında da bu meyarlara önəm verməkdə qərarlıdır.

Bütün bunlar onu deməyə əsas verir ki, tərəqqi, inkişaf dövlətimizin siyasətinin əsasını təşkil edir. Prezident İlham Əliyev uğurlarımızı qeyd edərkən bu fikri hər zaman bəyan edir ki, qazanılan uğurlarla kifayətlənməməliyik. Biz hər zaman irəliyə baxmalıyıq.


"İki sahil"in Analitik Qrupu

Digər xəbərlər