Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik ənənəsi əsasında ölkəmiz yeni iqtisadi-siyasi münasibətlər sisteminə uyğun olaraq daha da qüdrətli, dünyəvi dövlətə çevrilib. Dünya ölkələrinin respublikamıza münasibətlərində əsaslı dönüş yaranıb. Ölkəmiz demokratik, sivil dövlətə çevrilib və dinamik sosial-iqtisadi inkişafın əsası qoyulub. Bu gün Ümummilli Liderimizin siyasi kursu, milli inkişaf konsepsiyası Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. İlham Əliyev Prezident kimi fəaliyyət göstərdiyi müddət ərzində ölkəmizdəki sosial-iqtisadi yüksəlişə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr vermişdir. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirmiş, regionda lider dövlətə çevrilmiş, demokratik islahatların ardıcıllığını, dönməzliyini təmin etmişdir. Sosial-iqtisadi, mədəni sahələrdə qazanılan nailiyyətlər, regionların sürətli inkişafı, insanların rifah halının gündən-günə yaxşılaşdırılması, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, ölkəmizin dünyaya inteqrasiyası istiqamətində atılan addımlar uğurlarımızın tərkib hissəsidir.
Özəl xüsusiyyətləri ilə seçilən əhəmiyyətli
Sərəncam
Ölkə iqtisadiyyatının digər sferaları ilə yanaşı, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müdafiə sənayesi sahəsinə də xüsusi diqqət ayıran Prezident İlham Əliyev respublikanın hərbi qüdrətinin möhkəmləndirilməsi, xaricdən asılılığının aradan qaldırılması, ordumuzun təminatında yerli istehsalın genişləndirilməsini təmin etmək məqsədilə 2005-ci ildə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin yaradılmasına dair Sərəncam imzaladı.
Dövlət Müdafiə Sifarişi Proqramı çərçivəsində müdafiə təyinatlı məmulatların istehsalı üzrə cari və perspektiv proqnozların hazırlanması, sosial sahələrin bərpası, inkişaf etdirilməsi kimi vəzifələr həyata keçirildi. Ötən müddət ərzində, demək olar ki, nəzərdə tutulan bütün tədbirlər uğurla tətbiq olunmuşdur.
Bu günədək nazirliyin müəssisələrində xeyli obyekt əsaslı tikinti və yenidənqurmadan sonra istismara verilmişdir. O cümlədən, nazirliyin "İqlim", "Dalğa" elm-istehsalat müəssisələri, "Peyk", "Telemexanika", "Alov", elektron-hesablama maşınları, "Radioquraşdırma", "Araz" zavodlarında əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmış və bu müəssisələr müasir standartlara cavab verən məhsul istehsalı üçün müvafiq texnologiya və avadanlıqlarla təmin edilmişdir. Təcrübə-istehsalat bazasına malik olan elmi-tədqiqat institutu yaradılmışdır. Müəssisələrin əksəriyyətinin açılış mərasimlərində Azərbaycan Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir.
Beynəlxalq aləmdə
mötəbər nüfuz
Həmin müəssisələrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla, hərbi texnikalarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün istehsalat sahələri yaradılmışdır.
Artıq uzun müddətdir ki, xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq sahəsində mühüm işlər görülmüşdür. Belə ki, nazirlik yarandığı zaman yalnız Türkiyə Respublikası ilə əməkdaşlıq edilirdisə, bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş 20-dən çox dövləti və 50-dən çox firma və şirkəti ilə sıx əməkdaşlıq edir. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində aparılan məqsədyönlü işlərin nəticəsidir ki, Azərbaycan dəfələrlə müdafiə təyinatlı məmulatlarla beynəlxalq əhəmiyyətli sərgidə iştirak etmişdir.
Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF-2009) ilk dəfə olaraq MSN-in tabeli müəssisələrində yaradılmış və istehsal olunan 27 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilmişdir. "İstiqlal" tipli snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazlar, özüyeriyən texnikalar xarici ölkə nümayəndələrində xüsusi maraq doğurmuşdur. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan və sərgidə nümayiş etdirilən məmulatların satışı ilə bağlı bir sıra xarici dövlətlərlə mütəmadi danışıqlar aparılır.
Cənubi Afrika Respublikasının "Paramaund Group" şirkəti ilə bağlanmış kontrakta əsasən, "Matador" və "Marauder" tipli zirehli transportyorların birgə istehsalı reallaşdırılmışdır. Eləcə də NATO standartlarına uyğun "Zəfər", "Zəfər-K" və "İnam" tipli müasir tapançaların yaradılması başa çatdırılmış və seriyalı istehsalı gedir.
Analoqu olmayan hərbi parad ölkəmizin hərbi sənayesinin gücünü bir daha göstərir
Əbəs yerə deyil ki, işğalçı Ermənistan dövləti qondarma hərbi parad keçirdikdən sonra bir çox dövlətlər, eləcə də, Ermənistanın hərbi ekspertləri Azərbaycanın hərbi potensialının güclü olmasını etiraf ediblər.
Erməni ekspertlərinin rəyinə görə, Yerevanda parada çıxarılmış hərbi texnika və silah sistemləri iyunun 26-da Bakıda keçirilmiş Azərbaycan Silahlı Qüvvələrinin paradı ilə müqayisədə çox sönük olub.
Ermənistan mətbuatı bu gün də yazır ki, xüsusən, hərbi-hava qüvvələri sahəsində Ermənistan Azərbaycandan çox- çox geridə qalır: "Döyüş təyyarələri baxımından yeniliklər gözə dəymədi. Respublika meydanı üzərindəki səmada yalnız Su-25 təyyarələri, Mi-24 və Mi-8 vertolyotları uçuş keçirdi. Bütün bunlar nəzərə alınsa, regional balans Azərbaycanın xeyirinədir".
Ermənilər etiraf edirlər ki, hazırda Azərbaycan bölgədə müasir qırıcılara malik yeganə ölkə olaraq qalır. Zenit-raket komplekslərinə gəlincə, "Regnum" bu sahədə də Azərbaycanın üstünlüyü ələ aldığını yazır: "Silahların bu növündə də qüvvələr balansı Azərbaycanın xeyirinədir, çünki Azərbaycan Ukraynadan 12 ədəd "Smerç" alıb, bundan başqa, onun "Uraqan" tipli kompleksi də var".
Bütün bu üstünlüklər bir daha onu təsdiq edir ki, respublikanın hərbi qüdrətinin möhkəmləndirilməsi və xaricdən asılılığın aradan qaldırılması məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti daim respublika Prezidenti İlham Əliyevin xüsusi diqqət mərkəzindədir.
RÖVŞƏN NURƏDDİNOĞLU