Arxada qoyduğumuz 2011-ci il ölkəmiz üçün bir çox mühüm və mühüm olduğu qədər də əhəmiyyətli il kimi tarixə düşdü. Belə ki, Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü xalqımız tərəfindən böyük möhtəşəmlik və fəxarət hissi ilə qeyd olundu. Və belə möhtəşəmliyin ardınca daha bir neçə əsrarəngiz bayram sevincinin yaşanması inkişaf tariximizin salnaməsinə bir qələbə töhfəsi bəxş etdi.
Xalqımız öz dövlət müstəqilliyinin 20 illiyini qeyd etdiyi bir zamanda gənclərimizin Avropanın bir nömrəli musiqi yarışmasında - "Eurovision"da zəfər qazanması, onun ardınca isə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi hər bir vətəndaşın, eyni zamanda, dünyada yaşayan soydaşlarımızın, bütövlükdə isə, 50 milyon azərbaycanlının döyünən tək qəlbini tükənməz fərəh, sonsuz qürur hissi ilə doldurdu. Məhz başlıca olaraq həm ölkəmizdə, həm də beynəlxalq aləmdə dəfələrlə vurğulanır ki, müstəqilliyinin 20-ci ildönümü yaşandığı zaman, yəni yola saldığımız 2011-ci ildə Azərbaycan öz tərəqqi tarixində yeni şanlı səhifəsini açaraq, dünyaya sübut etdi ki, ölkəmizin sürətli inkişafı Prezident İlham Əliyev tərəfindən yürüdülən praqmatik, mütərəqqi və müdrik siyasətin bariz nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istiqamətləndirdiyi bugünkü siyasəti müstəqilliyimizin dönməzliyinə və əbədiləşdirilməsinə, ölkənin milli inkişafına xidmət edən həmin sağlam, möhkəm təməl üzərində qurulub. Əldə olunan uğurları təhlil edərkən bir çox maraqlı məqamlar özünü ehtiva edir. Bu tarixi nailiyyəti şərtləndirən faktorlar barədə danışarkən, ilk növbədə, nəzərə alınmalıdır ki, Azərbaycan sürətlə inkişaf edən, müasirləşən, böyük beynəlxalq nüfuza malik demokratik, dünyəvi ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qısa dövr ərzində mühüm iqtisadi və sosial proqramlar, layihələr həyata keçirildi, əhalinin rifah halının yüksəldilməsi, yoxsulluğun və işsizliyin aradan qaldırılması sahəsində böyük nəticələr əldə olundu. Dünyanın aparıcı iqtisadi, maliyyə və reytinq təşkilatlarının hesabatlarında Azərbaycanın nailiyyətləri yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyi ilə bağlı hesablamalarında Azərbaycan 55-ci yerə layiq görülüb. Bütün MDB məkanında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Azərbaycan liderdir. Həmçinin, 2011-ci ilin son aylarında dünyanın ən nüfuzlu araşdırma və sorğu şirkətlərindən biri olan "Gallup İnternational"ın dünyanın 51 ölkəsində apardığı "Qlobal Ümid və Ümidsizlik Barometri" adlı sorğusuna əsasən Azərbaycan inkişaf etməkdə olan ölkələr qrupu üzrə 51 ölkə içərisində 8-ci yeri tutub. Bu da, o deməkdir ki, ölkə əhalisi gələcəyə ümid bəsləyir, növbəti ildə rifah səviyyəsinin daha da yüksələcəyinə inanır və ölkəmizin 2012-ci ildə inkişafına böyük nikbinliklə baxır. Bütün bu göstəricilər sosial-iqtisadi sahədə Azərbaycanın əldə etdiyi nailiyyətlərin dünya səviyyəsində qəbul olunduğunu təsdiq edir.
Azərbaycan terrorizm, sülhü və təhlükəsizliyi təhdid edən digər hallara qarşı mübarizənin fəal iştirakçısıdır, BMT-nin ideallarına xidmət etdiyini hər addımında sübuta yetirir. Məlum olduğu kimi, BMT-TŞ-yə üzvlük rotasiya qaydasında həyata keçirilmir, səsvermə yolu ilə müəyyənləşir. Azərbaycan indiyədək rotasiya qaydasında müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarda müəyyən proseslərə rəhbərlik etmişdi. Ancaq BMT TŞ-yə üzv olmaq üçün, sözün həqiqi mənasında, mübarizə tələb olunurdu, burada dövlətin həm beynəlxalq əlaqələrinin böyük rolu var idi, həm də onun nüfuzuna, yürütdüyü siyasətə qiymət verilirdi. Azərbaycanın 155 ölkənin səsini qazanması və dünyanın bir sıra nüfuzlu ölkələrini mübarizədən kənarlaşdırması artıq hər şeyi açıq göstərir. Azərbaycanın BMT Təhlükəsizlik Şurası kimi dünyanın ən mötəbər siyasi formatında təmsilçilik hüququ əldə etməsi ölkəmizə böyük etibarın, etimadın əyani göstəricisidir.
