PDF Oxu

Siyasət

  • 7

Azərbaycan dövləti əhalinin sosial müdafiəsinə böyük diqqət göstərir

Azərbaycan dövləti əhalinin sosial müdafiəsinə böyük diqqət göstərir

Son dövrlər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli, çevik və mükəmməl iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası getdikcə genişlənir və əhalinin rifah halı yaxşılaşır. Bu strategiya ötən dövr ərzində müxtəlif sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına da müsbət təsir göstərmişdir. Bunun nəticəsidir ki, ölkə vətəndaşlarının bütün təbəqələri hər il əlavə sosial qayğılarla əhatə olunur, onların rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin miqyası genişləndirilir.

Dövlət başçısı İlham Əliyev bildirmişdir ki, hökumət həmişə olduğu kimi, sosial məsələlərə xüsusi diqqət yetirir və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtında icra olunur. Dövlətimizin başçısı sosial proqramların icrası ilə bağlı tədbirlərin bundan sonra da davamlı xarakter alacağını demişdir.

Ümumiyyətlə, insanların daha yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hazırda hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətləri vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial-müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud problemlərin aradan qaldırılması sözügedən istiqamətin gücləndirilməsinə yönəldilmişdir.

Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi-rifah halının yaxşılaşdırılması və insanların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Ümumiyyətlə, sosialyönümlü iqtisadiyyat XXI əsrin ikinci onilliyində respublikamızın strateji inkişaf və modernləşdirmə konsepsiyasının əsas təməllərindən olacaqdır. Mütəxəssislərin proqnozlarına görə, qarşıdakı illərdə respublikamızın makroiqtisadi inkişafı daha da sürətlənəcək. Ölkənin maliyyə imkanları yaxşılaşacaq və valyuta gəlirləri əhəmiyyətli dərəcədə artacaqdır. Bu isə nəzərdə tutulan sosial islahatların davamlılığına imkan verəcəkdir.

Ötən il dekabrın 1-də ölkə Prezidenti İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması haqqında imzaladığı Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 10 faiz artırılaraq 93,5 manat müəyyən edilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, zamanın sınağından çıxmış Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasına uyğun olaraq Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin müasir dövrün tələbləri nəzərə alınmaqla təkmilləşdirilməsi nəticəsində makroiqtisadi sabitlik daha da möhkəmlənmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar Azərbaycanda müşahidə olunan iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında respublikamızın mövqelərini daha da möhkəmləndirir. Bütövlükdə, ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində ölkə iqtisadiyyatına 100 milyard dollara yaxın investisiya yönəldilmişdir. Təqdirəlayiq haldır ki, əsas kapitala yönəldilən investisiyaların ümumi həcmində son illər daxili investisiyaların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Son 10 ildə qeyri-neft sektoru 2,8 dəfə artmışdır. Qeyri-neft sahələrinin inkişafına və ölkə iqtisadiyyatının diversifikasiyasına, eləcə də, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yüksəldilməsinə yönəlmiş tədbirlər nəticəsində son 5 ildə ÜDM-də qeyri-neft sektorunun payı 40,7 faizdən 44,4 faizə yüksəlmiş, neft sektorunun payı isə 53,8 faizdən 48,5 faizə qədər azalmışdır.

Ölkədə sosial infrastrukturun yeniləşdirilməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində yalnız 300-ə yaxın təhsil müəssisəsi tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlara təchiz edilmişdir. Eləcə də, fond tərəfindən səhiyyə və mədəniyyət infrastrukturunun yaradılması və bərpası, mədəniyyətimizin təbliği istiqamətində böyük layihələr həyata keçirilmişdir.

Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də qeyd edilir. Dünya İqtisadi Forumu tərəfindən dərc edilən dünya ölkələrinin rəqabət qabiliyyətliyi reytinqini xarakterizə edən "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatlarında Azərbaycan 142 ölkə arasında 55-ci yerə layiq görülmüş və beləliklə də, son 7 hesabat ərzində ölkəmizin mövqeyi 14 pillə yaxşılaşmışdır. Bu göstəriciyə görə artıq son 3 illik hesabatdır ki, ölkəmiz MDB ölkələri arasında 1-ci yerdədir.

Qeyd olunan statistik rəqəmlər bir daha sübut edir ki, Azərbaycan dünya ölkələri arasında lider dövlət statusunu daha da möhkəmlədir və bu amilin ən başlıca faktoru Prezident İlham Əliyevin apardığı məqsədyönlü uğurlu siyasət tendensiyasıdır. Artıq nəinki Azərbaycan xalqı, eləcə də, dünya birliyi bu uğurlu tendensiyanı alqışlayır.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər