Bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındadır.Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir. Görülən işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq qurumların hesabatlarında da islahatçı ölkə kimi yerini tutmuşdur. Bu isə, onu deməyə əsas verir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı böyük uğurlara aparan ən doğru yoldur.
Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən dövlət başçısı İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk vaxtlarından başlayaraq, yeni iqtisadi modelin tətbiqini reallaşdırdı. Davamlı, dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri tamamilə liberal bazar münasibətlərinə əsaslanan, sosialyönümlü iqtisadi sistemin və milli iqtisadiyyatın formalaşdırılması, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasından ibarətdir.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi müddət ərzində sosial-iqtisadi sahələrdə nəzərə çarpan uğurlar çoxdur. Dövlət başçısının elmi əsaslarla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmişdir. Paytaxtın və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər ölkəmizin bugünkü uğurlarını şərtləndirmişdir.
Ölkə regionlarının sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və digər dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektoru daha da inkişaf edib, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artıb, sahibkarlıq fəaliyyəti genişlənib. Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər də regionların iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynayır.
Ölkədə yerli və xarici investorların fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılmışdır. Mövcud qanunvericilik çərçivəsində investorların sərmayələri lazımi səviyyədə qorunur. Vergi və gömrük qanunvericiliyi sahəsində etibarlı hüquqi bazanın yaradılması da xarici investorların ölkəmizə cəlb olunması baxımından əhəmiyyətli rol oynayır. Ölkənin enerji sektoru ilə yanaşı, digər sahələr də xarici investorlar üçün cəlbedici olaraq qalır. Potensial investorlar isə Azərbaycanda maliyyə, inşaat (xüsusilə də, iri biznes komplekslərinin yaradılması), kənd təsərrüfatı, alternativ enerji, turizm, informasiya texnologiyaları, qida və s. sektorlara böyük maraq göstərirlər.
Yeri gəlmişkən, 2011-2014-cü illər ərzində ölkədə dövlət investisiya siyasətinin əsas istiqamətini investisiya axınının qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsinin stimullaşdırılması, regionlar arasında investisiyaların bölüşdürülməsinin optimallaşdırılması, ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyi təşkil edəcəkdir.
İnfrastruktur layihələri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.
Azərbaycanda son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər aqrar sahənin dinamik inkişafına-kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, istehsalçıların yüksək reproduksiyası buğda toxumuna, cins damazlıq mal-qaraya olan ehtiyacının ödənilməsinə, habelə, hazır məhsulların, mineral gübrə və texnikanın saxlanması üçün xüsusi anbarın tikilməsinin təmin edilməsinə müsbət təsir göstərmiş, sadalanan işlərin görülməsini sürətləndirmişdir. Dövlət başçımızın 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir. Həmin proqramda nəzərdə tutulan tədbirlərin reallaşdırılması ölkə əhalisinin ərzaq, emal sənayesinin xammal təminatını yaxşılaşdırmağa, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə və heyvandarlıqda etibarlı yem bazasının yaradılmasına xidmət edir.
Əhalinin qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür. Paytaxtı içməli su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir.
Azərbaycan uğurlu daxili və xarici siyasəti ilə bölgədə, eyni zamanda, dünyada demokratik, güclü və qüdrətli ölkə kimi özünü təsdiqləyir. Regionda ölkəmizin iştirakı olmadan hansısa bir iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də buna əyani sübutdur. "Biz təşəbbüsləri gerçəkliyə çeviririk" - deyən Prezident İlham Əliyev reallaşan neft-qaz layihələrinin fonunda Azərbaycanın beynəlxalq aləmdə siyasi və iqtisadi mövqeyinin daha da möhkəmlənəcəyinə, dünyanın enerji təhlükəsizliyinin təminatında rolunun artacağına əminliyini ifadə edir.
RÖVŞƏN NURƏDDİNOĞLU