Bu il Azərbaycan nümayəndələri Düsseldorfda keçirilən "Eurovision" Mahnı Müsabiqəsinin qalibi oldular. Azərbaycanın Avropanın ən möhtəşəm musiqi müsabiqəsi olan "Eurovision"da qələbəsi bizim gənclərimizin, cəmiyyətimizin, xalqımızın böyük nailiyyətidir. Bu qələbə bir daha Azərbaycanı bütün dünyaya tanıtdı, ölkəmizə olan marağı artırdı. Təsadüfi deyil ki, müsabiqənin nəticələri elan olunduqdan sonra bir neçə gün qlobal şəbəkənin axtarış sistemində ən çox Azərbaycanla bağlı məlumatlara müraciət olunub. Əlbəttə, qələbə ilk növbədə, yarışmada iştirak edən gənclərimizin yüksək istedadı, bacarığı sayəsində mümkün oldu. Eyni zamanda, hazırda cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının inkişaf etdirilməsi və ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Bu ilin aprelində Azərbaycan Prezidentinin Sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq olundu, dekabrın 20-də isə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu təsis edildi. Bütün bunlar Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Buna görə də, tam əsasla demək olar ki, son illər istər idmanda, istər mədəniyyət və incəsənətdə, istərsə də başqa sahələrdə gənclərimizin mühüm nailiyyətlər əldə etməsində həyata keçirilən dövlət siyasətinin böyük rolu vardır.
Məlum olduğu kimi, Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir, son illər sosial-iqtisadi inkişaf baxımından ölkəmiz dünyada liderlər sırasındadır. Lakin o da məlumdur ki, bu gün dünyada böyük dəyişikliklər baş verir, ayrı-ayrı ölkələrdə sabitlik pozulur, münaqişələr ara vermir. Bu baxımdan 2011-ci ilin ictimai-siyasi, sosial-iqtisadi yekunlarını da nəzərə almaqla, Azərbaycanda mövcud vəziyyət tamamilə başqa cür xarakterizə olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf strategiyasının inamla davam etdirilməsi 2011-ci ildə də ölkə iqtisadiyyatının potensial imkanlarını sürətlə yüksəltdi. Nəticədə bu gün Azərbaycanda dayanıqlı, sabit və dinamik inkişaf edən iqtisadi sistem yaranıb. Təkcə 2011-ci ildə deyil, ümumiyyətlə, son 8 ildə Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində, həqiqətən də, inqilabi nəticələr əldə edib. Konkret proqramlar əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycanda müasir dövlət, müasir cəmiyyət formalaşıb. Ölkədə yol, nəqliyyat, kommunal təchizat, elm, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları, qısası, bütün sosial-iqtisadi, mədəni və digər sahələri əhatə edən nəhəng infrastruktur layihələri reallaşdırılıb. Azərbaycanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin edilib. Bu dövr ərzində iqtisadiyyatımız üç dəfə, dövlət büdcəsi 20 dəfə artıb, 50 milyard dollar həcmində valyuta ehtiyatımız formalaşıb. Ölkənin enerji potensialı güclənib, iqtisadiyyatı şaxələndirilib, qeyri-neft sektoru, sənaye sürətlə inkişaf edir. Ölkədə makroiqtisadi sabitlik qorunur, inflyasiya birrəqəmli səviyyədə saxlanılır. 2011-ci ilin 9 ayında inflyasiya 8,4 faiz təşkil edib, əhalinin pul gəlirləri isə 19 faiz artıb. Göründüyü kimi, əhalinin pul gəlirləri inflyasiyanı iki dəfədən çox üstələyir. Ötən 8 ildə minlərlə müəssisə, 2 mindən artıq müasir məktəb, saysız hesabsız səhiyyə ocaqları, olimpiya idman kompleksləri, mədəniyyət obyektləri tikilib istifadəyə verilib. Azərbaycanın şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilib, onların siması müasirləşib. 2011-ci il də daxil olmaqla ötən dövrdə Azərbaycanda əhalinin rifahının yüksəldilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili iqtisadi və sosial siyasətin əsas məqsədlərindən birini təşkil edib. Artıq bir milyona yaxın iş yeri açılıb, işsizliyin səviyyəsi 5,5 faizə, yoxsulluq isə 9 faizə düşüb. Ölkədə 500 mindən artıq adamı əhatə edən Ünvanlı Sosial Yardım Proqramı həyata keçirilir, 112 min ailə hər ay orta hesabla 130 dollara yaxın vəsait alır. 2011-ci il də daxil olmaqla hər il maaşlar, pensiyalar artırılır və bu göstəricilərə görə Azərbaycan MDB məkanında liderlər sırasındadır.
Bu gün Azərbaycan həm də özünü tam təmin edən, güclü müdafiə və təhlükəsizlik sisteminə malik dövlətdir, ona kənardan hər hansı təzyiq göstərmək, təhdid etmək, nəyəsə məcbur etmək mümkün deyil. Ölkəmizdə müasir ordu quruculuğu sahəsində ciddi uğurlar əldə edilib. Bu gün Azərbaycan Ordusunun büdcəsi Ermənistanın büdcəsindən 1,5 dəfə artıqdır, silahlı qüvvələrimiz müasir hərbi sursat və texnika ilə təchiz olunub, respublikamızda 500-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.
Prezident İlham Əliyev dekabrın 27-də "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" Sərəncam imzaladı. Qarşıdan gələn illərdə Milli Fəaliyyət Proqramına uyğun olaraq insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişafının stimullaşdırılması, normativ-hüquqi bazanın və hüquq-müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək. Buna görə də əhali dövlətin yürütdüyü siyasətdən razıdır, Azərbaycan xalqında öz dövlətinə, bu dövlətin daxili və xarici siyasətini formalaşdıran, əldə edilmiş bütün uğurların müəllifi olan Prezident İlham Əliyevə böyük inam var. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında Azərbaycanın milli maraqları, xalqımızın mənafeyi dayanır.
RÖVŞƏN RƏSULOV